“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.07.2014, 08:56
1820

Azərbaycan qədim Roma tarixinin öyrənilməsinə yardım edəcək

A- A+

Prezident İlham Əliyevin İtaliyaay rəsmi səfəri gedişində mədəniyyət sahəsində əməkdaşlığa dair iki sənəd imzalanıb...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-dən 15-dək İtaliya Respublikasında rəsmi səfərdə olub. İyulun 13-də Prezident İlham Əliyev Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. 


Abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. 

İyulun 14-də Prezident İlham Əliyev Romadakı “Altare dell Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət edib. Həmin gün Romada Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd olunub, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyi bildirilib. Prezident İlham Əliyevin İtaliyanın Baş naziri Matteo Renzi ilə görüşündə də ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından söz açılıb. Görüşdən sonra Azərbaycan-İtaliya sənədləri imzalanıb. 

Əvvəlcə Prezident İlham Əliyev və Baş nazir Matteo Renzi tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul olunub.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyinin dövlət katibi Françeska Barraççiu “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. İki ölkə arasında dəniz nəqliyyatı haqqında sazişi Azərbaycanın energetika naziri Natiq Əliyev və İtaliyanın infrastruktur, nəqliyyat və telekommunikasiyalar naziri Maurizio Lupi, iqtisadi əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda, idman əməkdaşlığına dair anlaşma memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya Nazirlər Kabinetinin dövlət katibi Qratsiano Delrio imzalayıblar.

“Mercati di Traiano” - açıq havada dünya tarixi muzeyi  

İyulun 14-də Prezident İlham Əliyev Romanın “Mercati di Traiano” muzeyində olub, burada şəhərin meri İqnatsio Marino ilə görüşüb. Dövlət başçısına “Mercati di Traiano” muzeyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, nadir eksponatların qorunduğu muzey qədim Roma tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Muzeyin yerləşdiyi ərazidə müxtəlif vaxtlarda aparılan arxeoloji qazıntılar nadir memarlıq nümunələrini üzə çıxarıb. Digər tərəfdən, bu qazıntılar qədim dövr tarixinin müxtəlif mərhələlərinin tədqiqinə geniş imkanlar açıb. Ona görə də “Mercati di Traiano” muzeyinin ümumbəşəri dəyəri getdikcə daha da artır. 

Daha sonra keçirilən görüşdə Roma şəhərinin meri İqnatsio Marino Azərbaycanla İtaliya arasında çoxşaxəli əlaqələrin genişləndiyini, ölkəmizlə mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. Mədəni əlaqələrin ölkələrimizin və xalqlarımızın bir-birini daha yaxından tanıması üçün yaxşı imkan yaratdığını deyən mer Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətini vurğulayıb. Fondun “Mercati di Traiano” muzeyinin ərazisində arxeoloji qazıntı işlərinin aparılmasında xidmətlərini yüksək qiymətləndirən mer buna görə təşəkkürünü çatdırıb. 

Prezident İlham Əliyev bu memarlıq və mədəniyyət mirasının təkcə Romaya deyil, bütün bəşəriyyətə aid olduğunu qeyd edərək arxeoloji qazıntı işlərində Azərbaycanın da iştirak etməsindən fərəh hissi keçirdiyini bildirib. “Düşünürəm ki, bu, bizim ikitərəfli əlaqələrimizin vacib elementidir”, - deyən dövlət başçısı mədəniyyət sahəsində əlaqələrin inkişafının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev İtaliya tarixinin və mədəniyyətinin Azərbaycanda yaxşı tanındığını, ölkəmizin mədəniyyətinin də İtaliyada təbliğinin mühüm önəm kəsb etdiyini vurğulayıb. 

Görüşdən sonra Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. 

Sonra dövlət başçısı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında sazişin imzalanması mərasimində iştirak edib. Sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Roma meri İqnatsio Marino imzalayıblar. Saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur. 

İqnatsio Marino Roma şəhərinin rəmzi olan xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib. 

Mərasim başa çatdıqdan sonra dövlətimizin başçısı və Roma şəhərinin meri arxeoloji qazıntı işlərinin aparılacağı ərazini, həmçinin Roma şəhərinin mənzərəsini seyr ediblər.

“Mədəniyyət ölkələri, insanları birləşdirir”

Sonda Prezident İlham Əliyev İtaliya jurnalistlərinə müsahibə verib. Səfərdən məmnunluğunu bildirən dövlət başçısı İtaliya-Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini deyib: “Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Bu gün imzalanan saziş o deməkdir ki, biz yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi, iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir. Bu gün ölkələrimiz arasında mədəniyyətlərarası münasibətlər, insanlar arasında təmaslar, bir-birimizin tarixinə göstərdiyimiz qarşılıqlı maraq bu tərəfdaşlığı gücləndirir. Ona görə də biz bu gün ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışa bilərik, çünki o, həyatın bir çox sahələrini əhatə edir”.
Azərbaycan tərəfindən göstərilən yardıma görə Prezident İlham Əliyevə minnətdarlıq edən İqnatsio Marino “Bu yardım sayəsində biz Aleksandria küçəsində arxeoloji qazıntı işlərini aparacağıq. Söz veririk ki, cənab Prezidentin İtaliyaya növbəti səfəri zamanı biz gördüyümüz işlərin nəticələrini nümayiş etdirəcəyik”, - deyə bildirib.
Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edən İqnatsio Marino Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında imzalanmış mühüm sazişin ölkələrimizin mədəniyyət sahəsində əlaqələrinin inkişafından xəbər verdiyini deyib: “Biz buna böyük əhəmiyyət veririk. Əminəm ki, bu sənəd əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsinə töhfəsini verəcək”.

 

Xəbərlər
Redaktorun seçimi