“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.02.2012, 15:58
455

“Xalq diplomatiyası”: növbəti görüş

A- A+

Azərbaycan və Ermənistan ziyalıları Moskvada bir araya gəldilər

Fevralın 22-də Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşü keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyi görüş barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, 23 yanvar 2012-ci il tarixində Soçi şəhərində keçirilmiş Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin görüşünün tövsiyələrini nəzərə alaraq, Moskvada humanitar əlaqələrin inkişafı çərçivəsində Azərbaycan və Ermənistan ziyalıların görüşü təşkil edilib.

Fevralın 21-də hər iki dövlətin nümayəndələri və səfirləri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfiri, professor Mixail Şvıdkoyun bədii rəhbərliyi ilə fəaliyyət göstərən “Müzikl teatr”ın açılış tamaşasında iştirak ediblər. Tədbirdə həmçinin Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Moskvanın tanınmış incəsənət və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Fevralın 22-də nümayəndə heyətləri Rusiya Federasiyasının İctimai Palatasında görüş keçiriblər. Azərbaycan tərəfindən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Bakı Slavyan Universitetin rektoru Kamal Abdulla, Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri Murad Adıgözəlzadə və Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak ediblər.

Ermənistan tərəfi görüşdə Dövlət Teatr və Kinematoqrafiya İnstitutun rektoru Armen Mazmanyan, Milli Məclisin deputatı Qermine Nağdalyan, “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan, Rolan Bıkov adına Fondun direktoru Nune Manukyan və səfir Oleq Esayan ilə təmsil olunublar.

Rusiya tərəfindən görüşdə Mixail Şvıdkoy, Rusiya İctimai Palatasının Katibinin birinci müavini Mixail Ostrovskiy, Rusiya İctimai Palatasının beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə işçi qrupunun rəhbəri Aleksandr Sokolov, Rusiya İctimai Palatasının tolerantlıq və vicdan azadlığı üzrə komissiyanın üzvü Alla Qerber və Rusiya İctimai Palatasının KİV-lərin dəstəklənməsi üzrə Komissiyanın üzvü Andrey Dementyev iştirak ediblər.

MDB iştirakçı dövlətlərinin Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Armen Smbatyan da görüşdə iştirak edib.

Sonra nümayəndə heyətləri “Rossiyskaya qazeta” qəzetinin redaksiyasında söhbəti davam etdiriblər. Görüşdə qəzetin baş redaktoru Vladislav Fronin, baş redaktorun müavini Yadviqa Yuferova və Baş direktorun müavini, beynəlxalq layihələrin direksiyasının rəhbəri Yevqeniy Abov iştirak ediblər.

“Rossiyskaya qazeta”nın baş redaktoru V. Fronin in açılış nitqi ilə başlayan görüş zamanı tərəflər Azərbaycan və Ermənistan cəmiyyətlərində tolerantlığın vacibliyini, xüsusən, media nümayəndələrinin, KİV-lərin ictimaiyyət qarşısında məsuliyyətin artırılmasının zəruriliyini bildiriblər.

Daha sonra nümayəndə heyətləri söhbəti Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfiri Mixail Şvıdkoy tərəfindən təşkil olunmuş naharda qeyri formal şəraitdə davam etdiriblər.

Görüşdə hər iki tərəfin nümayəndələri müxtəlif təkliflərlə çıxış ediblər.

Yekunda Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu hər iki ölkənin rəhbərliyi qarşısında bir neçə təşəbbüslə çıxış etmək arzusunu dilə gətirib: “Əgər bu təkliflər qəbul olunsa, o zaman onları reallaşdırmağa başlamaq lazımdır”. Bu təklif görüş iştirakçıları tərəfindən dəstəklənib.

* * *

Azərbaycan və Ermənistan ziyalıları arasında növbəti görüşün may ayında keçirilməsi qərara alınıb

Azərbaycan və Ermənistan ziyalıları arasında növbəti görüş may ayında keçiriləcək. Bu barədə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy məlumat verib.

O, “Rossiyskaya qazeta”nın redaksiyasında hər iki ölkənin ziyalıları arasında görüşün müsbət atmosferdə keçdiyini bildirib: “Görüş müsbət atmosferdə keçdi. Görüşdə hansı məsələlərin müzakirə olunduğunu açıqlaya bilməyəcəyəm. Lakin belə qərara alındı ki, belə görüşlər tez-tez keçirilsin. Tərəflə bu formatda növbəti görüşün may ayında keçirilməsini qərara aldılar”. Mixail Şvıdkoy növbəti görüşün harada keçiriləcəyini açıqlamayıb.

APA

Xəbərlər
Redaktorun seçimi