“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.05.2021, 10:00
847

8 may artıq həsrətdən arınmış bir gündür

A- A+

8 Noyabr Zəfəri ilə qara haşiyəsi silinən tarix...

8 may. Düz 28 il təqvimin bu günü ağırı-acımızı təzələyib, ruhumuzu incidib, Şuşa həsrəti, Şuşa xiffəti qəlbimizdə qövr edib. Hər il mayın bu günü gələndə dağları dumanlı yurdumuzun nisgili içində qovrulmuşuq.

Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətəni olan Şuşanı, onun füsunkar təbiətini, daşını-qayasını, yaşıl yamaclarını, buz bulaqlarını yada salıb köks ötürmüşük.

Ümummilli lider Heydər Əliyev Şuşanın tarixi əhəmiyyətini belə ifadə etmişdi: “Şuşa Azərbaycanın ən əziz guşəsidir. Bu, Azərbaycan xalqının yaratdığı sadəcə bir şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.

Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan tam deyildi, ola bilməzdi. Şuşasız 28 ili bu inamla yaşadıq, bu itki ilə heç vaxt barışmadıq. 

“Xalqımız əmindir ki, Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı Şuşa nəyin bahasına olursa-olsun düşmən tapdağından azad ediləcək” – bu sözləri qəzetimizdə tam bir il öncə, 2020-ci ilin 8 may günündə yazmışdıq.

Üstündən tam 6 ay keçdi – 2020-ci ilin 8 Noyabr Zəfəri əmin olduğumuz o iradənin gücünü, o qətiyyətin təntənəsini göstərdi. Artıq 8 mayın üzərində 28 il qəlbimizi sızlatmış o qara haşiyə yoxdur. 8 may xiffət və həsrətdən arınmış bir gündür. Təqvimin sıradan bir günü, 1992-ci ildən öncə olduğu kimi...

Vüqar Orxan

"Mədəniyyət" qəzeti

Xəbərlər
Redaktorun seçimi