AŞPA sessiyasında Qarabağ mövzusunda qızğın müzakirələr gedib
Rövşən Rzayev: “Ermənistan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşünə mane olur”
Oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayıb. Sessiyanın ilk günü yeni qaydaya uyğun olaraq sərbəst dinləmələr keçirilmişdir. Deputatlar çıxışlarında dünyanın üzləşdiyi maliyyə böhranından, işsizlərin sayının durmadan artmasının ölkələr üçün ciddi problemlər yaratmasından, iqtisadi böhranın demokratik dəyərlərə təsirindən danışmışlar. Sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mövzusu da gündəmə gəlib.
Sessiyadakı çıxışlarında hər dəfə ölkəmizə qarşı qara yaxmağa çalışan Ermənistan nümayəndə heyətinin üzvü Armen Rüstəmyan yenə öz ənənəsinə sadiq çıxış edib. Erməni deputat AŞPA-nı Dağlıq Qarabağın statusunu tezliklə müəyyənləşdirmək üçün addımlar atmağa çağırmışdır. O, azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan Azərbaycana təhvil verilərək əfv olunmasının guya münaqişənin həllinə mənfi təsir göstərdiyini iddia etmişdir.
* * *
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxışında Ramil Səfərov məsələsinin Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasətinin tərkib hissəsi olduğunu diqqətə çəkərək erməni tərəfi bu məsələdə siyasi möhtəkirlik etməməyə çağırıb: “Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla Ermənistan ordusunun həlak olmuş zabiti arasında baş vermiş hadisədə, əslində hər iki cavan qurbanlardır. Amansız müharibənin, çirkin siyasətlərin, iki ölkə arasında kənar qüvvələrin təşkil və idarə etdiyi, tamamlanmasına imkan vermədiyi münaqişənin qurbanları. Bu gənclərdən biri 9 il əvvəl həyatını itirib, digəri 9 ildir azadlıqdan məhrum olunub. 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı isə yüzlərlə belə gənc həlak olub. Münaqişə bitmədikcə, Ermənistan işğal etdiyi 20 faiz Azərbaycan torpağından çıxmayınca, 1 milyona yaxın Azərbaycan insanı qaçqın və məcburi köçkün həyatı yaşadıqca, Ermənistan dövlət terrorizmi siyasəti ilə idarə edildikcə yeni-yeni faciələrin baş verməsi ehtimalı hər an olacaqdır.
Avropa Şurasında, digər beynəlxalq təşkilatlarda “Ramil Səfərov işi” adlı müzakirələrin keçirilməsi vahid mərkəzdən təşkil olunan, maliyyələşdirilən, istiqamətləndirilən prosesdir. Pərdə arxasındakı rejissorları əslində nə erməni zabitinin ölümü, nə Azərbaycan zabitinin 9 il həbsdən sonra əfv edilməsi maraqlandırır. Onlar maraqlıdırlar ki, münaqişə səngiməsin, davam etsin, dərinləşsin. Çünki bundan milyardlar qazanırlar. Həmin hiyləgər bədxahlar imkan vermirlər ki, Azərbaycan ilə Ermənistan üz-üzə dayanıb, heç kəsin müdaxiləsi olmadan öz problemlərini özləri həll etsinlər”.
* * *
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyada çıxış edərək demişdir: “Biz Avropa Şurasına üzv olarkən, üzərimizə bir çox öhdəliklər götürdük. Bu öhdəliklərdən biri də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması öhdəliyi idi. Bu öhdəlik həm Azərbaycan, həm də Ermənistan tərəfindən qəbul edilib. Mənim sualım belədir: Nəyə görə 2001-ci ildən bu yana Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması öhdəliyi heç vaxt müzakirə edilməyib? Biz digər öhdəliklərin yerinə yetirilməsi məsələsini – mətbuat azadlığı, insan haqları və s. müzakirə etmişik, amma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmamışıq. AŞ insan haqlarının müdafiəsi təşkilatıdır. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılmasını istəyirik. Dağlıq Qarabağ üzrə Alt Komitə artıq mövcud deyildir. O, fəaliyyət göstərmir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr təşkil edə bilək. Nəyə görə bu öhdəliyə diqqət yetirilmir? Nəyə görə bu öhdəlik yaddan çıxıb? Nə üçün bu məsələyə susqunluqla yanaşılır?
Dağlıq Qarabağ münaqişəsi və ondan irəli gələn digər məsələlərə dair müzakirələr aparmaq lazımdır. Yəni məsələni bütövlükdə müzakirə etməklə həqiqətən nə baş verdiyini daha düzgün başa düşə bilərik. Yalnız bu formada hər iki xalq bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu müzakirə edə bilər. Bu, çox ağrılıdır. Düşünürəm ki, AŞ-nin bununla bağlı məsuliyyəti vardır. Susqunluq nümayiş etdirmək yalnız yeni zorakılıqlar və problemlərə yol açır və rəvac verir. Buna görə AŞ və onun üzvlərindən Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmasını tələb edirəm”.
* * *
Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında qeyd etmişdir ki, Dağlıq Qarabağ problemi münaqişə deyil, bu, Ermənistanın Azərbaycana hərbi təcavüzü, ərazi iddiasıdır. Bu günün ab-havasına uyğun çıxışlar zamanı Ermənistan tərəfi Dağlıq Qarabağın nümayəndəsinin Fələstin, Kosova kimi AŞ PA-ya dəvət olunmasını və burada müvəqqəti yer almasını xahiş etmişdir. AŞPA sədri Jan-Klod Minyon bunu müsbət qarşılamış, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə dialoqunda bu məsələni müzakirə edəcəyini bildirmişdir. Rövşən Rzayev sayı 75 mindən yuxarı olan Dağlıq Qarabağın azərbaycanlı icmasının da AŞPA-da mütləq qaydada və bərabər şəkildə təmsil olunmasının vacibliyini diqqətə çatdırmışdır.
Son zamanlar Dağlıq Qarabağın Azərbaycan icmasının erməni icması ilə dialoq axtarışında olduğunu xatırladan deputat demişdir ki, bu dialoq ilk dəfə 2011-ci ilin noyabrında Berlində keçirilməli idi. Amma erməni icması bu görüşdən imtina etmişdir. Bu məsələnin arxasında Ermənistan rəhbərliyi durduğuna görə bu günədək Dağlıq Qarabağın erməni icması ilə görüşmək mümkün olmamışdır. Mən AŞPA sədrindən, həm də avropalı həmkarlarımdan bu dialoqun baş tutmasına kömək göstərmələrini istərdim. Hər iki icmanın görüşü ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqlar prosesinə öz müsbət töhfəsini verə bilər.
Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi deyil, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzüdür. Buna beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində qiymət verilməlidir. Münaqişə və təcavüz başqa-başqa amillərdir. Azərbaycan öz ərazisini tələb edir. Ermənistan isə Azərbaycana qarşı ərazi iddiaları ilə yaşayır.
* * *
Sessiya zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun AŞPA ünvanına səsləndirdiyi sərt ittihamlardan sonra qurumun sədri Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini görüşə dəvət etmişdir. Görüş baş tutmuşdur.