“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.07.2010, 19:09
456

Azərbaycanlı icması vasitəçilərə konkret mövqe bildirib

A- A+

“Dağlıq Qarabağın statusu yalnız hər iki icmanın iştirakı ilə müəyyənləşə bilər”

Bakıda səfərdə olan ATƏT Minsk Qrupunun həmsədrləri - Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov ilə (Rusiya) iyulun 5-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvləri ilə görüşüblər.

İcmanın rəhbəri, Şuşa rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatları Rövşən Rzayev, Elman Məmmədov, Həvva Məmmədova, AMEA-nın akademik-katibi akademik Vaqif Fərzəliyev, Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək icma üzvlərinin istəyini həmsədrlərin diqqətinə çatdırıblar.

Qeyd edilmişdir ki, ermənilər tərəfindən Dağlıq Qarabağdakı yurd-yuvalarından qovulmuş azərbaycanlıların yeganə arzusu doğma ocaqlarına qayıtmaqdır. Onlar bu istəyin münaqişənin həllinə dair prinsiplərdə öz əksini tapmasını vacib hesab edirlər. Əks təqdirdə ermənilər buna imkan verməyəcəklər. Çünki dəfələrlə Ermənistan prezidenti Serj Sarkisyan da bəyan edib ki, o, azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasına tərəfdar deyil və onlar geriyə yalnız bu regionun statusu müəyyən edildikdən sonra qayıda bilərlər. Bu bizi çox narahat edir. Axı Dağlıq Qarabağ iki icmadan - ermənilərdən və hazırda tarixi torpaqlarından qovulub məcburi köçkün həyatı sürən azərbaycanlılardan ibarətdir.

Dağlıq Qarabağın statusu yalnız azərbaycanlılar geri qayıdandan sonra hər iki icmanın iştirakı ilə müəyyənləşə bilər. Bax biz münaqişənin həllinə dair başlıca prinsiplərdə bu tələbin əks olunmasını istəyirik. Əgər ermənilərə hər hansı bir müvəqqəti status təklif olunursa, bu Dağlıq Qarabağın bütün əhalisinə təklif edilməlidir.

Natiqlər həmsədrlərin ünvanına gileylərini də səsləndiriblər. Təəssüflə vurğulanıb ki, həmsədrlərin tərkibinin dəyişməsinə, regiona səfərlərinin sayına baxmayaraq, problemin həıllində irəliləyiş yoxdur. Əksinə, hər vəchlə işğalçı ilə işğal qurbanı bərabər tutulur, həmsədrlərin təmsil etdikləri ölkələr hətta işğalçıya və separatçı rejimə maddi yardım göstərirlər. İstərdik ki, həmsədr dövlətlərin prezidentlərinin son bəyanatı növbəti, kağız üzərində qalacaq bəyanat olmasın. İstərdik ki, icma üzvlərinin “Doğma torpaqlara nə vaxt qayıdacağıq” sualına konkret cavab verə bilək. Artıq məcburi köçkünlük həyatından bezmiş icma üzvləri, xüsusilə gənclər arasında döyüşkən əhval-ruhiyyə artmaqdadır.

İdarə heyətinin üzvləri tələb ediblər ki, həmsədrlər Dağlıq Qarabağa mütləq Azərbaycan ərazisindən getsinlər.

Hər üç həmsədr çıxış edərək yalnız vasitəçi olduqlarını, münaqişənin həllinin tərəflərin kompromisə getmək istəyindən, liderlərin iradəsindən asılı olduğunu vurğulayıblar. Onlar etiraf ediblər ki, “Nə vaxt” sualına cavab verməkdə acizdirlər. Ancaq daxili köçkünlərin geri qayıtması məsələsi həmişə diqqət mərkəzindədir.

Məlumat verilib ki, həmsədrlər növbəti dəfə Dağlıq Qarabağ ərazisində olub buradakı vəziyyətə dair məruzə hazırlayacaqlar.

Xəbərlər
Redaktorun seçimi