“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.10.2009, 08:35
461

Almanların Azərbaycana köçünün 190 illiyi Berlində qeyd edilib

A- A+

“Almanlar Qafqazın multietnik həyatında” adlı konfransda Azərbaycanda alman irsinə göstərilən qayğıdan danışılıb

Azərbaycanın Almaniyadakı səfirliyinin və bu ölkədəki “EuroKaukAsia” cəmiyyətinin təşkilatçılığı ilə Baden-Vürtemberq federal torpağının Berlindəki nümayəndəliyində XIX əsrin birinci yarısında almanların Azərbaycana köç etmələrinin 190 illiyi münasibətilə “Almanlar Qafqazın multietnik həyatında” adlı elmi konfrans keçirilmişdir. 

Iki gün sürən konfransın məqsədi alman koloniyalarının Qafqazda, əsasən Azərbaycanda yerləşməsi və sonrakı prosesləri işıqlandırmaq olub. Tədbirdə Almaniyadan, Azərbaycandan, Rusiyadan, Türkiyədən mütəxəssislər məruzə ilə çıxış etmişlər.

Konfransın ilk günündə Baden-Vürtemberq federal torpağının AFR və Avropa məsələləri üzrə dövlət naziri Volfqang Raynhart, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış etmişlər.

Çıxışlarda getdikcə inkişaf edən Almaniya-Azərbaycan münasibətlərindən bəhs olunmuş, Azərbaycanda alman irsinə göstərilən dövlət qayğısından danışılmış, bu konfransın tarixi köklərə bağlı iki ölkə arasında əlaqələrin inkişafına töhfə olacağı vurğulanmışdır.

“EuroKaukAsia” cəmiyyətinin sədri, professor Yeva-Maria Auxun məruzəsində alman koloniyalarının Azərbaycanda yerləşdirilməsinin Çar Rusiyasının xristian əhalinin Azərbaycanda yerləşdirilməsi siyasəti ilə bağlı olduğunu bildirmişdir. O, məhz bu səbəbdən 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra on minlərlə erməni ailələrinin Qafqaza, əsasən də Azərbaycana yerləşdirildiyini demişdir.

Konfrans iştirakçıları Azərbaycan səfirliyində təşkil olunmuş qəbulda iştirak etmişlər. Səfir P.Şahbazov iştirakçıları salamlamış, Almaniya-Azərbaycan müştərək tarixinin işıqlandırılması baxımından konfransın vacibliyini diqqətə çatdırmışdır. Yeva-Maria Aux çıxış edərək belə bir mötəbər tədbirin təşkilində dəstək üçün səfirliyə təşəkkürünü bildirmiş və Azərbaycan hökumətinin alman irsinə göstərdiyi qayğını təqdir etmişdir.

Qəbulda konfrans iştirakçıları, tədqiqatçı alimlər, Qafqaz üzrə ekspertlər, Göygöldə (keçmiş Helenendorf) doğulmuş və orada yaşamış almanlar, habelə Azərbaycan diasporunun fəalları iştirak etmişlər.

AzərTAc.

Xəbərlər
Redaktorun seçimi