“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.10.2009, 08:08
479

Türkiyə Cümhuriyyəti: 86 ilin qısa tarixçəsi

A- A+

Yeddi əsrlik Osmanlı imperatorluğunun yerində qurulan Türkiyə Cümhuriyyəti bu illərdə böyük yüksəliş yolu keçib

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin quruluşunun 86-cı ildönümü tamam olur. Qardaş ölkədə möhtəşəm coşqu ilə qeyd olunan bu gün, eyni zamanda, bütün türk dünyası, o sıradan Azərbaycan üçün də qururverici bir tarixdir. 

Çünki 1923-cü il oktyabrın 29-da böyük Atatürkün öndərliyi ilə qocaman imperatorluğun, yeddi əsrlik Osmanlının faktiki xarabalıqları üzərində yeni dövlətin, cümhuriyyətin qurulması ümumilikdə türk tarixində yeni bir səhifənin açılması idi.

Tarixdən bəlli olduğu kimi, I Dünya müharibəsi (1914-1918) gedişində aldığı ağır məğlubiyyətlər nəticəsində Osmanlı imperiyası nəinki bütün müstəmləkələrindən məhrum olmuş, hətta özünün tarixi ərazisini, indiki Türkiyənin böyük hissəsini də itirmək təhlükəsi ilə üzləşmişdi.

Belə ağır şəraitdə general Mustafa Kamal Osmanlı ordusundakı vətənpərvər zabitlərlə birliklə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı.

1919-cu il mayın 19-da Qara dəniz sahilindəki Samsun şəhərindən başlanan mücadilə üç il davam etdi. 1919-cu il dekabrında Ankaraya gələn Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi. Çünki İstanbuldakı Osmanlı (sultan) hökuməti ölkəyə nəzarəti itirmişdi.

Mustafa Kamal 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) çağırılmasına nail oldu, ölkənin suveren idarəçiliyi xalqın iradəsini təmsil edən parlamentə verildi.

1920-ci ilin avqustunda Osmanlı hökuməti I Dünya müharibəsinin qalibləri (ABŞ, Britaniya, Fransa) tərəfindən təslimçi sülhə - Sevr anlaşmasını imzalamağa məcbur edildi. Sazişə görə, Osmanlı 1914-cü ilə qədərki ərazilərinin dörddə üçünü itirir, ordu və donanmasının müttəfiq ölkələr tərəfindən bölüşdürülməsinə razılıq verirdi. ABŞ-ın o vaxtkı prezidenti Vudro Vilsonun xüsusi səyi ilə imzalanan sazişdə Türkiyənin şimal-şərq vilayətlərinin (Qars, Ərdəhan, Ərzurum və s.) daşnak Ermənistanına verilməsi barədə müddəa da vardı.

Anlaşma türk xalqının böyük etirazını doğurdu, Mustafa Kamal Türkiyənin heç vaxt bu təslimçilik aktına razı olmayacağını bildirdi və TBMM Sevr sazişini rədd etdi. Əvəzində Mustafa Kamalın başçılıq etdiyi Qurtuluş savaşı daha da genişləndi. 1921-ci ilin yanvarından başlayaraq qələbələr əldə edən türk ordusu həmin il avqust-sentyabrda Sakarya savaşından zəfərlə çıxdı.

1922-ci ilin avqustunda Mustafa Kamalın komandanlığı altında həyata keçirilən «Böyük Taarruz» («Böyük Hücum») əməliyyatı ilə Türkiyənin yunan ordusunun işğalı altında olan cənub-qərbi azad edildi.

1922-ci il 30 avqust zəfəri ilə yeni Türkiyə dövlətinin quruluşun da təməli qoyuldu. Bu qələbədən sonra Türkiyənin Sevr anlaşmasının ləğv edilməsi üçün Lozannada yeni beynəlxalq konfransın çağırılmasına nail oldu.

1922-ci il noyabrın 1-də isə TBMM Osmanlı səltənətinə son qoymaq barədə qərarı verdi.

1 aprel 1923-cü ildə TBMM-ə seçki keçirilməsi qərarı qəbul edilib və yeni qurulan Məclis Lozanna sülh sazişini təsdiqləyib.

1923-cü ilin iyulunda Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi və Türkiyənin ərazisini indiki sərhədlər çərçivəsində (780,6 min kv. km) təsbitlədi.

1923-cü il oktyabrın 2-də Mustafa Kamal paşanın komandanlıq etdiyi türk ordusu sonuncu işğalçı qoşunları - ingilis hərbi gəmilərini İstanbul ətrafından vurub çıxardılar.

Türk ordusunun İstanbula girməsi ilə qurtuluş savaşı faktiki başa çatıb və yeni siyasi dövr başlayıb.

1923-cü il oktyabrın 29-da Mustafa Kamal TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Parlament Mustafa Kamalı ölkənin ilk prezidenti seçdi, ilk hökumətin qurulması isə ordu komandanlarından İsmət İnönüyə tapşırıldı.

1924-cü ilin aprelində cümhuriyyətin ilk Konstitusiyası - Anayasa qəbul olundu, Osmanlı dönəminə rəsmən nöqtə (sonuncu Osmanlı sultanı Vəhdəddin ailəsi ilə Türkiyəni 1922-ci ildə tərk etmişdi) qoyuldu.

Cümhuriyyətin ilk illəri Türkiyə tarixinin çətin dövrü idi. Yeni dövlət quruluşunu (respublika, dünyəvilik) qəbul etmək istəməyən irticaçı (dinçi) qüvvələr ölkənin müxtəlif yerlərində təxribat və iğtişaşlar törədirdilər. Xarici qüvvələrin (Osmanlıdan sonra İraqı ələ keçirmiş ingilislərin) təhriki ilə Türkiyənin cənub-şərq bölgələrində kürd qiyamları və ilk separatçı çıxışlar da bu dövrə təsadüf edir.

Bununla belə, Mustafa Kamal ölkənin bölünməzliyini və möhkəmlənməsini təmin etdi. 1932-ci ildə TBMM-in qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. 1927, 1931 və 1935-ci illərdə daha üç dəfə prezident seçilən Atatürk 1938-ci il noyabrın 10-da vəfat etdi.

Atatürkün vəfatından sonra prezident postuna baş nazir İsmət İnönü keçdi. İnönü də prezident vəzifəsinə dörd dəfə (1938, 1939, 1943, 1946) seçilmiş və hər dəfə deputatların yekdil dəstəyini qazanmışdı. Hərçənd 1950-ci ilədək Türkiyədə bir partiyanın - Atatürkün qurduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) hakimiyyətdə olduğunu nəzərə alsaq, bu, təbii sayılmalıdır.

I Dünya müharibəsindən fərqli olaraq, II Dünya savaşını kənardan seyr edən və tədrici inkişaf yolu keçən Türkiyə 1940-cı illərin sonu yeni siyasi dönəmə - real çoxpartiyalı sistemə qədəm qoydu. 1950-ci il parlament seçkilərində hakimiyyətə Adnan Menderesin rəhbərlik etdiyi Demokrat Partiyası gəldi.

Menderesin baş nazir olduğu 10 ildə Türkiyə sürətli iqtisadi inkişaf və islahatlar dövrünə qədəm qoymuş, geniş özəlləşmə başlamış, Türkiyənin beynəlxalq nüfuzu (1952-ci ildə NATO-ya daxil oldu) güclənmişdi. Bununla yanaşı, ölkədə islahatçı hökumətə güclü müxalifət (o cümlədən ordu sıralarında) də vardı, hökumət ölkənin sərvətini xarici biznesə satmaqda, cümhuriyyət dəyərlərinə sayqısızlıqda, dini istismar etməkdə ittiham olunurdu.

Nəticədə 1960-cı ilin 27 may hərbi çevrilişi baş verdi, baş nazir Menderes, prezident Cəlal Bayar (1950-1960) başda olmaqla bütün hökumət və siyasi rəhbərlik (200-dən çox şəxs) həbs olundu. Hərbi tribunalın qərarı ilə baş nazir Menderes və daha iki nazir korrupsiya ittihamı ilə edam edildi.

1961-ci ildə yeni Konstitusiya qəbul edildi, hərbi çevrilişin rəhbərlərindən olmuş Quru Qoşunları komandanı Camal Gursel Türkiyənin 4-cü prezidenti seçildi. Ondan sonra daha bir general, Baş Qərargah rəisi Cövdət Sunay 5-ci prezident (1966-1973) oldu.

Türkiyənin növbəti prezidenti də keçmiş hərbi rütbəli şəxs - istefada olan admiral Fəxri Korutürk (1973-1980) oldu. 60-70-ci illər Türkiyədə daxili siyasi çaxnaşmalar, dinçi, solçu və millətçi qüvvələrin toqquşmaları ilə zəngin oldu. 1974-cü ildə Kipr türklərinə qarşı qırğınlara son qoymaq adaya qoşun yeridən Türkiyə nəticədə beynəlxalq müstəvidə ciddi təzyiqlərlə üzləşdi.

1980-ci il Türkiyədə növbəti daxili böhran yarandı. Parlamentdə yeni prezidenti seçmək mümkün olmadı. Dərinləşən siyasi və iqtisadi böhran, sağçı-solçu mübarizəsinin küçələrdə silahlı toqquşmalarla müşayiət olunması ölkəni növbəti hərbi çevrilişin eşiyinə gətirdi.

1980-ci il 12 sentyabr çevrilişindən sonra hakimiyyət Baş Qərargah rəisi Kənan Evrenin rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasına keçdi. Ölkə iki il hərbi rejim tərəfindən idarə olundu, Türkiyənin Avropa Şurasında üzvlüyü donduruldu. 1982-ci ildə generalitet yeni Konstitusiyanın qəbuluna və dövlət idarəçiliyini mülki hökumətə verməyə razılıq verdi. Konstitusiyanın qəbulu ilə general Evren ölkənin yeni prezidenti oldu.

1983-cü ildə keçirilən parlament seçkilərində Turqut Özalın rəhbərlik etdiyi «Ana Vətən» partiyası qalib gəldi və o, Türkiyənin baş naziri oldu, 1989-cu ildə isə prezidenti seçildi. 1991-ci il parlament seçkilərində Süleyman Dəmirəlin başçılıq etdiyi «Doğru Yol» partiyası qələbə çaldı və o, ölkənin yeni baş naziri, 1993-cü ildə Özalın vəfatından sonra ölkənin yeni prezidenti oldu.

1995-ci il seçkilərində dini təmayüllü «Rifah» partiyası qalib gəlsə də, onun lideri Həcməddin Ərbakanın baş nazirliyi ilyarım çəkdi və 1997-ci ilin yayında o, generalitetin təzyiqi ilə istefa verməli oldu. Bu arada Türkiyə müxtəlif koalisyon hökumətlərlə idarə olunurdu.

1999-cu il seçkilərindən sonra Bülənd Ecevitin başçılıq etdiyi Demokratik Sol Partiya, Dövlət Baxçalının rəhbərlik etdiyi Milliyətçi Hərəkat Partiyası və ANAP nisbətən uzunmüddətli koalisiya qurdu. 2000-ci ildə koalisiyanın dəstəyi ilə Konstitusiya Məhkəməsinin sədri Əhməd Necdət Sezər ölkənin 10-cu prezident seçildi.

2002-ci ildə ölkədə dərinləşən iqtisadi böhran fonunda hökumət koalisiyası dağıldı və Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası inamlı qələbə çalaraq təkbaşına iqtidara gəldi. 2007-ci ilin iyul seçkilərində AKP yenidən təkbaşına iqtidar oldu. AKP-nin hakimiyyətdə olduğu 7  il Türkiyədə geniş islahatlar və iqtisadi inkişafla yanaşı, siyasi böhranlarla da müşayiət olunub.

2007-ci ildə Abdullah Gülün prezident seçilməsi üstündə başlanan gərginlik 2008-ci ildə Konstitusiya Məhkəməsində AKP-yə qarşı qapatma davası ilə davam etdi.

Bununla belə, hakim partiya həm özünü, həm də Türkiyəni bu sarsıntılardan çıxarmağı bacardı. Ümid edək ki, Türkiyənin bundan sonrakı tarixi də daha rəvan və sabit inkişafla yadda qalacaq.

Vüqar Orxan, www.azerbaycanli.org

Xəbərlər
Redaktorun seçimi