“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.12.2011, 16:10
356

Bayram bayrama qovuşanda

A- A+

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!

Artıq 20 ildir ki, xalqımız, bütün dünyada yaşayan soydaşlarımız ilin son gününü ikiqat bayram əhvalında yaşayırlar.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı bir arada qeyd olunur. Bu günün öz tarixçəsi var.

* * *

1989-cu il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başladı. Onilliklər ərzində bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşdular. Bu hadisə Azərbaycan tarixinə soydaşlarımızın həmrəylik aksiyası kimi düşdü.

Həmin tarixi gündə İstanbulda daha bir mühüm hadisə baş verdi: dünya azərbaycanlılarının ilk konqresi keçirildi. Bu, azərbaycanlı diasporunun təşəkkül tapması istiqamətində əlamətdar hadisə idi.

* * *

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın ”Dünya azərbaycanlılarının həmrəylik bayramı” kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikası Ali Sovetinə müraciət etdi.

1991-ci il dekabrın 25-də Ali Sovetin Milli Şurası (parlamentin daimi fəaliyyət göstərən orqanı) müraciəti nəzərə alaraq 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etdi.

Ötən illərdə dünya azərbaycanlılarının birlik və bərabərliyi möhkəmlənib, azərbaycanlı diasporu ilbəil daha aktiv qüvvəyə çevrilməkdədir. Hərçənd bu yolda hələ çox işlər görülməlidir.

Bu fikir prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə soydaşlarımıza ünvanladığı təbrikdə də əksini tapıb: “Azərbaycanın bu illər ərzində nail olduğu uğurlar vətəndaşlarımızın əməksevərliyini, yüksək intellektual qabiliyyətini və qurub-yaratmaq əzmini bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsi olduqca fərəhləndirici haldır.

Azərbaycan dövlətinin gücü, xalqımızın yaradıcı potensialı müəyyənləşdirdiyimiz yeni məqsədlərə çatacağımıza əminlik yaradır. Lakin hələ də qarşımızda həllini tapmayan vəzifə - Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma ocağına dönməsinin təmin edilməsi dayanır. Şübhə etmirəm ki, biz tezliklə bu çətin problemin də öhdəsindən gələcək, dünyanın gözü qarşısında törədilən işğala və haqsızlığa son qoyacağıq. Qələbəyə, ədalətin təntənəsinə gedən yolu qısaltmağın vacib şərtlərindən biri də bizim birliyimiz və həmrəyliyimizdir. Ona görə də bütün azərbaycanlıları daha sıx birliyə, dünyada yaşayan soydaşlarımızın milli və vətəndaş haqlarının müdafiəsi, müstəqil dövlətimizin mənafelərinin ardıcıl qorunması və beynəlxalq nüfuzunun artırılması işinə bundan sonra da öz töhfələrini verməyə çağırıram”.

* * *

Biz də bu əziz bayram, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün soydaşlarımızı təbrik edirik!

Qarşıdan gələn yeni təqvim ili - 2012-ci il münasibətilə də dünyadakı bütün azərbaycanlıları təbrik edir, yeni ildə hər kəsə yeni uğurlar diləyirik!

www.azerbaycanli.org

Xəbərlər
Redaktorun seçimi