Azərbaycan tarixi günbəgün: 19 may
19 may 1990 - Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının prezidenti vəzifəsi təsis edilib. Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçilib...
19 may 1907 - Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb. “Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan dərginin redaktoru Ələsgər Əliyev idi. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb.
19 may 1910 - Xalq şairi Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 - 1.4.1981) Göyçayda doğulub. Respublika Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
19 may 1935 - Şair və tərcüməçi Vladimir Əbüləzim oğlu Qafarov (1935 – 19.7.2000) Sabirabad rayonunda anadan olub.
19 may 1990 - Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının prezidenti vəzifəsi təsis edilib. Sessiyada Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçilib. Sov. İKP MK-nın baş katibi M.Qorbaçovun SSRİ prezidenti seçilməsindən sonra müttəfiq respublikaların rəhbərləri də eynilə hərəkət etməyə başlamışdılar.
19 may 1992 - Türkiyə hökuməti Ermənistanın Azərbaycana qarşı artan hərbi təcavüzü ilə bağlı yeni bəyanat verib. Bəyanatda bildirilirdi ki, Şuşa və Laçının işğalı, Ermənistanın Naxçıvan üzərinə hücumlarının genişlənməsi Türkiyəni hadisələrə seyrçi qoya bilməz. Türkiyə 1921-ci il Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını nəzərə çatdırıb.
19 may 2000 - Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanına əsasən, 91 məhbus, o cümlədən 1994 (oktyabr) və 1995-ci il (mart) dövlət çevrilişi cəhdlərinə görə məhkum olunmuş 12 nəfər azadlığa çıxıb.
19 may 2004 - Prezident İlham Əliyev Brüsselə səfəri gedişində Avropa Komissiyasının sədri Romano Prodi, NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşüb, Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını alyans rəhbərliyinə təqdim edib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: