Qarabağ üzrə vasitəçilər Zəngilan və Cəbrayıl rayonlarına baş çəkiblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərin yekunlarına dair bəyanat yayıblarATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) , Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) bölgəyə səfərlərinin yekunlarına dair bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir ki, səfər zamanı həmsədrlər oktyabrın 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh prosesinin davamına dair təqdim edilən ideyaları müzakirə ediblər: “Tərəflər xarici işlər nazirləri səviyyəsində işi davam etdirmək barədə razılığa gəldilər”.
Qarabağ üzrə vasitəçilər regiona budəfəki səfər çərçivəsində Azərbaycanın işğal altlndakı Zəngilan və Cəbrayıl rayonlarına da baş çəkiblər.
Həmsədrlər onların belə mürəkkəb dövrdə bölgəyə, xüsusən noyabrın 21-də Zəngilan və Cəbrayıl rayonlarına səfərlərini asanlaşdırdığı və atəşkəs rejiminin müşahidəsi ilə əlaqədar A. Kaspşik və onun komandasına minnətdarlıq ediblər.
* * *
Azərbaycan prezidenti ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 26-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması ilə əlaqədar danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
►Bax həmçinin:
Ermənistan heyəti QDİƏT Parlament Assambleyasının Bakıdakı iclasına qatılmayıb
Ermənistan nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının Bakıda keçirilən 40-cı iclasına qatılmayıb. APA-nın məlumatına görə, Ermənistan parlamentinin üzvü, bu ölkənin QDİƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaqik Minasyan açıqlamasında bildirib ki, iclasda iştirak etmək niyyətində olublar. Noyabrın 20-də QDİƏT-in həmsədri, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunması ilə bağlı məktub göndərilib, lakin cavab gəlməyib. “Cavab gəlmədiyinə görə Azərbaycana getməyiniz mümkün olmadı”, - deyə Q. Minasyan bildirib.
Azərbaycan Milli Məclisinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə APA-ya deyib ki, erməni nümayəndə heyətinə hələ avqust ayında tədbirə dəvət məktubu göndərilib: “Məktub göndəriləndə bütün ölkələrin təhlükəsizliyinin təmin olunacağı qeyd edilir. Ermənistan üçün əlavə məktub göndərməyə ehtiyac yoxdur”.
Azərbaycanın QDİƏT-dəki nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev də APA-ya bildirib ki, bu, Ermənistan tərəfinin növbəti oyunudur. A. Hacıyev də qeyd edib ki, hələ avqust ayında dəvət məktubu göndərilib, məktubda da bildirilib ki, təhlükəsizliyin təmin olunmasında heç bir problem yoxdur: “Mən QDİƏT-in may ayında İrəvanda keçirilən iclasında iştirak etmişdim. Mənə də heç bir təminat məktubu göndərilməmişdi. Onlar gəlmək istəmirlər, bunun üçün də yalan danışırlar. Ermənistan parlamentinin spikeri də yalan danışır. Əvvəl deyirdilər ki, tədbirə dəvət məktubu gəlməyib, halbuki qeyd etdiyim kimi, məktub hələ avqustda göndərilmişdi. Sonra isə məktubu aldıqlarını bildirdilər”.
A. Hacıyevin sözlərinə görə, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Azərbaycanda keçirilən tədbirində xarici ölkələrdən 200-ə yaxın siyasi partiya, o cümlədən Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovannesyan da iştirak edib. Ona da heç bir yazılı təminat verilməyib: “İştirak üçün heç bir məktub lazım deyil. Azərbaycan stabil ölkədir, buraya gələn heç bir xarici vətəndaşın təhlükəsizliyinə təminat verməyə gərək yoxdur”.