“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.04.2009, 13:19
423

Qarabağ məsələsi çözülməsə, Türkiyə-Ermənistan «yol xəritəsi» kağız üzərində qalacaq

A- A+

Rəcəb Tayyib Ərdoğan: «Bizlər heç zaman Azərbaycandakı qardaşlarımızı çətin vəziyyətdə qoyacaq, onları üzəcək addım atmarıq»

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqların cari yekunu olaraq ortaya çıxan «yol xəritəsi» adlı niyyət anlaşması ətrafında qızğın diskussiyalar davam etməkdədir. Bu anlaşmanın təkcə Türkiyə-Ermənistan münasibətlərinə deyil, ümumilikdə regionda sülh və sabitliyə zəmin olacağına dair nikbin bəyanatlardan bunun əksini iddia edən çıxışlaradək ən müxtəlif fikirlər səslənir. 

Eyni zamanda, bu fikir bolluğunda bir məqam istisnasız qeyd olunmaqdadır: regionun ən başlıca problemi Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. Bu kilid problem çözülmədən nə bölgədə sülhdən, nə də real olaraq Türkiyə-Ermənistan yaxınlaşmasından danışmaq mümkündür. Çünki hətta hipotetik olaraq Türkiyə bu gerçəkliyi (Qarabağ) tam gözardı edərək Ermənistanla işbirliyinə getsə belə, o zaman Azərbaycanı itirəcək ki, bu da regionda indikidən daha qəliz vəziyyətin yaranması, Türkiyənin region üzrə siyasətinin isə tam iflası ilə nəticələnəcək.

Təbii ki, bunu Ankarada da gözəl bilirlər və son iki gündə Türkiyə rəsmilərinin «yol xəritəsi» ilə bağlı açıqlamaları da buna dəlalət edir.

 «Yol xəritəsi»ndə nələr var?

Yayılan xəbərlərdən belə məlum olur ki, Türkiyə və Ermənistan diplomatlarının 2008-ci ilin yazından (bəzi məlumatlara görə, 2007-ci ildən) İsveçrədə apardıqları danışıqların ilkin nəticəsi olan «yol xəritəsi» anlaşmasının mətni hələ bir ay öncə razılaşdırılıb. Onun nə vaxt və necə açıqlanması tərəflər arasında xeyli müzakirə olunub. Nəhayət, Türkiyə XİN rəhbəri Əli Babacanın aprelin 16-da Yerevanda (Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında) Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə anlaşma barədə bəyanatın 22 apreldə açıqlanması razılaşdırılıb. Bu baxımdan bəyanatın ermənilər üçün kritik nöqtə olan 24 aprel (qondarma «soyqırımı»nın ildönümü) ərəfəsində açıqlanması Ankaranın nisbi diplomatik uğurudur.

«Yol xəritəsi» anlaşması ilə bağlı həm Türkiyədə, həm də Ermənistanda yetərincə mənfi çıxışlar səslənməkdədir. Ermənistanda hökumət ortağı olan «Daşnaksütyun» partiyası, habelə xaricdəki (özəlliklə Fransadakı) erməni diasporu Sarkisyan iqtidarının «24 aprel öncəsi sürprizi»ni sərt tənqid edir. Eyni zamanda, həm Ankarada, həm də Yerevanda «yol xəritəsi»nin müddəaları fərqli şərh edilir.

Qeyd edək ki, dünən Türkiyə mediasında «yol xəritəsi»nin məzmununa dair xəbərlər yer alıb. Xəbərlərə görə, anlaşma mətnində 5 maddə (bəzi qəzetlərə görə, 3 əsas və 2 alt başlıq) yer alıb. Bunlar aşağıdakılardır:

1) Ermənistanın 1921-ci ilin Qars müqaviləsini, yəni Türkiyənin ərazi bütövlüyünü tanıması. Türkiyə ilə Cənubi Qafqazın üç sovet respublikası arasında imzalanmış Qars müqaviləsi həmin ilin 1921-ci ilin martında Türkiyə ilə bolşevik Rusiyası arasında bağlanmış Moskva müqaviləsinin davamı idi. Sənəd Türkiyənin üç Cənubi Qafqaz ölkəsi ilə sərhədlərini müəyyənləşdirirdi. Müqavilənin mühüm məqamlarından biri Naxçıvanın Azərbaycan ərazisi kimi təsbit olunması idi. Ermənistan indiyədək Qars müqaviləsini rəsmən tanımaqdan imtina edib.

2) Türkiyə ilə Ermənistan arasında ikitərəfli hökumət komissiyasının və onun altqurumu kimi «soyqırımı» məsələsini araşdıracaq tarixçilərdən ibarət birgə komissiyanın yaradılması, bu komissiyaya üçüncü ölkələrdən alimlərin qatılması;

3) İki ölkə arasında sərhədlərin açılması, ticarətin başlaması üçün müvafiq anlaşmaların imzalanması;

4) İki ölkənin Gürcüstandakı səfirlərini qarşılıqlı olaraq Ankara və Yerevana akkreditə edərək diplomatik əlaqələr qurması;

5) “Yol xəritəsi”ndə qanunverici orqanın təsdiqi tələb olunan məsələlərin hər iki ölkədə parlamentin müzakirəsinə çıxarılması.

Sənəddə Dağlıq Qarabağ məsələsi yer almasa da, əslində bu problem real olaraq sözügedən bəndlərin hər birinin arxasında vardır. Çünki, yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin çözülməsində real irələyiş əldə olunmadan, Türkiyə-Ermənistan «yol xəritəsi»nin praktik olaraq irəliləməsi, mümkünsüzdür.

Xatırladaq ki, baş nazir Ərdoğan iki həftə öncə (10 aprel) verdiyi açıqlamada Ermənistanla münasibətlərə dair ön çalışmaların, texniki hazırlıq işlərinin aparılacağını, yekun qərarın isə Qarabağ probleminin həllinə bağlı olaraq veriləcəyini bidirmişdi. Türkiyə baş naziri bu fikri dünən bir daha nəzərə çatdırıb.

«Ermənistanla hər hansı sənəd imzalanmayıb. Ortada sadəcə, paraflanmış mətn var», - deyə Ərdoğan bildirib. Ərdoğanın sözlərinə görə, bu anlaşma haqında əsassız hay-küy qaldırılmasına gərək yoxdur: «Təəssüf ki, bizim içimizdə bəziləri hay-küy qaldırır. Yəni Türkiyədəki bəzi vətəndaşlarım öz baş nazirinə inanmırsa, başqa yerdən verilən açıqlamalara inanırsa, mən nə edim? Bəzi şeyləri çox konkret söyləyirik, hər şey ortadadır. Bizlər heç zaman Azərbaycandakı qardaşlarımızı çətin vəziyyətdə qoyacaq, onları üzəcək addım atmarıq».

Türkiyə baş naziri həmçinin yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini də bildirib. Türkiyə mediasının məlumatına görə, Ərdoğanın Bakıya səfəri aprelin 27-də reallaşa bilər. 

Qeyd edək ki, Türkiyə-Ermənistan «yol xəritəsi» anlaşması aprelin 22-də axşam Türkiyə və Azərbaycan prezidentlərinini telefon söhbətində də müzakirə olunub. Türkiyə prezidentinin mətbuat xidmətinin məlumatına görə, prezident Abdulla Gül Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və Qafqaz bölgəsində proseslərlə bağlı prezident İlham Əliyevi məlumatlandırıb: «Telefon danışığında iki qardaş ölkə arasındakı tarixi bağlılıq, etimadlılıq və yaxın işbirliyinin davam etməsinin əhəmiyyəti vurğulanıb, bunun bölgənin inkişafına və rifahına da müsbət təsir edəcəyi bildirilib».

Yeri gəlmişkən, Türkiyə tərəfi telefon danışığı barədə aprelin 23-də məlumat yaydığı halda, Azərbaycan tərəfi bu barədə aprelin 24-ü günün ikinci yarısında rəsmi məlumat yayıb. Məlumatda qeyd olunur ki, prezident İlham Əliyev Türkiyə-Ermənistan dialoqu ilə bağlı Azərbaycan dövlətinin mövqeyini Türkiyə rəhbərinə çatdırıb.

Bu arada Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov rəsmi Ankaranın Azərbaycana Dağlıq Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədləri açmayacağına dair təminat verdiyini bildirib. Ankarada 23 aprel - Milli suverenlik və uşaq bayramı ilə bağlı ziyafətdə jurnalistlərə açıqlama verən səfir həm prezident Gülün, həm baş nazir Ərdoğanın buna təminat verdiyini deyib.

Sarkisyan özünü naza qoyur: «Sərhəd açılmasa, Türkiyəyə getməyəcəyəm»

Türkiyə-Ermənistan «yol xəritəsi» ilə bağlı beynəlxalq dairələrdən, özəlliklə bu prosesi başından təşviq edən ABŞ və Avropa Birliyindən dəstək bəyanatları da gəlməkdə davam edir. ABŞ-ın vitse-prezidenti Cozef Bayden aprelin 23-də Ermənistan prezidentinə zəng edərək Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışladığını bildirib. Vitse-prezident ABŞ-ın bu prosesdə Ermənistan və Türkiyəyə hər cür dəstək verəcəyini bəyan edib.

Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məqsədilə danışıqların çərçivəsinin müəyyənləşdirilməsini alqışlayaraq bunu «Avropa üçün çox yaxşı xəbər» adlandırıb: “Mən hər iki tərəfi razılaşdırılmış “yol xəritəsi” üzrə irəliləməyə və yaxın vaxtlarda münasibətləri normallaşdırmağa çağırıram”. AB-nin Yaxın Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner və genişlənmə məsələləri üzrə komissar Olli Rehn də bənzər bəyanatla çıxış ediblər.

Ermənistan rəhbəri isə, görünür, bu alqış bəyanatları fonunda özünü çox arxayın hiss edir. Aprelin 23-də Rusiyaya səfəri gedişində “Russia Today” telekanalına müsahibəsində prezident Sarkisyan Türkiyəyə yönəlik şantaj bəyanatından da çəkinməyib. Onun sözlərinə görə, Türkiyə tərəfi «yol xəritəsi»ndə real addım atmasa və sərhədlərin açılması gerçəkləşməsə, o, oktyabrda Türkiyə futbol səfərinə getməyəcək: “Türkiyə prezidenti məni Ermənistanla Türkiyə milli futbol komandaları arasındakı cavab qarşılaşmasına tamaşa etməyə dəvət edib. Mən bu dəvəti məmnuniyyətlə qəbul edib Türkiyəyə gedəcəyəm - bir şərtlə ki, iki ölkə arasındakı sərhədlər ya açılsın, ya da açılmaq ərəfəsində olsun”.

Sarkisyan həmçinin «yol xəritəsi» anlaşmasından sonra Türkiyə baş nazirinin yenidən Qarabağ məsələsini önə çəkməsini tənqid edib. Onun sözlərinə görə, Ərdoğanın bəyanatları «yol xəritəsi» anlaşmasının çərçivəsinə uyğun deyil. Sarkisyan Azərbaycanda Türkiyə-Ermənistan yaxınlaşmasına qarşı etirazları da şərh edib: “Türkiyənin Azərbaycanın mümkün reaksiyasını hesabladığından əminəm. Türkiyədə kiminsə Azərbaycanın bu prosesi alqışlayacağını gözlədiyinə inanmıram». Sarkisyan onu da bəyan edib ki, sərhədin açılması və Türkiyə ilə əlaqələrin normallaşması «Ermənistanın Qarabağla bağlı mövqeyini dəyişə bilməz».

Vüqar Orxan, «525-ci qəzet”, 25.04.2009.

Xəbərlər
Redaktorun seçimi