“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.06.2011, 17:14
452

“Mən - Aqşin Kazımzadə…”

A- A+

Azərbaycan jurnalistikasının son 55 illik tarixində onun imzasının öz yeri var...

Qəbri nurla dolsun!.. Aqşin müəllimin gözlənilməz vəfatı bizi - onu uzun illərdən bəri tanıyan həmkarlarını hədsiz dərəcədə mütəəssir etdi. Bu kədərli xəbəri ölkənin kütləvi informasiya vasitələri iyunun 10-da gecə yaydılar.  

Həmin anlarda dostlarla səhər Mərkəzi Klinik Xəstəxanaya gedib, ona baş çəkmək barədə vədələşirdik…Bilirdik ki, qəlbən sevdiyi Azərbaycan futbolunun bir həftə əvvəl keçirilmiş 100 illik yubiley tədbirlərində iştirak edəndən az sonra səhhəti pisləşib və həkim müayinəsi nəticəsində ürəyində cərrahiyyə əməliyyatının aparılması zəruri sayılıb. Bu əməliyyatın uğurla baş çatdığını, Aqşin müəllimin artıq palataya köçürüldüyünü eşitmişdik…

Ancaq səhhətindəki problem təkcə ürəyi ilə bağlı deyilmiş və həkimlər daha bir cərrahiyyə əməliyyat aparmaq məcburiyyətində qalıblar. Ancaq görkəmli jurnalistin həyatını xilas edə bilməyiblər… Bunu da ertəsi gün əziz ustadımızın dəfn mərasimində onun yaxınlarından öyrəndik.

Mərasimdə Aqşin Kazımzadənin şəxsiyyətinə və yaradıcılığına böyük hörmət və ehtiram bəsləyən insanlar - jurnalist dostları və həmkarları, ictimai qurumların və idman təşkilatlarının nümayəndələri, həmçinin, «Azərenerji»nin və «Azenko»nun əməkdaşları iştirak edirdilər.

Aqşin müəllim köhnə Yasamal qəbiristanlığında, öz doğmalarının - atası, Azərbaycanda elektroenergetika elminin görkəmli nümayəndələrindən olmuş professor Zəki Kazımzadənin və anasının yanında dəfn edildi. Bura onun 74 illik coşğun və maraqlı ömrünün son mənzili oldu…

Azərbaycan jurnalistikasının son 55 illik tarixində Aqşin Kazımzadə imzasının öz yeri, öz sanbalı var. Bu imza təkcə respublikamızda məşhur deyildi, həm də onun hüdudlarından kənarda, demək olar ki, dünya miqyasında tanınırdı.

Elektroenergetika ixtisası üzrə ali təhsil aldığı dövrdə, valideynlərinin istəyinə rəğmən, taleyini jurnalistika ilə bağlamağı qərara alan bu çılğın və inadkar gənc qısa müddətdə öz yaradıcılıq istedadını göstərə bilmiş və o vaxtlar keçmiş SSRİ-nin ən böyük, ən nüfuzlu qəzetlərindən olan «Sovetski sport»un müxbiri kimi məsul bir vəzifəyə təyin edilmişdi… Sonralar uzun illər Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatında mühüm rol oynayan «İdman» - «Sport» qəzetlərində redaktor müavini, redaktor işləyərkən o, öz fitri istedadı ilə bu mövzuda yazan jurnalistlər arasında əsl ustad mövqeyinə çıxmağa nail olmuşdu.

Aqşin müəllim «Vışka», «Bakinski raboçi», «Panorama» və s. kimi bir sıra ictimai-siyasi qəzetlərdə də redaktorluq fəaliyyəti göstərsə də, qəlbi və qələmi daha çox idmana bağlı idi. Özü də o, redaktor kimi redaksiyanın işini təşkil etməklə, əməkdaşların yazılarını düzəldib abıra salmaqla, çoxsaylı mədəni-kütləvi tədbirlərin iştirakçısı olmaqla yanaşı, həm də hər gün ən aktual mövzularda maraqlı və oxunaqlı məqalələr, esselər, reportajlar, oçerklər yazmağa vaxt tapırdı. Bu yazıların hər birində canlı tarix, bu tarixi yaradan insanların bitkin obrazı diqqəti cəlb edirdi.

Ömrün axırınadək sadiq qaldığı mexaniki yazı makinasının düymələrini sürətlə döyəcləyərək, ağ kağız üzərində öz intəhasız təxəyyülündən süzülən fikirləri elə ustalıqla bir-birinə bağlayırdı ki, bunları oxuyan hər kəsin gözü önündə baş vermiş hadisənin aydın mənzərəsi canlanırdı. O, sözün rənglərini dəqiq seçir, yazıda onların ahəngdarlığına tam nail olurdu. Yazı dili rusca olsa da, hər sətirdə, hər cümlədə özünün doğma azərbaycancasından qaynaqlanan şirinliyi, istiliyi, dinamikanı böyük istedadla nümayiş etdirirdi.

Onunla birgə işləyənlər çox yaxşı bilirlər: Aqşin müəllim ünsiyyətdə nə qədər səmimi idisə, yaradıcılıq məsələlərində də bir o qədər prinsipiallıq göstərirdi… Əlbəttə, bütün istedadlı insanlar kimi, yaxşını-pisdən tez ayırmağı, hər birinə də layiq olduğu qiyməti verməyi bacarırdı.

Biz onu təkcə xasiyyətcə deyil, həm də fiziki baxımdan möhkəm adam kimi tanıyırdıq. Cavan yaşında infarkt keçirməsinə, səhhətində digər narahatlıqlar olmasına baxmayaraq, heç vaxt bədbinliyə qapılmazdı. Onun həyat eşqi, mənəvi gümrahlığı ətrafındakılara da sirayət edirdi. Bu gün Aqşin müəllimin itkisindən doğan ağrı-acını yaşadığımız anlarda da, o cür möhkəm bir insanın niyə belə gözlənilmədən həyatla vidalaşdığını qəbul etməyə çətinlik çəkirik.

Telefonla zəng etdiyi hər kəsə ilk sözü kimi yaddaşımıza həkk olunmuş «Mən Aqşin Kazımzadəyəm» sözlərini indən belə eşitməsək də, əziz və nurlu xatirəsini qəlbimizdə əbədiyyən yaşadacağıq!

Allah rəhmət eləsin.

 

 

Xəbərlər
Redaktorun seçimi