“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.03.2013, 16:40
1371

Azərbaycan tarixi günbəgün: 10 mart

A- A+

10 mart 1873 - Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə Azərbaycan peşəkar milli teatrının əsası qoyulub.

10 mart 1735 - Səfəvi dövləti və Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Səfəvi ordusunun komandanı Nadir xan və knyaz Qolitsın tərəfindən imzalanan müqaviləyə görə, rus qoşunları Xəzəryanı Azərbaycan torpaqlarını (Bakı, Salyan, Dərbənd) tərk etdilər. Bunun müqabilində Səfəvi dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, Osmanlı ilə müharibədə Rusiyaya yardım etmək barədə öhdəlik götürdü.

 

10 mart 1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Həmin gün Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bir qədər sonra (17 aprel 1873) Axundovun “Hacı Qara” komediyası səhnəyə qoyuldu. 10 mart Azərbaycanda “Milli teatr günü” kimi qeyd olunur.

 

10 mart 1878 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə (30 iyun (yeni təqvimlə 12 iyul) 1812, Şəki - 1878) Tiflisdə vəfat edib. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanın vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.

 

10 mart 1915 - İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, pedaqoq, professor Qəmər Hacağa qızı Almaszadə (1915-7.4.2006) anadan olub.

 

10 mart 1920 – Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. Təşkilat Azərbaycan Xalq cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü ilə yaradılıb. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə martın 10-u Azərbaycanda “Qızıl Aypara günü” kimi qeyd olunur. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1995-ci ildən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvüdür.

 

10 mart 1948 - SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Bununla bağlı SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il dekabrın 23-də qəbul olunmuşdu. Qərara görə, azərbaycanlı kolxozçuların boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. Azərbaycanın rəhbəri Mircəfər Bağırovun Stalinə müraciətindən sonra qərarın sərt şərtləri qismən yumşaldıldı. 100 minə yaxın azərbaycanlının tarixi torpaqlarından deportasiyasını həyata keçirən bu qərarların təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini Anastas Mikoyan idi. 1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi