Dünya bu gözgörəsi gerçəkləri görəcəkmi?
Mənfur düşmən Bərdədə dinc sakinlərə qarşı alçaqcasına qətliam törədib...
Döyüş meydanında ard-arda zərbələr alaraq rəşadətli Azərbaycan Ordusunun qarşısından qaçan işğalçı Ermənistan silahlı qüvvələri düçar olduğu məğlubiyyətin əvəzini mülki əhalidən, hərbi əməliyyatlar zonasından uzaqdakı dinc sakinlərdən çıxmağa çalışır. Ötən günlərdə (11, 17 oktyabr) Gəncədə gecəyarısı raket zərbələri ilə qətliam törədən mənfur düşmən bu dəfə Bərdəni hədəfə alıb.
Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində biri 7 yaşlı uşaq olmaqla dörd sakin həlak olmuşdu.
Oktyabrın 28-də düşmən Bərdə şəhərinə beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli raketlərlə atəş açaraq daha bir alçaq cinayəti həyata keçirib. Baş Prokurorluğun məlumatına görə, oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi ərazisinə “Smerç” tipli əməliyyat-taktiki təyinatlı, böyük dağıdıcı qüvvəyə malik raket zərbələrinin endirilməsi nəticəsində 4-ü qadın olmaqla, 20 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin oktyabrın 27-də artilleriya atəşi zamanı xəsarət alan bir sakin ayın 28-də vəfat edib.
Beləliklə, oktyabrın 27-28-də Bərdə rayonuna artilleriya-raket zərbələri nəticəsində həlak olanların ümumi sayı 25-ə çatıb.
İşğalçı və terrorçu dövlət olduğunu hər ötən gün təsdiq edən Ermənistanın bu insanlıq əleyhinə cinayətləri dünyanın gözü qarşısında baş verir. Amma dünya ictimaiyyəti, xüsusilə özünü mütərəqqi dünyanın örnəyi, insan haqlarının müdafiəçisi sayan Qərb ölkələri və beynəlxalq təşkilatlar bu gözgörəsi qətliam gerçəyini görmək istəyəcəklərmi?
Oktyabrın 29-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinin Bərdəyə, daha sonra isə bu günlər düşmənin hədəfində olan Tərtər şəhərinə səfəri təşkil edilib. Əcnəbi nümayəndələr Ermənistan silahlı qüvvələrinin dinc insanlara qarşı törətdiyi əməllərin nəticəsini gözləri ilə görüblər. Üstəlik, xain düşmən nümayəndə heyətinin Bərdə və Tərtərdə olduğu müddətdə bu istiqamətlərdə atəşləri davam etdirib.
Bərdədə təşkil edilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfərdə iştirak edən diplomatik nümayəndələrə və hərbi attaşelərə təşəkkür edərək ötən gün baş verən insanlıq əleyhinə cinayət barədə bir daha məlumat verib. Qeyd edib ki, Bərdə şəhəri cəbhəyanı zonadan 60-70 kilometr kənarda yerləşir: “Ermənistanın Bərdə şəhərini qadağan olunmuş silahlarla atəşə tutmasının yalnız bir məqsədi var: mülki insanların qətlinə səbəb olmaq və onlar arasında panika yaratmaq. Ancaq onlar bu məqsədlərinə heç bir halda nail ola bilməyəcəklər. Bərdə sakinlərinin əzmini diplomatik korpusun nümayəndələri də gördülər”.
Prezidentin köməkçisi baş verənləri görmək üçün Azərbaycan tərəfin “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarına dəvət göndərdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Avropa regionunda İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə ballistik raketlər atılır: “Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər quduzlaşıb ki, onlar diplomatik nümayəndəliklərin təmsilçiləri Bərdə və Tərtər şəhərlərində olduqda da ətraf məntəqələri bombalamağa davam edirlər. Bu, Ermənistanın Xocalı genosidindən başlayan və bu gün də davam edən mülki insanlara qarşı hərbi və müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir”.
Brifinqdə o da diqqətə çatdırılıb ki, sentyabrın 27-dən oktyabrın 29-dək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.
Həlak olanlar arasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü də var. O, Bərdə şəhərində humanitar dəstək verərkən qətlə yetirilib. Bununla bağlı BQXK-nın Avrasiya regionu üzrə direktoru Martin Şüeppdən bəyanat yayaraq könüllünün ailəsinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə başsağlığı verib.
Ermənistanın Azərbaycanın Bərdə şəhərinə raket hücumu ilə bağlı bir sıra xarici media orqanları da reportajlar hazırlayıblar. Hadisə yerində olmuş “The New-York Times” qəzetinin əməkdaşı Bərdəyə terror hücumunun bütün dəhşətini dilə gətirib. Jurnalist həyəcanını bu sözlərlə ifadə edib: “Bayırda, yolayrıcında maşın hələ də tüstülənirdi. Qan səkiyə, ofis binasının qapısına yayılmışdı...”.