“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.02.2010, 20:51
357

Ramil Səfərovu yada salaq

A- A+

Niyə biz haqlı olduğumuz savaşda haqqımızı sübuta yetirə bilmirik?

Altı il öncə, 2004-cü il fevralın 19-da Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ramil Səfərov Macarıstanın paytaxtı Budapeştdə erməni zabitini öldürdüyünə görə həbs olunub.

NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində təlimlərdə iştirak edən azərbaycanlı zabit erməni hərbçisinin təhqiramiz hərəkətlərinə dözməyərək bu qətli törətmişdi.

2006-cı ilin aprelində Budapeşt məhkəməsinin qərarı ilə Ramil Səfərov ömürlük həbs cəzasına məhkum edilib.

Ramil Səfərov 1977-ci il avqustun 26-da Cəbrayıl rayonunda anadan olub.

Həbs olunanda Ramil Səfərovun 27 yaşı vardı.

İndi 33 yaşındadır.

Biz bu gənc soydaşımıza məhbəs həyatından qurtulmaq üçün kömək edə bilmədik.

Allah ona yardımçı olsun!

 * * *

Mövzuya dair:

Avropadan "hüquq dərsi"

Yaxud bizlər niyə haqlı olduğumuz savaşda haqqımızı sübuta yetirə bilmirik?

Budapeşt məhkəməsinin Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov barəsində çıxardığı qərar cəmiyyətdə hələ uzun müddət müzakirə mövzusu olacaq.

Eyni zamanda, bu mövzunun Ermənistan-Azərbaycan münaqişəsi kontekstində çeşidli səviyyələrdə gündəmdə qalacağı da şübhəsizdir.

Ən azı ona görə ki, erməni tərəfi Macarıstan paytaxtında baş vermiş qətl hadisəsinin ilk günündən başlayaraq bu faktdan beynəlxalq müstəvidə Azərbaycana qarşı kampaniya vasitəsi kimi yararlanıb. Məhkəmənin onları tam qane edən qərarından sonra da həmin kampaniyaya ara verməyəcəkləri də yəqindir.

Biz isə Azərbaycan tərəfi olaraq (istər dövlət, istərsə də cəmiyyət) bu qərarı real etmiş səbəbləri ciddi şəkildə götür-qoy etməliyik. Əslində biz bu işi ötən iki ildə, yəni məhkəmə prosesinin davam etdiyi dövrdə görməliydik ki, nəticə belə acınacaqlı olmayaydı.

Nəzərə alsaq ki, Macarıstan qanunvericiliyinə görə, R.Səfərova törətdiyi cinayət əməlinə görə minimum 10-15 il, maksimum isə ömürlük həbs cəzası verilə bilərdi və nəticədə azərbaycanlı zabit məhz ən ağır cəzaya məhkum edilib, onda, deməli, biz onun müdafiəsi üçün praktik olaraq heç nə edə bilməmişik. Buraya həm R.Səfərovu müdafiə edən vəkillərin fəaliyyəti, həm Azərbaycan dövlətinin bu prosesin ədalətli keçirilməsinin təmin olunması üçün atdığı (yaxud atmadığı) addımlar daxildir.

Əlbəttə, azərbaycanlı zabitin vəkilləri Budapeşt məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklər, bu prosesin Avropa İnsan Haqları Məhkəməsində də davam etdirilməsi mümkündür. Azərbaycanın müvafiq dövlət qurumlarının azərbaycanlı zabitin cəzasını vətəndə çəkməsi üçün onun ekstradisiyası ilə bağlı tədbirlər görəcəyi də bildirilir.

Lakin bütün bunlar sonrakı işlərdir və nə dərəcədə səmərəli olub-olmayacağını da indidən demək çətindir. Fakta daha geniş kontekstdə yanaşdıqda isə, bu uğursuzluğu Avropa hüquq müstəvisində bizə verilmiş bir "hüquq dərsi" kimi də qiymətləndirmək olar.

Söhbət geniş mənada ondan gedir ki, biz bu məhkəmədə azərbaycanlı zabitin belə bir cinayəti törətməyə vadar etmiş səbəb və faktorları olduğu kimi macarıstanlı hakimə və onun simasında Avropaya, onun hüquq instansiyasının nəzərinə çatdıra bilmədik. Yaxud da, əksinə, macarıstanlı hakim və onun simasında Avropa hüquq dairələri bu fakt və gerçəkləri eşitmədi.

Hecə ki illərdən bəri Azərbaycanın üzləşdiyi təcavüz də, məruz qaldığı işğal faktı da Avropa və ümumilikdə beynəlxalq hüquq müstəvisində eşidilmir, görünmür. Və biz də bu gerçəyi diqqətə çatdırmaq üçün müxtəlif beynəlxalq instansiyalarda çeşidli qətnamələrin qəbul olunması üçün, hansısa sənədin filan bəndini dəyişdirmək üçün səylər göstəririk.

Bu o müstəvidir ki, orada "kor-kor, gör-gör olan" gerçəyi hələ sübuta yetirmək lazımdır. Məsələn, sübut etmək lazımdır ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, bu ərazi və onun ətrafında Azərbaycanın daha yeddi rayonu Ermənistan tərəfindən işğal olunub, həmin ərazilərdən nə qədər azərbaycanlı məcburi köçkün düşüb.

Azərbaycanlı zabitin erməni zabitini niyə öldürməyə məcbur olduğunu və bu hadisədə ermənilərin Ramilin doğma rayonunda törətdiyi cinayətlərin hansı rol oynadığını da beləcə sübut etmək lazım idi. Baxmayaraq ki, bizim üçün məhkəməsiz-filansız da bir gerçək aşkar idi: azərbaycanlı zabit onun doğma torpağı işğal etmiş, soydaşlarını qətlə yetirmiş, ata-anasını, qohum-əqrəbasını didərgin salmış Ermənistan ordusunun zabitini öldürməkdə ittiham olunurdu.

Ramil Sahib oğlu Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda doğulub. Uşaqlıqdan hərbçi olmaq arzusunda olub və orta məktəbin 7-ci sinifini başa vurandan sonra 1991-ci ildə Bakıdakı C.Naxçıvanski adına hərbi litseyə daxil olub.

1992-ci ildə hərbi təhsilini davam etdirmək üçün Türkiyəyə göndərilib. 1992-1996-da Türkiyənin İzmir şəhərində Maltepe Əsgəri Liseyində təhsil alıb.

Ermənistan ordusunun Cəbrayıl rayonunu işğalı etməsi zamanı Ramilin xalası oğlu şəhid olub, əmisi oğlu həyat yoldaşı ilə birlikdə itkin düşüb. R.Səfərovun ailəsi isə Bakıda Dərnəgül qəsəbəsindəki tələbə yataqxanalarının birində məskunlaşıb.

Əsgəri liseyi uğurla başa vuran Ramil 1996-2000-ci illərdə Ankarada Quru Qoşunları Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2000-2001-ci illərdə isə İzmirdəki Tuzla Piyada Məktəbində ixtisasartırma kursunu bitirib.

Sonra vətənə qayıdıb və Azərbaycan Ali Hərbi Məktəbində kursant taqımının komandiri təyin olunub, 2003-cü ildən kursant bölüyünün komandiri olub, hərbi xidmətinə görə dəfələrlə komandanlıqdan fəxri fərmanlar alıb.

2004-cü il yanvarın əvvəlində Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində ingilis dili kursunu dinləməyə göndərilib. Üç aydan sonra həmin kursu başa vuraraq Azərbaycan ordusundakı xidmətinə qayıtmalı idi.

Sözsüz ki, belə qüsursuz və mükəmməl hərbi xidmət tərcümeyi-halına malik olan gənc zabiti qarşıda gözəl hərbi karyera gözləyirdi. Lakin 2004-cü il fevralın 19-da baş verən olay, azərbaycanlı baş leytenantın onunla eyni kursda təlim keçən Qurgen Markaryan adlı erməni leytenantı öldürməsi bütün bunları yarımçıq qoydu.

Sözsüz ki, Ramilin yeniyetmə ikən keçirdiyi hislər, doğma kəndinin işğal olunması, yaxınlarının həlak olması, nəhayət, Budapeştə gəldiyi gündən rastlaşdığı erməni həyasızlığı - bu əməli törətməsində müəyyən emosional təsir rolunu oynayıb. Lakin bununla yanaşı onu da qeyd etməyə məcburuq ki, Ramil kimi 10 il mükəmməl hərbi təhsil almış, savadlı, pəhləvan cüssəli bir zabit bu əməli törətməməli, özünü erməni məkrinin güdazına verməməli idi.

Nə yazıqlar ki, bizlər dəfələrlə soyuqqanlı olmaq gərəkən yerdə emosiyanın bizə güc gəlməsi nəticəsində erməni məkrinin güdazına getmişik və bundan nəticə çıxarmağı bacarmırıq. Qarabağ münaqişəsinin tarixi belə faktlarla zəngindir, neçə dəfələrlə biz soyuqqanlı davranışı emosiyanın güdazına verərək hədəfi qoyub kənarı vurmuşuq. Ramil əslən Qarabağdan olan bir zabit kimi torpaqlarımızın işğaldan azad olunması uğrunda savaşa hazırlaşırdı və bu müqəddəs savaşı göz önündə tutaraq alçaq erməni məkri qarşısında soyuqqanlı davranmalı idi.

Lakin bu gün azərbaycanlı zabitin vətəndən uzaqda ömürlük həbsə məhkum olunmasının günahını, sadəcə, onun özündə görmək tam yanlışlıq olardı. Burada üzərinə ən azı mənəvi məsuliyyət yükü düşən xeyli tərəflər də var. Məsələn, iki düşmən dövlətin hərbçilərini birgə təlimə dəvət edəndə NATO yetkililəri bu cür sülhpərvərliyin ağır fsadlarının ola biləcəyini də diqqət almalı idilər. Bu, necə deyərlər, alyans təmsilçilərinin siyasi sayıqlığına sual altına alan bir faktdır. Bəs özümüz necə, Budapeştdə meydana gələn olaya münasibətdə adekvat davrana bildikmi?

Bu gün bir çoxları iddia edir ki, R.Səfərov barəsində belə ağır məhkəmə hökmünün çıxarılmasında Azərbaycan tərəfindən həmin qətl hadisəsinin siyasiləşdirilməsinin də rolu olub. Onlara görə, əgər hadisənin ilk günündən Azərbaycan tərəfi ona siyasi çalar verməkdən yayınsaydı, bu hadisə sırf kriminal fakt kimi qiymətləndirilsəydi və R.Səfərova hay-küylü dəstək kamapaniyaları düzənlənməsəydi, Macarıstan məhkəməsi onun barəsində nisbətən yüngül cəza çıxarardı.

Zənnimcə, bu cür yanaşma kökündən yanlışdır. Əvvəla, Ramilin törətdiyi əməl (balta ilə qətl) təkcə Macarıstanın deyil, elə Azərbaycanın cinayət hüququnda da xüsusilə ağır cinayət əməli sayılır və onun cəzası kimi ömürlük həbs də nəzərdə tutulur. Yəni məsələyə sırf kriminal nöqteyi-nəzərdən yanaşsaq, R.Səfərov barəsində çıxarılan qərar elə də qeyri-adi deyil.

O ki qaldı məsələnin siyasi tərəfinə, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfin addımından asılı olmayaraq bu qətl ermənilər tərəfindən artıq ilk gündən siyasiləşmişdi. Buna əmin olmaq üçün internetdə erməni informasiya vasitələrinin 19 fevral 2004-cü il tarixdə yaydıqları xəbərləri nəzərdən keçirmək yetər.

Qətldən bir neçə saat sonra, onun təfərrüatı hələ dəqiqləşməmiş Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri, digər dövlət qurumları sərt siyasi bəyanatlarla çıxış edərək bu hadisəni "Azərbaycan hakimiyyətinin Ermənistana qarşı yönəlmiş ekstremist və fanatik mövqeyinin nəticəsi" kimi qiymətləndirmiş, həmçinin dünya ictimaiyyətini bu hadisə fonunda Qarabağ məsələsində kimin aqressiv və günahkar tərəf olması barədə nəticə çıxarmağa çağırmışdılar. Eyni fikri Ermənistan prezidenti Robert Köçəryan 2004-cü ilin iyununda Avropa Şurasındakı çıxışında da xüsusi vurğulamışdı.

Buna cavab olaraq Azərbaycan XİN artıq 2004-cü il fevralın 20-də yaydığı bəyanatda erməni tərəfini bu hadisədən siyasi əkstəbliğat faktoru kimi yararlanmamağa və Azərbaycan dövlətinin və xalqının ünvanına təhqiramiz bəyanatlardan çəkinməyə çağırmışdı.

Yeri gəlmişkən, həmin bəyanatda Azərbaycan XİN öldürülmüş erməni zabitinin ailəsinə başsağlığı vermiş və baş vermiş hadisədən təəssüfləndiyini də nəzərə çatdırmışdı. XİN-in bəyanatında o da nəzərə çatırılırdı ki, azərbaycanlı zabit R.Səfərov ailəsi Ermənistan hərbi təcavüzü nəticəsində doğma topağından didərgin düşüb, onun bir neçə yaxını erməni işğalçılar tərəfindən qətlə yetirilib və bu faktlar onun törətdiyi əməldə emosional təsir rolu oynayıb.

Bu fikri 2004-cü il aprelin 28-də Strasburqa səfəri zamanı Avropa Şurasında keçirdiyi mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev də diqqətə çatdırmışdı: "Biz baş verən hadisədən təəssüflənirik. Bununla yanaşı, yadınıza salmaq istəyirəm ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində erməni snayperləri tərəfindən Azərbaycan vətəndaşları, mülki adamlar qətlə yetirilir. Ona görə də bundan siyasi şou düzəltmək lazım deyil. Belə halların səbəbi Ermənistanın təcavüzünün, Azərbaycan ərazilərinin işğal altında saxlanmasının davam etməsidir".

Bir sözlə, Azərbaycan dövləti hadisənin ilk günündən ona adekvat və düzgün siyasi münasibət nümayiş etdirmişdi. Bununla yanaşı, onu da qeyd etmək gərəkdir ki, sonrakı mərhələdə Azərbaycanın dövlət instansiyaları bu xəttdən, yəni Budapeştdə meydana gələn hadisənin hər şeydən öncə Ermənistanın Azərbaycana təcavüzünün doğurduğu anormal, dözülməz vəziyyətdən qaynaqlanan cinayət əməli olduğunu önə çəkmək xəttindən geri durdular. Daha doğrusu, bu məsələni faktiki olaraq öz axarına buraxdılar.

Təsadüfi deyil ki, Azərbaycan XİN 2004-cü il 20 fevral tarixli bəyanatından sonra bu məsələyə bir daha qayıtmadı, digər dövlət qurumları da onun kimi. Beləcə R.Səfərov Budapeşt məhkəməsi qarşısında bir azərbaycanlı zabit kimi deyil, faktiki olaraq ağır kriminal əməl sahibi kimi dayanmış oldu.

O ki qaldı Azərbaycan cəmiyyətinin müxtəlif kəsimlərinin bu iki ildə R.Səfərovla bağlı mövqeyinə, bu yöndə səslənən çıxışlar, Ramilə dəstək kampaniyaları və onu qaralamaq cəhdləri - bütün bunlar bəllidir və şəxsən mənim düşüncəmə görə, bu ictimai rəy ifadəsinin mahiyyət etibarilə Ramil barəsində çıxarılan hökmə elə bir təsiri olmayıb. Başqa sözlə, bu kampaniyalarda biz daha çox özümüz deyib, özümüz eşitmişik.

Və son olaraq. Budapeşt məhkəməsində çıxarılan qərar bir daha göstərdi ki, biz Qarabağla bağlı haqqımızı, haqlı olduğumuzu sübuta yetirmək üçün hüquq müstəvisində baş sındırıb gülüng çalmaqdan daha ziyadə bu savaşı başqa müstəvidə aparmalıyıq. Lakin özgə diyarların paytaxtlarında deyil, burada, erməni ilə üz-üzə. Və bir daha təkrarlamaq zorundayıq ki, bu savaşı yalnız hüquqi və siyasi-diplomatik cəbhədə udmaq mümkün deyil.

Odur ki, Budapeştdə azərbaycalı zabitin başına gələn olaydan nəticə çıxarmalıyıq. Nə qədər pafoslu səslənsə də, Ramilə verilmiş cəzanın istər onun yaxınları, istərsə də bütövlükdə Azərbaycan milləti üçün mənəvi yükünü azaltmağın bir yolu var. Bu da Budapeştdə erməni zabitinin başına enmiş baltanın daha böyüyünü Qarabağda Ermənistan ordusunun başına endirmək olmalıdır....

Vüqar Orxan, “525-ci qəzet”, 15.04.2006.

 * * *

Bax həmçinin:

Cinayət və cəza  (“Bizim əsr” qəzeti, 2004-cü il, №7)

Xəbərlər
Redaktorun seçimi