“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.03.2013, 16:39
1495

Azərbaycan tarixi günbəgün: 14 mart

A- A+

14 mart 838 - Azərbaycanda ərəb istilasına qarşı 20 il mübarizə aparmış Babək Xürrəmi Samirə şəhərində (indiki İraq ərazisi) xəlifə Mütəsimin sarayında edam edilib.

Babək 795-ci ildə (bəzi məlumatlara görə, 798-ci ildə) Ərdəbil yaxınlığındakı Bilalabad kəndində anadan olub. 816-cı ildən xürrəmilər hərəkatının rəhbəri olub, Xilafətin altı ordusunu məğlub edib. 837-ci ilin yayında xürrəmilərin Bəzz qalası süqut etdikdən sonra Babək erməni əsilli Səhl ibn Sumbatın xəyanəti nəticəsində əsir götürülmüşdü.

 

14 mart 1880 – Məşhur satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov, 1880-1919) Naxçıvanda doğulub. “Molla Nəsrəddin” jurnalının tanınmış yazarlarından olub.

 

14 mart 1937 - IX Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-in üçüncü Konstitusiyası qəbul edilib. Sovet Azərbaycanının ilk Konstitusiyası 1921-ci ildə, ikincisi 1927-ci ildə qəbul olunmuşdu. 1936-cı ilin SSRİ (Stalin) Konstitusiyasının əsasında hazırlanan yeni Əsas Qanunda Azərbaycanın müttəfiq respublika kimi hüquqları daha da məhdudlaşdırılmış, rus dili dövlət dili kimi təsbit olunmuşdu.

 

14 mart 1938 - Xalq yazıçısı Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub. Zəngin yaradıcılığı roman və povestlər, pyeslər, ssenarilər (10-dək film), şeir və tərcümələri əhatə edir, bir neçə filmə quruluş verib. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir, 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

 

14 mart 2008 - BMT Baş Assambleyasının 62-ci sessiyasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə qəbul olunub. 39 səs lehinə, 7 əleyhinə və 100 bitərəf olmaqla qəbul edilən qətnamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilir, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi