“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.07.2010, 19:07
515

Kosovo haqqında qərar Dağlıq Qarabağ üçün presedent ola bilərmi?

A- A+

Bernar Fasie: “Dağlıq Qarabağı heç bir ölkə, o cümlədən Ermənistan da tanımayıb”

İyulun 22-də Beynəlxalq Ədalət Məhkəməsi 2008-ci ildə Kosovonun müstəqilliyinin elan edilməsinin beynəlxalq hüquqa zidd olmadığı barədə qərar çıxarıb.

Beynəlxalq birliyin Kosovo xalqının maraqlarını müdafiə etməsi faktı həm də Dağlıq Qarabağ və yeddi ətraf rayondan olan bir milyona yaxın qaçqının öz yurdlarına qayıtmasının vacibliyini ortaya qoyur. Bu barədə Avropa Azərbaycan Cəmiyyəti məlumat yayıb.

Dağlıq Qarabağla Kosovo arasında paralel yoxdur. Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan qüvvələrinin təcavüzünə məruz qalıb və bu torpaqlar hələ də işğal altındadır. Bu fakt məcburi köçkünlərin və qaçqınların evə qayıtmasını əngəlləyir. Kosovodan fərqli olaraq, heç bir ölkə Dağlıq Qarabağı tanımayıb. Buna görə də Kosovo məsələsi presedent ola bilməz.

Bu məqamı ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie NATO Parlament Assambleyasının bu yaxınlarda Yerevanda keçirilmiş “Rose Roth” seminarındakı çıxışında da vurğulayıb:

“Ermənilər hesab edirlər ki, Kosovo presedenti Dağlıq Qarabağda tətbiq oluna bilər. Amma bu mümkün deyil – Dağlıq Qarabağı heç bir ölkə, o cümlədən Ermənistan da tanımayıb”. B. Fasie münaqişələr arasında fərqləri izah edir: “Kosovo ölkədaxili münaqişədir, Dağlıq Qarabağ münaqişəsi isə iki ölkə - Ermənistan və Azərbaycan arasındadır. Kosovoda uzun illər beynəlxalq qüvvələr olub, Dağlıq Qarabağda isə hələ beynəlxalq qüvvələr yerləşdirilməyib”.

Ermənistanın indiki prezidenti Serj Sarkisyan və keçmiş prezidenti Robert Köçəryan Dağlıq Qarabağda anadan olublar. S. Sarkisyan müharibə vaxtı 1993-cü ildə Ermənistanın müdafiə naziri təyin olunub və Dağlıq Qarabağdakı hərbi əməliyyatlar üçün məsuliyyət daşıyıb. Bu əməliyyatlar zamanı Xocalıda baş verən qətliamda 613 dinc azərbaycanlı öldürülüb.

Ermənistan tərəfindən başlanan təcavüzkar hərbi kampaniya Dağlıq Qarabağın və yeddi ətraf rayonun işğalı ilə nəticələnib. Azərbaycan ərazisinin təxminən 20 faizi 16 ildir ki, işğal altındadır. Kosovoda albanlara qarşı etnik təmizləmə aparılanda beynəlxalq birlik müdaxilə etdi, amma azərbaycanlılar Dağlıq Qarabağda erməni hərbçilərinin etnik təmizləmə siyasətinin qurbanı olanda dünya birliyi laqeydlik və biganəlik nümayiş etdirdi. Bu əməliyyatlar bir milyon azərbaycanlının məcburi köçkünə çevrilməsi ilə nəticələndi, onlar hələ də evlərinə qayıda bilmirlər. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884 saylı) Ermənistanı qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmağa çağırır. Ermənistan hələ də bu qətnamələrə məhəl qoymur.

Beynəlxalq birlik Kosovoda serblərin albanlara qarşı etnik təmizləmə siyasətinə biganə qalmadığı kimi, Dağlıq Qarabağdakı vəziyyətə münasibətində də laqeydliyə son qoymalıdır. Ermənistana təzyiq göstərilməlidir ki, qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarsın və bir milyona yaxın məcburi köçkünün evə qayıtmasına imkan yaratsın. Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və işğalçılıq siyasəti bütün dünya tərəfindən ittiham olunmalı və münaqişə dərhal beynəlxalq hüquq normaları əsasında həll edilməlidir.

Xəbərlər
Redaktorun seçimi