“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.08.2009, 09:52
481

Azərbaycan-Almaniya əlaqələri sürətlə inkişaf edir

A- A+

Rövşən Rzayev: “Ümid edirik ki, bu siyasət dəyişməyəcək və dostluğumuz bundan sonra daha da möhkəmlənəcəkdir”

Avqustun 11-də Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər. 

Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvü Rövşən Rzayev qonaqları salamlayaraq qeyd edib ki, ölkəmiz Almaniya ilə münasibətlərin inkişafına xüsusi önəm verir: “Almaniya Azərbaycana dost ölkədir”.

Millət vəkili bu yaxınlarda Almaniya Bundestaqının qəbul etdiyi "Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın gücləndirilməsi" adlı qətnamədə Azərbaycanın milli maraqlarına cavab verən müddəaların yer almasını nəzərə çatdırıb.

Qeyd olunub ki, sənəddə ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların doğma yurd-yuvalarına qayıtmalarının zəruriliyinin qeyd olunmasını Azərbaycanda yüksək qiymətləndirilir: “Ümid edirik ki, bu siyasət dəyişməyəcək və dostluğumuz bundan sonra daha da möhkəmlənəcək, əlaqələrimiz daha sürətlə inkişaf edəcəkdir”.

Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası qrupunun rəhbəri Şteffen Rayxe Azərbaycanın sürətlə inkişaf etdiyini, budəfəki səfəri zamanı ölkəmizdə gedən inkişafdan heyrətləndiyini bildirib.

Onun sözlərinə görə, Bundestaqda və bütövlükdə Almaniyada Azərbaycana böyük maraq var. Azərbaycan Almaniya üçün yaxın tərəfdaş və dost ölkədir. İkitərəfli əlaqələr sürətlə inkişaf edir və münasibətlərin daha da genişlənməsində Almaniya maraqlıdır.

Artıq beşinci dəfədir ki, Azərbaycana gəldiyini deyən Ş.Rayxe əlavə edbi ki, parlamentlərarası dostluq qrupunun digər üzvləri də Azərbaycana bir neçə dəfə səfər ediblər: “Bu, bizim Azərbaycana olan münasibətimizin sübutudur. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə inkişaf etsin”.

Budəfəki nümayəndə heyətinin tərkibində şərqşünas alimlərin də olduğunu deyən qonaq bildirdi ki, məqsəd Azərbaycanda Almaniya ilə bağlı araşdırmalar aparmaqdır.

Ş.Rayxe səfər çərçivəsində Göygöl (keçmiş Helenendorf qəsəbəsi) rayonunda almanların məskunlaşmasının 190 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak edəcəklərini də diqqətə çatdırıb.

Görüşdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

"Azərbaycan", 12.08.2009.

 

Ikitərəfli münasibətlər genişlənir

Avqustun 12-də Milli Məclisin Azərbaycan–Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşlər.

Görüşdə işçi qrupunun üzvü, hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev ölkə rəhbərliyinin Almaniya ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini vurğulamışdır.

O bildirmişdir ki, Avratlantik məkana inteqrasiya edən Azərbaycan üçün dost Almaniya həmişə Avropaya açılan qapıdır. Demokratik bir ölkə kimi özünü təsdiqləyən Almaniyanın təcrübəsi ölkəmiz üçün çox əhəmiyyətlidir. Gənc dövlətimiz bu ölkənin demokratik və mədəni dəyərlərinə ehtiramla yanaşır və dostluq əlaqələrimizin bundan sonra daha da möhkəmlənməsinin tərəfdarıdır.

Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettinger demişdir ki, onun ölkəsində də Azərbaycana böyük maraq vardır. Almaniyanın ayrı-ayrı əyalətləri Azərbaycan ilə əlaqələrin qurulmasına və inkişafına çalışır. Bu səfər əməkdaşlığımızın, biznes imkanlarımızın və iqtisadi-ticarət əlaqələrimizin inkişafına təkan verəcəkdir.

Qonaq bildirmişdir ki, nümayəndə heyətinin üzvləri Göygöl rayonunda almanların məskunlaşmasının 190 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak edəcəklər.

Söhbətdə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılmışdır. Azərbaycan–Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini açıqlamışlar.

 

Çoxşaxəli əməkdaşlıq hər iki xalqın mənafeyinə xidmət edir

Azərbaycanda səfərdə olan Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettinger avqustun 12-də Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür.

Oqtay Əsədov qonaqları salamlayaraq demişdir ki, Azərbaycan ilə Almaniya arasındakı dostluq əlaqələrinin çox qədim və zəngin tarixi vardır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə daha da sürətlə inkişaf etmişdir. Bu günədək ölkələrimiz arasında 50-dən çox sənəd imzalanmışdır ki, bu da əlaqələrimizin inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

Milli Məclisin sədri dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi vurğulamış, dostluq qruplarının fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir. O demişdir ki, iqtisadi əlaqələrimiz də yüksələn xətlə inkişaf edir. 2007-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,5 milyard ABŞ dolları, 2008-ci ildə isə bu rəqəm 2,4 milyard dollar təşkil etmişdir. Parlamentin sədri bildirmişdir ki, Bakıda keçirilən Almaniya-Azərbaycan biznes-forumu bu əlaqələrin inkişafına yeni impuls verəcəkdir.

Parlamentin sədri 1819-cu ildə 22 mindən çox almanın Azərbaycana üz tutduğunu və burada böyük inkişaf yolu keçdiyini vurğulamış, onların məskunlaşmasının 190 illiyinin təntənəli qeyd olunacağını bildirmişdir.

O.Əsədov bu ilin mayında Almaniya Bundestaqında Cənubi Qafqazdakı vəziyyətə dair qəbul olunan qərarda Azərbaycanın milli maraqlarının yüksək dərəcədə qorunmasını, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsini, erməni təcavüzü nəticəsində doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların geri qaytarılmasının vacibliyinin qeyd olunmasını yüksək qiymətləndirmişdir.

Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettinger səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir. O bildirmişdir ki, siyasət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrini əhatə edən geniştərkibli nümayəndə heyətinin Azərbaycana bu səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan əlaqələri daha da genişləndirmək və inkişaf etdirməkdir. Ümid edirik ki, bizim qarşılıqlı səfərlərimiz və çoxşaxəli əməkdaşlığımız hər iki xalqın mənafeyinə xidmət edəcəkdir.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Bakıda 10-cu Almaniya-Azərbaycan iqtisadi forumu keçirilib

Avqustun 12-də “Park İNN-Azərbaycan” mehmanxanasında Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə 10-cu alman-Azərbaycan iqtisadi forumu keçirilib.

Almaniyanın Baden-Vürtemberq əyalətinin baş naziri Günter Ettingerin Azərbaycana səfəri çərçivəsində keçirilən tədbirdə Almaniyadan neft-qaz, tikinti, maşınqayırma, elektronika, kimyəvi məhsullar, ətraf mühitin mühafizəsi texnikası, kənd təsərrüfatı və yüksək keyfiyyətli məhsulların istehsalı sahələrini təmsil edən müəssisələrdən 15-dən çox iş adamı, Azərbaycan tərəfdən isə müvafiq sahələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

Tədbirdə DAWF idarə heyətinin sədri Marko Graffin, Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stançina, Baden-Vürtemberq əyalətinin Baş naziri Günter Ettinger, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İsmət Abasov, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov çıxış etmişlər.

AzərTAc.

 

Xəbərlər
Redaktorun seçimi