“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.04.2021, 22:00
599

Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatı tarixi səhvdir

A- A+

İlham Əliyev: "Bu açıqlama regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurur"

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar.

Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb.

Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb.

Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.

* * *

ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Bu fikir isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat üçün açıqlamasında vurğulanır.

XİN-in Mətbuat xidmətindən bildirilib ki, qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

Yüz il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

XİN-in açıqlamasında qeyd edilir ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin, məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.

Xəbərlər
Redaktorun seçimi