Bakıda “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda konfrans keçirilib
Konfrans “Dialoq Avrasiya” Platformasının və “Dialoq Avrasiya” jurnalının Azərbaycanda fəaliyyətə başlamasının 10 illiyi münasibətilə keçirilib
Platformaya Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Topqapı sarayının müdiri, tarixçi İlber Ortaylı, Rusiya Şərqşünaslıq İnstitutunun direktoru professor Rostislav Ribakov rəhbərlik etmişlər. Hazırda isə DAP-ın rəhbərləri Qazaxıstan Yazıçılar Birliyinin sədri professor Nurlan Orazalin və Harun Tokakdır.
DAP-ın mətbu orqanı olan “Dialoq Avrasiya” jurnalından danışan N.Cəfərov qeyd etmişdir ki, bu nəşr Türkiyə və Rusiya başda olmaqla Avrasiyanın 16 ölkəsində dərc olunmaqdadır. Rus və türk dillərində nəşr olunan “Dialoq Avrasiya” jurnalı hər sayında Avrasiyanın ürəyi olan Azərbaycanın tarixi, mədəniyyəti, təhsili, iqtisadiyyatı ilə bağlı tanınmış şəxslərin və yazıçıların məqalələrini dərc etməkdədir.
DAP-ın Azərbaycan nümayəndəliyinin katibi Mustafa Saatçı jurnalın Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Demokratiyaya gedən yol”, baş nazirin müavini Elçin Əfəndiyevin “Əbədi düşüncələr” kitablarının Anadolu türkcəsinə tərcümə edilib nəşr olunduğunu bildirib. O, “DA” jurnalının 28 sayında Azərbaycanla bağlı 110 məqalənin nəşr edildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müasir dünyanın ən dəyərli fəaliyyət istiqamətlərindən birinin dialoq olduğunu bildirib. Onun sözlərinə görə, dialoqla bütün problemlərin həlli mümkündür: “Tarix boyu başqa cəmiyyətləri güc yolu ilə öz dinindən, ənənəsindən döndərib güclü cəmiyyətlərə birləşdirmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayıb. Dialoq isə heç də digər cəmiyyətdən olan insanları öz inanclarından imtina etməyə vadar etmir. Bu sadəcə ortaq nöqtələrin tapılmasıdır”.
Konfransda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rusiya və Türkiyənin elm xadimləri iştirak ediblər.
AzərTAc, 30.04.2009.