“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.04.2011, 17:37
446

“Qarabağ ədəbiyyatı” adlı elektron toplu hazırlanır

A- A+

Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir

Hər bir xalqın yaşadığı torpaqdakı tarixinin qədimliyini sübut edən başlıca meyarlardan biri onun yaratdığı mədəni irsdir. Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti var. 

Bu zənginliyin mühüm bir qolu Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda xalqımızın əsrlər boyu yaratdığı mədəni sərvət, söz, sənət nümunələridir. Milli mədəniyyətimizin beşiyi olan Qarabağda Azərbaycan ədəbiyyatının da zəngin tarixi var.

Hələ orta əsrlərdə Qarabağda müsəlman Şərqinin görkəmli mütəfəkkir və yazarları - Məhəmməd Abdulla Bərdəyi, Məsud Namidar, Məhəmməd Qarabaği və başqaları yaşayıb. Azərbaycan ədəbiyyatında yeni milli şeir məktəbinin əsası XVIII əsrdə Qarabağda Molla Pənah Vaqif tərəfindən qoyulub.

XIX əsr, eləcə də XX əsrin əvvəli Qarabağda ədəbi irsin “qızıl dövrü” olub. Təkcə Şuşada onlarla tanınmış söz ustası, şair-yazıçı yaşayıb-yaradıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov və digərləri ədəbiyyat tariximizə böyük töhfələr veriblər. Sonrakı dövrdə də Azərbaycan ədəbiyyatında qarabağlı yazarların yaradıcılığı özünəməxsus yer tutub.

Qarabağdakı Azərbaycan tarixini saxtalaşdırmağa çalışan ermənilər işğal etdikləri ərazilərdə maddi mədəniyyət abidələrimizi məhv ediblər. Bu torpağın yetirdiyi mədəniyyət xadimlərinin, ədiblərin əsərləri isə yaşamaqdadır. Ermənilərin bu əsərləri qəsb etməsi mümkün deyil. Odur ki, Qarabağla bağlı Azərbaycan ədəbi irsinin tədqiq və təbliği, dünyaya çatdırılması xüsusi əhəmiyyət kəsb edir. “Effektiv Təşəbbüslər Mərkəzi” ictimai birliyi tərəfindən həyata keçirilən “Qarabağ ədəbiyyatı” layihəsi də bu məqsədə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşən layihə nəticəsində Qarabağda Azərbaycan ədəbi irsini qədim dövrdən XX əsrədək əhatə edən, 100-dən çox mütəfəkkir, şair və yazıçının həyat və yaradıcılığı haqqında məlumatları əks etdirən ensiklopedik xronoqraf - elektron toplu hazırlanacaq. Elektron toplu ictimai birliyin www.azerbaycanli.org saytında yerləşdiriləcək, habelə internet məkanda müxtəlif sayt, portal və elektron resurslarda yayılacaq.

“Mədəniyyət” qəzeti, 29.04.2011

* * *

► Layihə haqqında ətraflı bax:

Xəbərlər
Redaktorun seçimi