“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.04.2009, 13:27
365

Yerevanda Türkiyə ilə Ermənistan arasında heç bir sənəd imzalanmadı

A- A+

Bununla belə, tərəflər danışıqların davam edəcəyini, Azərbaycan isə Qarabağ məsələsinin çözülməsi şərtilə bu prosesə dəstək verə biləcəyini nəzərə çatdırıb

Aprelin 16-da Yerevanda keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələrinin xarici işlər nazirlərinin toplantısında Türkiyə ilə Ermənistan arasında münasibətlərə dair hər hansı sənəd imzalanmayıb.  

Yerevandakı toplantı zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin açılması ilə bağlı niyyət sənədinin imzalanacağına dair xəbərlər xeyli vaxtdan bəri gündəmi məşğul etməkdə idi.

Hərçənd mövzu ilə bağlı son gəlişmələr - Azərbaycanda, eləcə də Türkiyənin özündə Ermənistanla münasibətlərdə Qarabağ münaqişəsinin vazkeçilməz ünsür olduğunu vurğulayan çoxsaylı çıxışlar və bunun ardınca Ankaranın bir anlamda geriyə addım atması həmin spekulyasiyaları xeyli dərəcədə səngitmişdi. Bu baxımdan Türkiyə və Ermənistan XİN rəhbərlərinin Yerevan görüşündən ortaya hanısasa anlaşmanın çıxmayacağı prinsipcə bəlli idi.

«Ermənistanla Türkiyə arasında hər hansı sənəd imzalanmayacaq», - Ermənistan XİN rəhbəri Edvard Nalbandyan QİƏT ölkələri xarici işlər nazirlərinin iclasından sonra keçirilən birgə mətbuat konfransında deyib. Nalbandyan toplantı çərçivəsində Ermənistanla Türkiyə arasında sənədin imzalanmasının əvvəlcədən planlaşdırılmadığını bildirib.
Bununla belə, erməni nazir danışıqların davam etdiyini və «Ermənistan-Türkiyə münasibətlərinin bərpası məsələsinin yaxın gələcəkdə həllini tapa biləcəyini» vurğulayıb: «Biz artıq irəliləyiş qeydə almışıq. Yaxın gələcəkdə bu məsələlərin həllinə çox yaxınlaşa bilərik».

Ermənistan XİN başçısı Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmadığını da söyləyib: «Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində və onun həmsədrlərinin köməyi ilə aparılır. Başqa format yoxdur».

Türkiyə xarici işlər naziri Əli Babacan isə ölkəsinin bütün qonşuları, o sıradan Ermənistanla da normal münasibətlərdə maraqlı olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətləri qarşılıqlı dialoq çərçivəsində sahmanlamaq niyyətindədir və bunun regionda sülh və əməkdaşlığa töhfə verəcəyinə ümidvardır.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri bu fikri bir gün öncə Vyanada türk diaspor təşkilatları ilə görüşdə də nəzərə çatdırmış və Ankara-Yerevan dialoqunun regionda sülhə zəmin olacağını bildirmişdi. Babacanın sözlərinə görə, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan da bu ölkə ilə danışıqlar aparır və belə olan halda Türkiyənin Ermənistanla problemləri çözmək üçün dialoqdan qaçması «normal olmazdı». «Türkiyə Ermənistanla münasibətlərin hərtərəfli həllinə çalışır», - deyə Babacan təyyarədə türkiyəli jurnalistlərə bildirib.

Yeri gəlmişkən, Türkiyə XİN rəhbərini səfərdə müşayiət edən jurnalistlərin bir qismi Ermənistanla bağlı materiallar hazırlamaq üçün Yerevanda qalıblar. Sabah (18 aprel) isə Türkiyə jurnalistlərinin Dağlıq Qarabağa səfər edəcəkləri bildirilir. «Panarmenian.net» saytının məlumatına görə, heyətə TRT, «Zaman» və digər nüfuzlu media qurumlarının jurnalistləri daxildir.

Yerevandakı toplantıda Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də jurnalistlərin Türkiyə-Ermənistan dialoqu barədə suallarını cavablandırıb. «Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin bərpası prosesini maraqla izləyir, lakin hesab edir ki, bu proses Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqəli olmalıdır», - deyə o, mətbuat konfransında bildirib. Nazir müavini nəzərə çatdırıb ki, Azərbaycan Türkiyə ilə Ermənistan arasında aparılan danışıqları iki ölkənin daxili işi hesab edir: «Azərbaycanın mövqeyi digər ölkələrin daxili işlərinə müdaxilə etməməkdən ibarətdir».

Bununla yanaşı, Məmmədquliyev Türkiyənin Ermənistanla münasibətlərinin məhz Azərbaycan torpaqlarının işğalı ilə bağlı kəsildiyini xatırladıb və bu münasibətlərin bərpasının da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəli olmasının vacibliyini vurğulayıb. Nazir müavini Azərbaycan tərəfin Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflərini nəzərdən keçirməyə hazır olduğunu da bildirib: «Türkiyə ATƏT-in Minsk qrupunun üzvü və ciddi regional oyunçulardan biridir. Əgər Türkiyə münaqişəsini həllinə töhfə vermək istəyirsə, Azərbaycan bunu nəzərdən keçirməyə və bizim mənafeyimizə uyğun olan təklifləri dəstəkləməyə hazırdır».

Məmmədquliyev qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik istənilən dövlətin səylərini alqışlayır və real təklifləri nəzərdən keçirməyə hazırdır. «Münaqişənin davam etməsi heç bir tərəfə üstünlük vermir və problemin beynəlxalq hüquqdan kənar hər hansı alternativ həll yolu da yoxdur».

Mətbuat konfransında Rusiya XİN rəhbəri Sergey Lavrov da Türkiyə-Ermənistan dialoqu barədə sualı cavablandırıb. «Rusiya Ermənistan-Türkiyə münasibətlərinin sahmanlanması istiqamətində istənilən addımı alqışlayır» - deyə o bildirib. Lavrovun sözlərinə görə, bu, ilk növbədə, Türkiyə ilə Ermənistan arasındakı ikitərəfli məsələdir: «Biz bundan çıxış edərək tərəflər arasında münasibətləri normallaşdırmaq üçün bütün addımları təqdir edirik».

Qeyd edək ki Yerevanda Türkiyənin xarici işlər naziri Babacanın erməni həmkarı Nalbandyan, Rusiya XİN başçısı Lavrov və Azərbaycan xarici işlər nazirinin müavini Məmmədquliyevlə görüşləri olub. Bundan əlavə, Ermənistan prezidenti Serj Sarkisyan QİƏT ölkələri nümayəndə heyətini qəbul edib. Türkiyə mediasının diplomatik qaynaqlara əsasən verdiyi xəbərə görə, qəbuldan sonra Sarkisyanın Türkiyə və Rusiya XİN rəhbərləri ilə ayrıca görüşü də olub.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik Azərbaycana keçib

Yerevan iclasında QİƏT-ə sədrlik Ermənistandan Azərbaycana keçib. Qeyd edək ki, quruma sədrlik 6 aydan bir əlifba sırası ilə dəyişir. 2008-ci ilin oktyabrında Ermənistan QİƏT-ə sədrliyi Albaniyadan təhvil almışdı. Azərbaycan da öz növbəsində təşkilata sədrliyi bu ilin oktyabrında Bolqarıstana verəcək. Ermənistanın xarici işlər naziri Nalbandyan sədrliyi Azərbaycana təhvil verdiklərini deyərək bölgənin konsolidasiyası və möhkəmləndirilməsi işində Bakıya uğurlar arzulayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Məmmədquliyev isə sədrliyi məsuliyyət hissi ilə qəbul etdiklərini deyib: «Azərbaycan təşkilata sədrliyi böyük məsuliyyətlə qəbul edir və öz sədrliyi dövründə təşkilatın effektivliyini artıracağına ümidvardır. Bizim üçün ikinci proritet regional əməkdaşlığın genişlənməsidir və əgər regiondakı bütün münaqişələr həllini tapsa, bu daha da səmərəli olacaq. Nəhayət, üçüncü istiqamət Avropa Birliyi ilə əməkdaşlığın inkişafıdır». Nazir müavini qeyd edib ki, Azərbaycan təşkilata sədrliyi dövründə QİƏT ölkələrinin informasiya və kommunikasiya texnologiyalarına məsul olan nazirlərinin görüşünü təşkil etmək niyyətindədir. 

Qeyd edək ki, 1992-ci ildə (25 iyun) İstanbulda Türkiyənin o vaxtkı prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən sammitdə əsası qoyulan QİƏT-in hazırda 13 üzvü var. İstanbulda imzalanan «Bosfor bəyannaməsi»nə 9 ölkə (Türkiyə, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Albaniya, Gürcüstan, Azərbaycan, Ermənistan) imza atmışdı. 1995-ci ildən Yunanıstan, 1997-dən Bolqarıstan, 2004-dən isə Serbiya və Çernoqoriya təşkilatın üzvüdür. Bundan əlavə, ABŞ, Avstriya, Belarus, Xorvatiya, Çexiya, Misir, Fransa, Almaniya, İtaliya, Polşa və Slovakiya qurumda müşahidəçi qismində təmsil olunur.

1998-ci ildə isə təşkilatın Nizamnaməsi (1999-cu il mayın 1-dən qüvvəyə minib) qəbul edilib, daimi katibliyi (İstanbulda yerləşir) yaradılıb. Təşkilatda növbəli sədrlik də həmin vaxtdan başlanıb. 1999-cu ildə BMT Baş Assambleyasının 54-cü sessiyasında QİƏT-ə BMT-də müşahidəçi təşkilat statusu verildi. Sonrakı dövrdə təşkilatın bir sıra strukturları (Qara dəniz İqtisadi Ticarət Bankı, QİƏT Fondu) təsis olunub. Avropa Birliyi QİƏT-lə tərəfdaşlığa (o cümlədən «Avropa qonşuluq siyasəti» kontekstində) önəm verir.

Bununla belə, hələlik QİƏT-in regional işbirliyi məkanı kimi effektivliyindən danışmaq mümkün deyil. Bu da, ilk növbədə, təşkilata üzv ölkələr arasında mövcud olan problemlərlə bağlıdır. Üstəlik ötən ildən bu yöndə vəziyyət daha da qəlizləşib. Əgər indiyədək QİƏT formatında əsas ayırıcı xətt Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Ermənistanla Türkiyə arasındakı problemlər idisə, 2008-ci ilin avqustundan buraya Rusiya-Gürcüstan münaqişəsi də əlavə olunub.

Odur ki, vaxitlə bu qurumu regional işbirliyi təşəbbüsü kimi rəli sürən Türkiyə indi belə bir müstəvinin real olaraq formalaşmasına səy göstərir. Əslində Qara dəniz hövzəsinə birbaşa aiddiyəti olmayan və Qarabağ müharibəsində qarşı-qarşıya dayanan Azərbaycanla Ermənistanın bu əməkdaşlığa cəlb edilməsi də Ankaranın üzərinə götürdüyü missiyanın tərkib hissəsi idi. Lakin ötən 17 ildə QİƏT-in qarşıya qoyduğu başlıca missiya hələ də gerçəkləşməyib və buna ən böyük əngəl yenə Ermənistan-Azərbaycan münaqişəsidir. Təsadüfi deyil ki, bu gün Türkiyənin regional təşəbbüslərini diqqətlə izləyən Qərb dairələri də Qarabağ münaqişəsinin ortada çox ciddi faktor olduğunu qeyd edirlər.

«Sərhədlərin açılması təkcə Türkiyə və Ermənistana iqtisadi dividendlər vəd etmir, həmçinin Avropanın qonşuluğundakı regionda dondurulmuş münaqişənin yumşalmasına - Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ üstündə hərbi qarşıdurmasını yumşaltmağa kömək edə bilər. Bu həmçinin Rusiyanın Qafqazda öz balansını (Ermənistanla Azərbaycana münasibətdə) bərpa etməyə, Türkiyəyə isə öz nüfuz dairəsini Mərkəzi Asiyaya doğru genişlətməyə imkan verəcək. Göründüyü kimi, bütün məsələlər bir-biri ilə bağlıdır, lakin onların gərginliyi müştərək həlli çətinləşdirir», - deyə ingilis «The Times» qəzeti dünənki sayında qeyd edir.

Vüqar Orxan, «525-ci qəzet», 17.04.2009.

Xəbərlər
Redaktorun seçimi