Böyük səhnə yolunun başlanğıcı
Martın 10-da Azərbaycan peşəkar milli teatrının 140 yaşı tamam olur1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” əsəri Bakı Realnı Məktəbi şagirdlərinin iştirakı ilə “Nəciblər klubu”nda oynanıldı və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyuldu.
Daş dövründən bu yana insanların tamaşaya həmişə ehtiyacı olub. Məkr və məhəbbət, əyləncə dolu mərasimlər, məhkəmə və edam səhnələri, qladiator döyüşləri, hətta müharibələr də böyük bir tamaşa idi. Ancaq günlərin birində humanist ionlarla yüklənmiş biri bu gerçək tamaşalardan cana doyub onları səhnəyə köçürdü. Bu səhnədə sevmək də, ölmək də vardı. Sadəcə pərdələr enəndə ölənlər diriləcək, tamaşa qansız və qadasız ötüşəcəkdi. Pərdənin o üzündəkilər uzun müddət bu sehri “aça” bilməsələr də, teatra inanmışdılar... O inam, bu inam, kosmos əsrində belə səhnədə baş verənləri göz yaşları ilə seyr edənlər, sonuncu pulunu verib teatra bilet alanlar hələ də var.
Bunlar teatr barədə mənim öz mülahizələrimdir. İndi isə milli teatrımızın keçdiyi yola nəzər salmamışdan əvvəl teatr tarixinə qısa bir nəzər salaq.
“Böyüklər üçün məktəb”
Teatrın vətəni qədim Yunanıstan olsa da, yunan dilində “tamaşa yeri” mənasını verən teatr tezliklə bütün dünyaya yayıldı. Teatrı çox sevən yunanlar onu həm də “böyüklər üçün məktəb” adlandırırdılar. Qədim yunan əfsanələri teatra zəngin mövzu verdikcə ilk tragediyalar adlanan pyeslər yaranırdı. “Tragediya” sözü isə yunanca “keçilər mahnısı” deməkdir. Tragediyalarda qəhrəmanlar arasında gedən kəskin mübarizə, onların iztirabları, faciəsi təsvir edilirdi.
Gülməli səhnəciklərdən isə şən və məzəli pyeslər - komediyalar yarandı. Yenə də yunan sözü olan “komediya” “şən sakinlərin mahnısı” deməkdir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya seyrçilərin rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verərdi. Onlar çələng və qiymətli hədiyyələrlə mükafatlandırılardılar.
Teatr sonralar qədim Romada, Şərq ölkələrində - Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. 1948-ci ildə dünya teatr ictimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunu yaratdı. Dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə 1961-ci il martın 27-də Vyanada ilk teatr konqresi toplandı. Konqres iştirakçıları belə qərara gəldilər ki, dünya teatr xadimləri bir araya toplandığı həmin tarix Beynəlxalq Teatr Günü kimi qeyd olunsun.
Bəlkə də təsadüfdür, bəlkə də yox, amma Beynəlxalq Teatr Günü də, Azərbaycanda Milli Teatr Günü də mart ayının payına düşür. Qarşıdakı bir ayda teatr tariximizin keçdiyi yola, peşəkar səhnəmizin 140 illik salnaməsinə geniş nəzər salacağıq. Hələliksə...
Milli teatrımızın anları...
1873-cü ilin 10 martında "Lənkəran xanının vəziri" tamaşası Bakıda səhnəyə qoyuldu...
1875-ci ildə Qubada, 1879-cu ildə Şəkidə, 1883-cü ildə Naxçıvanda teatr tamaşaları göstərildi...
1880-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binası tikdirdi və bu teatr xalq arasında “Tağıyev teatrı” kimi tanındı, sevildi, teatr tariximizdə yeni bir səhifə açdı...
1896-cı ildə Həsən bəy Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi...
1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı...
1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti quruldu...
1908-ci il yanvarın 12-də Bakıda ilk milli opera - Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycanda professional musiqili teatrın əsası qoyuldu...
1910-cu ildə "Səfa" adlı yeni mədəni-maarif cəmiyyəti və onun nəzdində teatr şöbəsi fəaliyyətə başladı...
1917-ci ildə Bakıda "Müsəlman artistləri ittifaqı" yaradıldı...
Teatr tariximizlə bağlı kifayət qədər belə faktlar var...
Akademik Milli Dram Teatrı
... Böyük sənət məbədimiz - Akademik Milli Dram Teatrının teatr tariximizdə öz yeri var. Əvvəllər müxtəlif truppalar - «Nicat», «Səfa», «Həmiyyət» mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrilə, həmçinin «Müsəlman Dram Artistləri İttifaqı», «Hacıbəyov qardaşları müdiriyyəti» şəklində tamaşalar verən teatr 1919-cu ildən Dövlət Teatrı statusu ilə fəaliyyətə başlayır.
Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı və digər sənət fədailərinin şəxsi təşəbbüsləri, yorulmaz zəhməti sayəsində Azərbaycan teatrı öz simasını formalaşdırmağa başlayır. Özünün dramaturgiyası, aktyor və aktrisaları ilə birlikdə milli teatr məktəbi böyük zəhmətlər, səylər və fədakarlıqlar nəticəsində təşəkkül tapır.
1919-cu ilin martında faciəli şəkildə dünyasını dəyişən Hüseyn Ərəblinski, onun səhnə yolunu davam etdirən sənətkarlar - Mirzəağa Əliyev, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Möhsün Sənani, Rza Təhmasib, Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədiri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Kazım Ziya, Məmmədəli Vəlixanlı və onlarla başqaları öz fədakarlıqları ilə milli teatrımızın inkişafında misilsiz xidmətlər göstərirlər.
Teatr Texnikumu, İncəsənət İnstitutu (indiki Mədəniyyət və İncəsənət Universiteti), Tənqid-təbliğ və Tədris teatr-studiyalarının divarları arasından peşəkar səhnəyə Ağasadıq Gəraybəyli, Tofiq Kazımov, Mehdi Məmmədov, Həsənağa Turabov, Hökümə Qurbanova, Şəfiqə Məmmədova və neçə-neçə möhtəşəm simalar çıxdı. Bir qismi Moskvada təhsil alan, oranın son dərəcə teatral mühitində "bişib" vətəninə dönən bu sənətkarların, o cümlədən adlarını çəkmədiyimiz aktyor və rejissorların əksəriyyətinin istedadı, bacarığı keçmiş SSRİ və hətta dünya miqyasında tanınmağa layiq idi və tanınırdı da.
Bu illərin repertuarında milli əsərlərlə yanaşı, xarici ədəbiyyat nümunələri də uğurla təqdim olunur. M.F.Axundzadənin, N.Vəzirovun, Ə.Haqverdiyevin, N.Nərimanovun, C.Cabbarlının, H.Cavidin, S.Rəhmanın, İ.Əfəndiyevin pyesləri ilə pərvəriş tapan Akademik Dram Teatrı müxtəlif illərdə dünya klassiklərindən Şekspirin, Şillerin, Molyerin, Lope de Veqanın, K.Qaldoninin, A.Dümanın, V.Hüqonun, H.Hauptmanın, M.Meterlinkin, Balzakın, H.Heynenin, Volterin, A.Ostrovskinin, L.Tolstoyun, N.Qoqolun, A.Çexovun və onlarca digər dramaturqun əsərlərini repertuarına daxil edib. Ötən əsrin əvvəllərində Türkiyədə, İranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada tamaşalar verən teatr dövlət statusu aldıqdan sonra dünyanın bir çox ölkələrində qastrollarda olub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra mədəniyyətimizin əsas qollarından olan teatr sənəti yeni tarixi dövrə qədəm qoyub. Ötən 140 ildə bu dövrlərin hər birinin öz yeri, səhnə töhfələri var. 140 illik teatr tarixi insanların sevgisi, məhəbbəti, cəsarəti, fədakarlığı ilə yazılmış bir tarixdir. Bu tarixi bir daha vərəqləməyə dəyər...
Təranə Vahid,
* * *
Mövzuya dair:
Milli Teatr Günü təsis edilib
Prezident İlham Əliyev martın 1-də Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında Azərbaycan milli teatrının əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u “Milli Teatr Günü” kimi qeyd ediləcək.