"Azərbaycan tarixi günbəgün"
Bu günlərdə işıq üzü görən kitab-təqvim belə adlanır.
Azərbaycanın qədim dövrdən bu günədək keçdiyi dövlətçilik tarixi, ictimai-siyasi, mədəni həyatının önəmli hadisələri, şəxsiyyətləri haqqında yığcam ensiklopedik məlumatları əhatə edən kitab-təqvim Effektiv Təşəbbüslər Mərkəzinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı hesabına həyata keçirdiyi «Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə» tədqiqat və təbliğat layihəsi çərçivəsində hazırlanıb.
Nəşrin başlıca məqsədi Azərbaycanın zəngin keçmişini, tarix səhifələrində qalan ağlı-qaralı olayları, tariximizdə iz qoymuş, Azərbaycanı tanıtmış insanları, eləcə də ölkəmizin yeni tarixini, çağdaş həyatını əks etdirən hadisələri yeni formatda - təqvimin günləri boyunca oxuculara təqdim etmək, tariximizə yeni maraq və diqqət aşılamaqdır.
«Tariximizin hər bir səhifəsi öyrəniləcək, qürur verəcək, eyni zamanda ibrət götürələcək fakt və hadisələrlə zəngindir. Ümidvarıq ki, tərtib etdiyimiz «tarix gündəliyi» də Azərbaycanın keçmişi və bu günü, görkəmli şəxsiyyətləri barədə bilgiləri daha da populyarlaşdırmaq işinə töhfə verəcək, tariximizi öyrənmək, təbliğ etmək istəyənlər üçün yararlı məlumat toplusu olacaq» - deyə kitab-təqvimin tərtibçisi Vüqar Əliyev bildirib.
Kitab-təqvimin hazırlanmasında Azərbaycan tarixinə dair müxtəlif mənbələrdən - dərsliklərdən, xronoloji xülasə-toplulardan, internet resurslarından, kütləvi informasiya vasitələrindən və s. istifadə olunub. Kitab-təqvim QHT-lər, dövlət qurumları, millət vəkilləri, kütləvi informasiya vasitələri, kitabxanalar, təhsil ocaqları, ictimai-siyasi təşkilatlar arasında yayılır. Onun nüsxələri xaricdəki Azərbaycan diaspor təşkilatlarına da göndərilib.
Kitabın elektron variantı ilə www.azerbaycanli.org saytında tanış olmaq mümkündür.
13.01.2009 – www.mediaforum.az