Fransa Senatı erməni layihəsini qəbul etmədi
“Erməni soyqırımı”nı inkar edənlərə cəza verilməyəcək...
Mayın 4-də Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsi müzakirə olunub.
Senatın müzakirələrində iştirak edən 290 senatorundan 270 qanun layihəsi ilə bağlı səsvermədə iştirak edib. Onlardan 196-sı qanun layihəsinin qəbul edilməsinin əleyhinə, 74-ü isə lehinə səs veriblər. Bununla da qanun layihəsi Fransa Senatından keçmədi.
Bu qanun layihəsi Senatın sosialist qrupunun üzvü olan Serj Laqoş başda olmaqla, müxalifətdəki Sosialist və Kommunist partiyalarının təşəbbüsü ilə qurumun ümumi müzakirəsinə çıxarılıb.
Üç saata yaxın davam edən müzakirələrdə qanun layihəsi ilə bağlı ilk olaraq hesabatla çıxış edən S. Laqoş bu sənədin Senat tərəfindən qəbul edilməsi zəruriliyindən danışıb, senatorları qanun layihəsinə səs verməyə çağırıb. Lakin ondan sonra Fransa Senatının qanunvericilik komitəsi adından məruzə ilə çıxış edən Jan-Jak Hyest Senatın “erməni soyqırımı”nı inkarını cəzalandırmaqla bağlı yeni qanunun qəbul etməsinin bir sıra problemlərə səbəb olacağını söyləyib.
Senator bu qanun layihəsinin Konstitusiyadakı “cinayət və cəzaların qanuniliyi” prinsipinə uyğun gəlmədiyini bildirib: “Belə ki, yəhudi soyqırımından fərqli olaraq “erməni soyqırımı” haqqında hüquqi qüvvəsi olan hər hansı beynəlxalq sənəd və ya qərar yoxdur”. Onun məruzəsində “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsinin Avropa İnsan Haqları Konvensiyasının söz və fikir azadlığı prinsipinə də zidd olacağı əksini tapıb.
Senator Hyest xatırladıb ki, Fransa XİN-in rəyinə əsasən, layihə qəbul olunacağı halda Fransa tarixdə faciələrlə üzləşmiş ölkələr qarşısında çətin vəziyyətdə qalacaq və həmin ölkələr Fransadan bənzər qanun layihələrinin qəbulunu tələb edəcək. Bununla da Jan-Jak Hyest təmsil olunduğu komitə adından Komitənin yekdilliklə bu sənədin Senat tərəfindən qəbul edilməsinə qarşı olduğunu bildirib və senatorları sənədin qəbuluna qarşı çıxmağa çağırıb.
Daha sonra söz alan Fransanın ədliyyə naziri Mişel Mersye senatorlara Fransa hökumətinin bu məsələ ilə əlaqədar mövqeyini açıqlayıb. Nazir də bu qanun layihəsinin Senatda qəbul edilməsinin düzgün olmadığını bildirib, qurumu məsuliyyətli qərar çıxarmağa çağırıb. Müzakirələrdə "erməni soyqırımı" məsələsi fonunda Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinə də toxunulub, Ermənistanın Azərbaycan ərazilərini hələ də işğal altında saxladığı senatorların nəzərinə çatdırılıb.
Müzakirələrdə çıxış edən Senatın mərkəzçi birlik qrupunun üzvü, xanım Natali Qule soyqırımına məruz qaldıqlarını iddia edən ermənilərə özlərinin başqa dövlətin ərazilərini işğal etdiyini və Dağlı Qarabağ münaqişəsi zamanı Azərbaycanın 20% ərazilərini işğal olunmasını, bunun nəticəsində 1 milyona qədər azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından qovulmasını xatırladıb. O, ermənilərin özlərinin Xocalıda qətliam törətdiklərini xatırladaraq, onların necə vəhşicəsinə azərbaycanlı qadın, qoca və körpələri qətlə yetirdiklərini diqqətə çatdırıb, bunun 1915-ci ildə deyil, yaxın 1992-ci ildə baş verdiyini xatırladıb.
Xanım Qule də Senatda təmsil olan mərkəzçi qrup üzvlərinin hamısının qurumun qanunverici Komitəsinin irəli sürdüyü təklifə - sənədin Senatda qəbul edilməməsinə səs verəcəklərini bildirərək, bütün münaqişələr, əsasən də unudulan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll ediləcəyinə ümid bəslədiyini söyləyib.
Senator xanım Fransa prezidenti Nikola Sarkozinin regiona səfər edəcəyini elan etməsinə baxmayaraq, hələ də bu səfəri reallaşdırmadığını bildirib. O bu səfərin münaqişənin həllinə yardımçı ola biləcəyini də söyləyib.
Ümumilikdə müzakirələrdə çıxış edən senatorların əksəriyyəti bu qanun layihəsinin qurum tərəfindən qəbul edilməsinə qarşı çıxıb. Hakim partiyanı təmsil edən senatorlar bunun yalnız Türkiyə ilə deyil, Azərbaycanla da münasibətlərə mənfi təsir göstərəcəyini bildiriblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Fransanın da ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğunu xatırladaraq, belə bir vəziyyətdə bu sənədin Fransa Senatı tərəfindən qəbul edilməsinin məqsədəuyğun olmadığını qeyd ediblər.
Bundan başqa, senatorlar Senatın qanunverici orqanı olaraq, bu məsələnin müzakirəsinin tarixçilərin işi olduğunu bildirərək bu sənədin Senat tərəfindən qəbulunun ölkə Konstitusiyasına zidd olduğunu dəfələrlə vurğulayıblar. Sənədin qəbul olunmasına tərəfdar çıxanlar isə əsasən qurumda təmsil olunan sosialist qrupunun üzvləri olub.
Qanun layihəsinin qurumun gündəliyinə salınması rədd edildiyi üçün sənəd parlamentin Aşağı Palatasına - Milli Assambleyaya geri göndəriləcək.
Xatırladaq kı, bu ilin aprelin 13-də Senatın Konstitusiya komissiyası qanunverici orqanların tarix yazmasına qarşı çıxmışdı və layihənin Fransa Konstitusiyasına, fikir azadlığına zidd olduğunu, qəbul edilərsə, Türkiyə ilə münasibətlərin pozulmasına səbəb ola biləcəyini bildirmişdi.
Qeyd edək ki, Fransa Milli Assambleyasının 2006-cı il oktyabrın 12-də qəbul etdiyi qanun layihəsinə əsasən, “erməni soyqırımı”nı inkar edənlərin 1 il həbsə məhkum edilməsi və 45 min avro həcmində cərimələnməsi nəzərdə tutulur.
Onu da əlavə edək ki, Fransa uydurma “erməni soyqırımı”nı 29 yanvar 2001-ci ildə qəbul etdiyi qanunla rəsmən tanıyıb.
APA