“Belçika Azərbaycan Evi” Ermənistanı məhkəməyə verir
Diaspor təşkilatı bununla bağlı Avropada imza kampaniyası başladıb
“Belçika Azərbaycan Evi”, “Limburq Azərbaycan Evi” və “Turne Azərbaycan Evi” diaspor təşkilatları fevralın 26-da Avropa Birliyinin paytaxtı Brüsselin mərkəzi meydanlarından olan “Place du Schuman”da birgə tədbir düzənləyiblər.
“Xocalı çadırı”ı quran təşkilatçılar ermənilərin 1992-ci ildə bu şəhərdə törətdikləri soyqırımı anıblar. Çadırda soyqırımı əks etdirən fotoşəkillər sərgilənib.
Belçika Azərbaycan Evinin rəhbəri Bülen Gürcam tədbirlə bağlı deyib: “Xocalı soyqırımının 17-ci ildönümündə bu insanlıq ayıbına diqqət çəkmək istədik. Avropalılar və bütün dünya bu vəhşiliyə səssizdir. Bu səssiz kəsimi məlumatlandırmaq üçün səylərimizi davam etdirəcəyik. “Erməni soyqırımı” deyənlər öncə arxivlərini açmalıdırlar. Gerçəklər ortaya çıxmalıdır. Ermənilər bütün vəhşiliklərdə özlərini günahsız göstərməyi bacarıblar. Onların həqarət və suçlamaları hələ də davam edir. Türkiyədə isə bir qisim üzr kampaniyalarındadır. Bəs Xocalıda qətl edilənlər üçün kimlər üzr istəyəcək?”
Bülənt Gürcam Avropada bir imza kampaniyası başlatdıqlarını və Ermənistanı Brüsseldə məhkəməyə verəcəklərini deyib.
“Belçika Azərbaycan Evi” bir diaspor təşkilatı olaraq 2000-ci ildə Belçikanın paytaxtı Brüsseldə yaradılıb. Təşkilatın yaradıcısı və rəhbəri əslən qərbi azərbaycanli, Türkiyənin İqdır vilayətində doğulan Bülənt Gürçamdır.
«Media forum», 27.02.2009.