Türkiyə xarici işlər naziri Bakıdan Yerevana mesaj göndərdi
Əhməd Davudoğlu: “Bizim üçün əsas Azərbaycanın ərazi bütövlüyüdür. Ermənistan işğala son qoymaldır”
“Bizim üçün əsas Azərbaycanın ərazi bütövlüyüdür”. Bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu mayın 26-da Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib.
Ə. Davudoğlu Azərbaycanın gələcəyinə Türkiyənin gələcəyi kimi baxdıqlarını bildirib: “Azərbaycan və Türkiyə qardaş, qonşu və tərəfdaş ölkələrdir”.
Türkiyənin tarixdə olduğu kimi, bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını qeyd edən Ə. Davudoğlu Ermənistana da mesaj göndərib: “Ermənistan işğala son qoymalı, bölgəni gərginlikdən azad etməlidir. Azərbaycan əraziləri BMT-nin qətnamələri əsasında işğaldan azad olunmalıdır. Regionu yalnız birgə inkişaf etdirmək mümkündür”.
Azərbaycan və Ermənistan prezidentlərinin Sank-Peterburqda keçiriləcək görüşünə toxunan Davudoğlu bu görüşü çox önəmli fürsət adlandırıb: “Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq aləmin dəstəyi ilə ciddi işlər görməlidir”.
Öz növbəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsi, enerji, mədəniyyət, iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri ətrafında müzakirələr apardıqlarını bildirib: “Ölkələrimiz arasında mövcud olan 2 milyard dollar dəyərində mal dövriyyəsinin həcmi bizi qane etmir. Düşünürük ki, bu rəqəm artırılmalıdır, çünki bunun üçün potensial var”.
Mədəni sahədə əməkdaşlıqdan danışan E. Məmmədyarov hazırda Türkiyədə 3 min azərbaycanlı tələbənin, Azərbaycanda isə 1700 türk tələbənin təhsil aldığını qeyd edib. İki qardaş ölkə arasında indiyə kimi 150-yə yaxın sənədin imzalandığını bildirən nazir, bu rəqəmin kifayət olmadığını bəyan edib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 15 gün ərzində Azərbaycana ikinci dəfə gəldiyini deyib və ilk dəfə XİN başçısı qismində Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanı Bakı səfərində (12-13 may) müşayiət etdiyini xatırladıb: “Azərbaycan bizim ikinci evimizdir, mən Suriyadan birbaşa Bakıya gəldim. İki qardaş və strateji tərəfdaş ölkə arasında əlaqələrin çox mükəmməldir”.
Əhməd Davudoğlu Bakıda keçirdiyi görüşlər zamanı iki ölkə arasında viza rejiminin aradan qaldırılması məsələsinin də müzakirə obyekti olduğunu deyib: “Biz Azərbaycanın gələcəyinə Türkiyənin gələcəyi kimi baxırıq. Türkiyə bölgədə münaqişələrin dondurulmuş vəziyyətdə qalmasını istəmir, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupu beynəlxalq aləmi dəstəyi ilə ciddi işlər görməlidir”.
Mövzuya dair:
Türkiyənin Rusiyadakı səfiri: “Ermənistan hansısa addımlar atmaq məcburiyyətində olduğunu anlamalıdır”
“Türkiyə ilə Ermənistan arasındakı problemlər sərhədin bağlı olması ilə məhdudlaşmır”. “Armenia Today” saytının məlumatına görə, bunu Türkiyənin Rusiyadakı səfiri Xəlil Akıncı deyib.
Səfir Türkiyə-Azərbaycan münasibətlərinin “bir millət-iki dövlət” prinsipinə əsaslandığını xatırladaraq tarixi hadisələrə yanaşmalarda fərqlər olduğunu bildirib: “Sərhəd 1993-cü ildə bağlanıb. Həmin vaxt Dağlıq Qarabağdan başqa Azərbaycanın daha 7 rayonu Ermənistan tərəfindən işğal edilmişdi”.
Diplomat Türkiyə ilə Ermənistan arasında hava dəhlizinin açıq olduğunu, İstanbuldan İrəvana təyyarə reyslərinin həyata keçirildiyini vurğulayaraq Ankaranın son vaxtlar qonşularla problemlərin çözümü istiqamətində siyasət apardığını söyləyib: “Diplomatik əlaqələr də qurulmalıdır, amma buna paralel olaraq Qarabağ problemi də həll olunmalıdr. Ona görə ki, bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Türkiyə ötən il xoş məram nümayiş etdirdi və bizim prezident İrəvana gedərək futbol matçını izlədi. Biz Ermənistana münasibətdə optimal siyasət aparırıq. Ancaq Ermənistan da hansısa addımlar atmaq məcburiyyətində olduğunu anlamalıdır. Bizim ən səmimi istəyimiz odur ki, Qafqazda bütün sərhədlər açıq olsun və hər kəs bir-biri ilə dost olsun”.
APA, 26.05.2009.