“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.03.2013, 16:34
1085

Azərbaycan tarixi günbəgün: 21 mart

A- A+

21 mart 1735 - Səfəvi dövləti ilə Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, rus qoşunlarının Xəzəryanı Azərbaycan torpaqlarından çıxması başa çatıb.

Səfəvilər 1723-cü ildə Osmanlı ilə müharibədə Rusiyanın dəstəyini qazanmaq üçün Dərbənddən Ənzəliyədək Xəzəryanı əraziləri rusların müvəqqəti nəzarətinə vermişdi.

 

21 mart 1747 - Təbrizdə və Ərdəbildə III Sam Mirzənin başçılığı altında Nadir şah əleyhinə üsyan başlanıb. Səfəvi dövlətinin (Abbasilər sülaləsi) faktiki süqutundan sonra İran taxtına sahib olan (1736) Nadir şah Əfşar türk soylu olsa da, onun Azərbaycan torpaqlarını İran dövləti tərkibində birləşdirmək siyasəti yerlərdə etiraz doğururdu. 1738, 1741-1744-cü illərdə Şirvandan Təbrizədək müxtəlif bölgələrində Nadir şah əleyhinə üsyanlar olmuşdu. 1747-ci ilin yayında Nadir şah öldürüldü.

 

21 mart 1864 - Xalq Cümhuriyyətinin qurucularından biri, sovetləşmədən sonra Azərbaycanda səhiyyə sisteminin təşkilatçısı olmuş Məmmədrza Vəkilov (1864-1944) anadan olub.

 

21 mart 1896 – Məşhur aktyor Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə, 1896-20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Teatr tamaşalarlında çoxsaylı obrazlar yaradıb, “Səbuhi” (Şeyx Əli), “Fətəli xan” (Mirzə Nadir) filmlərində çəkilib.

 

21 mart 1906 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov) (1906 - 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. Azərbaycanın ilk Xalq şairidir, Azərbaycan Elmlər Akademiyasının üzvü, Yazıçılar İttifaqının sədri (1941-1948) olub. "Muğan", "Aygün" poemalarının (ümumilikdə 20-dən çox poema), "Vaqif", "Fərhad və Şirin" və s. mənzum dramların müəllifidir. Rus şairi A.S.Puşkinin "Yevgeni Onegin" poemasını, N.Gəncəvinin "Leyli və Məcnun" poemasını (fars dilindən) dilimizə tərcümə edib.

 

21 mart 1920 - Qarabağda və Gəncəbasarda erməni silahlılarının Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Cümhuriyyət hökuməti həmin bölgələrə əlavə qüvvələr göndərib. Paytaxt faktiki müdafiəsiz qalmışdı və bu, XI rus ordusunun Bakıya maneəsiz daxil olmasına imkan verdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi