Berlində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirilib
Millət vəkili, Qarabağın azərbaycanlı icmasının nümayəndəsi Rövşən Rzayev məruzə ilə çıxış edib
Berlindəki Türk Evində “Xocalı soyqırımının 19-cu ildönümündə Qafqazda sülhün qorunması və Türk-Azərbaycan münasibətlərinin əhəmiyyəti”nə həsr edilmiş tədbir keçirilib.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Atatürkçü Düşüncə Dərnəyinin Berlin-Brandenburq üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı soyqırımının qurbanları ilə yanaşı, yüz ildən bəri erməni təcavüzləri zamanı həlak olan bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
AAKM-nin icraçı direktoru xanım Samira Patzer-İsmayılova tədbiri giriş sözü ilə açaraq, Xocalı soyqırımının dəhşətləri haqqında tədbir iştirakçılarına məlumat verib, Türk-Azərbaycan birliyinin bu hadisənin Almaniya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadığını vurğulayıb.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Dağlıq Qarabağ münaqişəsinin həlli yolundakı mövcud vəziyyət haqqında məlumat verərək, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və tanıdılmasının vacibliyini vurğulayıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcması Ictimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev, Almaniya Bundestaqının keçmiş üzvü, professor Haqqı Kəskin, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Kərim Şükürov məruzələrlə çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Azərbaycana qarşı erməni təcavüzünün tarixi kökləri haqqında, Xocalı soyqırımına dair faktlar və statistik məlumatları tədbir iştirakçılarına çatdırıblar.
Tədbirin bədii hissəsində iştirakçılar Naibə Turalın ifasında Azərbaycan şairlərinin Qarabağ və Xocalı soyqırımına həsr olunmuş şerləri və Cavad Mirzəyevin ifasında Azərbaycan muğamlarından parçaları tarzən dinləyiblər.
Tədbirin sonundakı müzakirədə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və münaqişənin həlli yollarına dair aparılan işlərdən söz açılıb.
Tədbirdə həmçinin Türkiyənin Almaniyadakı konsulu Mustafa Polat, Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnur Əliyev, Almaniyadakı Azərbaycan səfirliyinin digər əməkdaşları, Azərbaycan diasporunun və türk icmasının nümayəndələri iştirak ediblər.