Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir
AŞPA sessiyasında çıxış edən deputat Rövşən Rzayev beynəlxalq hüquqda ikili standartların yolverilməz olduğunu bildiribAprelin 7-dən 11-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti, yaz sessiyası keçirilib. Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri gündəlikdəki məsələlərin müzakirəsinə qatılaraq ayrı-ayrı mövzularla bağlı ölkəmizin mövqeyini ifadə ediblər.
Deputatlarımız çıxışlarında Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün fəsadlarını bir daha avropalı həmkarlarının diqqətinə çatdırıb, Avropa Şurasını bu problemə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına fəal yanaşma göstərməyə çağırıblar.
AŞPA-da ölkəmizin nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev çıxışında Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn tətbiqi ilə bağlı məsələyə toxunub.
Deputat vurğulayıb ki, sülhsevər siyasət yeridən Azərbaycan münaqişənin danışıqlar yolu ilə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Millət vəkilinin sözlərinə görə, bu gün dünyada, o cümlədən Avropada inkişaf edən geosiyasi vəziyyət onu göstərir ki, beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanan beynəlxalq təhlükəsizlik sistemi böhran vəziyyətindədir: “Bu da beynəlxalq hüququn təməl prinsiplərini manipulyasiya etmək tendensiyasına ciddi təsir edir və eyni zamanda aqressiv separatizmə, müstəqil ölkələrin suverenliyinə qəsd təhrikinə gətirib çıxarır. Məsələn, xalqların öz müqəddəratını təyinetmə hüququndan sui-istifadə edən Ermənistan müharibəni başlamaqla, Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdir”.
Deputat diqqətə çatdırıb ki, BMT-nin 1970-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən, Ermənistan tərəfinin tez-tez müraciət etdiyi xalqların öz müqəddəratını təyinetmə prinsipi başqa əraziləri zəbt edən, zorakılıq əməllərinə əl atan, etnik təmizləmə və kütləvi qətllər törədən işğalçılara şamil edilmir: “Bundan başqa, 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktı dövlətin öz razılığı olmadan onun ərazisinin bir hissəsinin ayrılmasını istisna edir. Beynəlxalq hüququn təməl prinsiplərinə dair aparılan ikili standartlar təcrübəsi bundan sonra da bu kimi mənfi presedentlərin olmasına gətirib çıxaracaqdır”.
Rövşən Rzayev qeyd edib ki, Azərbaycan Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının qurbanı kimi, yenə də regionda sülhün və ədalətin bərqərar olmasına ümidini itirmir: “Sülhsevər siyasət yeridən Azərbaycan münaqişənin dinc yolla həllinə tərəfdardır. Əlbəttə, Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları arasında dialoqun yaradılması bu istiqamətdə böyük rol oynaya bilər. Bu xüsusda, Avropa məkanının Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması və münaqişənin həlli yolları istiqamətində icmalararası dialoqun canlandırılmasında nüfuzu və rolu olan AŞPA müəyyən fəaliyyət göstərə bilər”.
Millət Məclisin deputatı Qənirə Paşayeva isə çıxışında ki, Azərbaycan ilə Ermənistan arasında sərhəd regionlarından birinin nümayəndəsi olaraq regionda mövcud vəziyyətdən bəhs edib, assambleyanı bu məsələyə diqqətini artırmağa çağırıb. O deyib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozub və artıq 20 ildən artıqdır ki torpaqların bir hissəsini işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur.
"Cəbhə bölgəsində yaşayanlar bizdən AŞPA-nın 1416 saylı qətnaməsinin (25 yanvar 2005-ci il tarixli qətnamə – red.) yerinə yetirilməsini gözləyirlər. Onlar 20 ildir ki, öz doğma torpaqlarına və evlərinə dönə bilmirlər və bu, Avropa zonasında insan haqlarının ən böyük pozuntusudur. AŞPA-nın qeyd edilən qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 9 il keçməsinə baxmayaraq Ermənistan onu yerinə yetirməkdən boyun qaçırır. Avropa Şurası üzv dövlətlərindən birinin ərazisinin digər üzvü tərəfindən uzunmüddətli işğalı faktına laqeyd yanaşmamalı və bu məsələlərə ciddi münasibət göstərməlidir”.
Deputat qeyd edib ki, bu gün AŞ ərazisində qaçqın və məcburi köçkünlərin təqribən yarısı Azərbaycanda yaşayır. Suriyada baş verən son hadisələr hər kəsi narahat edir. Təəssüflər olsun ki, Ermənistan Suriyadan qaçqın düşmüş ermənilərdən öz təcavüzkar xarici siyasətinin aləti kimi istifadə edib, onları Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirir. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar AŞPA-nın sənədlərinə, habelə ATƏT-in fakt araşdırıcı missiyasının müvafiq müraciətlərinə zidd olub, vəziyyəti daha da gərginləşdirməklə münaqişənin sülh yolu ilə həll edilməsinə xələl yetirir. AŞPA Ermənistandan bu təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklər ilə ziddiyyət təşkil edən bu cür hərəkətləri dayandırmağı tələb etməlidir.