“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.08.2013, 10:28
1445

Azərbaycan tarixi günbəgün: 15 avqust

A- A+

15 avqust 1992 – Azərbaycanda milli valyuta - manat dövriyyəyə buraxılıb. İlk olaraq 1, 10, 250 manatlıq əskinaslar tədavülə buraxıldı...

 

15 avqust 1784 – Görkəmli şair, Azərbaycanın realist və satirik poeziyasının banilərindən biri Qasım bəy Zakir (1784-1857) Şuşada anadan olmuşdur.

 

15 avqust 1867 – Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) аnadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edən Səttarxan təkcə Cənubi Azərbayanda deyil, bütün İranda adı ehtiramla anılan tarixi şəxsiyyətdir. 1914-cü ildə terror nəticəsində qətlə tetirilib. Məşrutə inqilabında oynadığı rola görə Səttarxan İranda şah rejimi devriləndən (1979) sonra “Milli sərdar” adına layiq görülüb.

 

15 avqust 1905 – Rusiyanın Nijni-Novqorod şəhərində Ümumrusiya müsəlmanlarının I qurultayı başlanıb. Azərbaycanlıların da təmsil olunduğu qurultayın məqsədi Rusiya Dumasına nümayəndələrin seçilməsi idi. Qurultayda "Rusiya imperiyasında müsəlmanların vəziyyəti və problemləri" mövzusunda əsas məruzə ilə Əlimərdan bəy Topçubaşov çıxış edib.

 

15 avqust 1929 – Təbiətşünas alim, biologiya elmləri doktoru Roza Qasım qızı Əsgərova Babək rayonunun Qahab kəndində anadan olmuşdur. Çoxcildlik “Azərbaycan faunası”nın (1959-1961), “Azərbaycanın qırmızı kitabı” nın (1989) müəlliflərindəndir.

 

15 avqust 1992 – Azərbaycanda milli valyuta - manat dövriyyəyə buraxılıb. Azərbaycan müstəqilliyini 1991-ci ilin oktyabrın elan etsə də, əksər respublikalar kimi, burada da keçmiş sovet rublu dövriyyədə idi. Azərbaycan Respublikasının milli valyutası – manatın dövriyyəyə buraxılması barədə fərman 1992-ci il iyulun 15-də prezident Əbülfəz Elçibəy tərəfindən imzalanmışdır. 1992-ci ilin avqustun 15-də 1, 10, 250 manatlıq əskinaslar, həmin ilin dekabrında 5 manatlıq, 1993-cü ilin martında 50, 100, 500, 1000 manatlıq pul vahidlərini tədavülə buraxılıb. 1994-cü ilə qədər Azərbaycanda manat dövriyyədə köhnə sovet rublu ilə paralel işləyib. Prezidentin 1993-cü ilin dekabrında imazaldığı  fərmanla 1994-cü ilin yanvarın 1-dən manat dövriyyədə yeganə ödəniş vasitəsi kimi təsdiq olunub. 

 

15 avqust 1994 – Azərbaycan Respublikası ilə Sinqapur (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 2-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi