Qarabağ problemi Moskvada müzakirə edilib
“Ermənistanın mövqeyi aydınlaşsa, sülh sazişi üzrə işə başlamaq olar”
MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 26-da Rusiya və Ukraynadan olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.
E. Məmmədyarov APA-nın Moskva müxbirinə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyətin müzakirə olunduğunu deyib:
“Biz razılaşdıq ki, tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində işi davam etdirmək lazımdır. Həmsədrlər gələn həftənin əvvəlində bu məqsədlə Ermənistana səfər edəcək. Həmsədrlər yenilənmiş Madrid prinsipləri əsasında təkliflərini irəli sürüblər. Azərbaycan ümumən bu təklifləri qəbul edib.
Ermənistan tərəfi isə bəzi bəyanatlarında bu təklifləri qəbul etdiyini, bəzi bəyanatlarında isə təkliflərlə razılaşmadığını bildirir. Ermənistanın yekun mövqeyi aydınlaşarsa, bu, böyük sülh sazişi üzərində işə başlamağa imkan verəcək”.
“Ermənistan əvvəlcə təkliflərlə razılaşıb, sonra hansısa səbəblərlə mövqeyini dəyişərsə, bu, danışıqlar prosesinin kəsilməsinə gətirib çıxara bilərmi” sualını cavablandıran Azərbaycan xarici siyasət idarəsinin rəhbəri belə bir təhlükənin hər zaman mövcud olduğunu vurğulayıb.
Nazir Məmmədyarov Moskvada erməni həmkarı ilə görüşünün planlaşdırılmadığını söyləyib.
* * *
Rusiya və Ermənistan xarici işlər nazirləri “Madrid prinsipləri”ni müzakirə ediblər
Martın 25-də Moskvada Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, görüş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi yığıncağı çərçivəsində baş tutub.
Ermənistan XİN-in mətbuat xidmətindən bildirilib ki, nazirlər Sergey Lavrov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ görmədiklərini vurğulayıblar. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həllini ətraflı müzakirə ediblər.
* * *
► Mövzuya dair:
Ermənistan Azərbaycan torpaqlarını qaytarmaq üçün şərt qoyur
«Ermənistan hansısa kompromis əvəzində nəzarət elədiyi bəzi Azərbaycan torpaqlarını qaytarmağa hazırdır».
Ermənistan Prezidenti Serj Sarkisyan Suriyanın «əl-Vatan» qəzetinə verdiyi və öz saytında da çap olunan müsahibədə belə deyib.
Serj Sarkisyan bildirib ki, Dağlıq Qarabağın təhlükəsizliyi və ordakı ermənilərin öz müqəddaratının təyinetmə hüququnun reallaşmasına təminat verilcəyi təqdirdə, Ermənistan Qarabağ ətrafındakı rayonları qaytara bilər. Ancaq bir şərtlə ki, Dağlıq Qarabağla Ermənistanı birləşdirən koridor saxlanılsın.
* * *
Qazaxıstan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək istəyir
“Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə addımlardan biri kimi bu il Astanada Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyanla İlham Əliyevin görüşünü təşkil etməyə hazırdır”.
“Armenia today” xəbər portalının verdiyi məlumata görə, bunu Qazaxıstanın dövlət katibi-xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclasında çıxışında deyib. O, Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həlli çərçivəsində ATƏT-in Minsk Qrupuna hər cür dəstək verəcəklərini bildirib.
K. Saudabayev fevralın 15-17-də Cənubi Qafqaza səfəri zamanı münaqişə zonasındakı real vəziyyət və tərəflərin cari mövqeyi ilə tanış olduğunu söyləyib: “Biz həlli uzanan münaqişələrin həllində müsbət tendensiyaların davamlı inkişafı üçün hər şeyi edəcəyik”.