“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.10.2009, 08:32
440

Türkiyə-Ermənistan protokolları TBMM-də gündəmə gəlib

A- A+

XİN başçısı Əhməd Davudoğlunun protokollarla bağlı çıxışı kəskin diskusiyyalar doğurub

Oktyabrın 21-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla imzalanmış protokollarla (10 oktyabr 2009) bağlı Türkiyə Böyük Millət Məclisində çıxış edib. 

APA-nın xəbərinə görə, Ə. Davudoğlu Cənubi Qafqaz bölgəsində hər an partlamağa hazır olan donmuş böhranlar olduğunu deyib və bu partlamağa hazır bombaların zərərsizləşdirilməsinin zəruriliyini vurğulayıb: “Təəssüf ki, Cənubi Qafqazda bu problemlərin həlli üçün siyasi dialoq zəmini yoxdur. Bölgədə Azərbaycan, Gürcüstan və Türkiyənin ortaq həyata keçirdiyi layihələr istisna olmaqla, bütün bölgəni əhatə edən, xalqları yaxınlaşdıran qarşılıqlı iqtisadi əlaqələr çox zəifdir.

Bölgədə mədəni əlaqələr də zəifdir və xalqlar bir-birindən getdikcə uzaqlaşır. Biz uzun əsrlər boyu Qafqazın taleyini müəyyən edən dövlət və millət olaraq bu vəziyyətə laqeyd qala bilmərik. “Yurdda sülh, dünyada sülh” prinsipi ilə bu durumu siyasi dialoq, qarşılıqlı iqtisadi əlaqələr və mədəni müxtəliflik əsasında dəyişmək, yenidən formalaşdırmaq istəyirik”.

Ə. Davudoğlu bölgədəki mövcud durumun nə Azərbaycan, nə Ermənistan, nə də Türkiyənin maraqlarına uyğun olmadığını bildirib: “Qardaş Azərbaycanın torpaqları 17 ildir işğal altındadır. Ermənistan isə zahirən hərbi uğur əldə edib, amma getdikcə yoxsullaşır, əhalisi ölkəni tərk edir. Türkiyənin ziyanına olan məqam da odur ki, biz qardaş Azərbaycan xalqının sıxıntılarını ürəyimizdə hiss edirik. Biz bölgədəki mövcud status-kvonu elə dəyişmək istəyirik ki, bir daha yeni risklər ortaya çıxmasın”.

Nazir Türkiyənin Ermənistanla əlaqələrinin 3 əsas məqsədə yönəldiyini bəyan edib: “Birinci məqsəd mehriban qonşuluq əlaqələrinin yaradılması, ikinci məqsəd yüz illər boyu birlikdə yaşamış türk və erməni xalqları arasında keçmişdən qaynaqlanan problemləri ortadan qaldırılması, üçüncü məqsəd isə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həllinin yolunun açılmasıdır”.

Birinci hədəfin həyata keçirilməsindən danışan Ə. Davudoğlunun sözlərinə görə, imzalanmış protokollarda iki ölkə arasındakı mövcud sərhədlərin beynəlxalq müqavilələrə uyğun olaraq tanınması və dövlətlərin ərazi bütövlüyünə hörmət əksini tapıb: “Ermənistanda heç kim Türkiyədən torpaq tələb etməyə cürət edə bilməz. Bu protokolları imzalamaqla Ermənistan bunun hüquqi cəhətdən mümkün olmadığını təsdiqləyib.

Mövcud sərhədlərin tanınması ilə bağlı cəmi iki beynəlxalq müqavilə var – Moskva və Qars müqavilələri. Qars müqaviləsi SSRİ, sovet Ermənistanı, sovet Azərbaycanı və sovet Gürcüstanı arasında imzalanıb. İndiki Ermənistan sovet Ermənistanının hüquqi varisidir. 1991-ci ildə Almatıda SSRİ-dən ayrılmış sovet respublikaları SSRİ-nin imzaladığı bütün beynəlxalq sənədlərə sadiq qaldıqlarını və bu sənədləri tanıdıqlarını elan ediblər”.

İkinci məqsədin həyata keçirilməsindən danışan nazir protokollarda tarixi məsələlərin - saxta və uydurma soyqırım probleminin araşdırılması üçün ortaq komissiyanın yaradılmasının nəzərdə tutulduğunu söyləyib. O qeyd edib ki, bu komissiya arxivləri elmi əsaslarla araşdıracaq və Ermənistan bunu qəbul edib.

Üçüncü məqsədin həyata keçirilməsinə toxunan Ə. Davudoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə-Ermənistan yaxınlaşmasına paralel gedir: “İmzalanmış protokollarda münaqişələrin sülh yolu ilə, beynəlxalq normalar əsasında həllinə sadiqlik əksini tapıb. Bizim üçün Azərbaycanın ərazi bütövlüyü Türkiyənin ərazi bütövlüyü qədər əzizdir.

Bu problemin həlli üçün bizim qədər cəhd göstərən dövlət yoxdur. Keçirdiyimiz hər beynəlxalq görüşdə Qarabağ məsələsini gündəmə gətiririk. Qarabağ probleminin həlli üçün əlimizdən gələni edəcəyik. Normallaşma yalnız iki ölkə arasında ola bilməz və bütün bölgəni əhatə etməlidir”.

Ə. Davudoğlunun çıxışı müxalifətçi millət vəkillərinin etirazları ilə müşayiət olunub.

  *  *  *

Türkiyə parlamentində Ermənistanla imzalanmış protokollarla bağlı hökumətə çox sərt ittihamlar səslənib

Türkiyə Böyük Millət Məclisində Ermənistanla imzalanmış protokollarla bağlı gərgin müzakirə aparılıb.

Xarici işlər naziri Əhməd Davudoğlu və parlament fraksiyaları – Milliyyətçi Hərəkat, Cümhuriyyət Xalq və Demokratik Toplum partiyaları təmsilçilərinin çıxışlarından sonra reqlamentə uyğun olaraq söz istəyən millət vəkillərinə 2 dəqiqəlik çıxış imkanı verilib.

Müzakirələrdə daha çox MHP millət vəkilləri söz alaraq hökumətə sərt ittihamlar ünvanlayıblar.

Kamil Sipahi (MHP) Əhməd Davudoğlunun Bakıdakı şəhidlikdə olan türk bayraqlarının Azərbaycan xalqının namusuna əmanət edildiyi barədə sözlərini xatırladaq Bursadakı olaylara toxunub. O, Bursada oynanan Türkiyə-Ermənistan matçından əvvəl Azərbaycan bayraqlarının yığışdırılaraq yerə atılması əmrini verənlərin izzət-namus səviyyəsi haqqında nazirin nə düşündüyünü soruşub.

Eyni partiyadan istefada olan general Kürşad Atılqan protokolların imzalanmasından sonra Azərbaycanla əlaqələrin korlandığına diqqət çəkib. O bildirib ki, Ermənistanla sərhədlərin bağlı qalması Türkiyənin ən böyük təzyiq vasitəsidir: “Sərhədlər açılsa Ermənistan iqtisadiyyatı inkişaf edəcək. Ermənistan indiki zəif vəziyyətində Qarabağdan çıxmırsa, sərhədlər açıldıqdan sonra necə çıxacaq? Baş nazir Ərdoğanın Azərbaycanda verdiyi vədin arxasında dayanırsınızmı? Qarabağ işğaldan azad olunmayana qədər sərhədlərin açılmayacağına təminat verirsinizmi?”

MHP-dən olan Şenol Bal isə protokolların niyə uydurma “erməni soyqırımı”nı tanıyan İsveçrədə imzalandığını soruşub.
Cümhuriyyət Xalq Partiyasından Canan Arıtman isə Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ-da verdiyi bəyanatı xatırladıb. Onun sözləri görə, S. Sarkisyan yaradılacaq birgə komissiyanın soyqırım məsələsini deyil, Türkiyədən qovulmuş ermənilərin mirasını və “soyqırım qurbanları”nın itkilərinin kompensasiyasını müzakirə edəcəyini deyib: ”Ermənistanın milli təhlükəsizlik strategiyasında Türkiyə-Azərbaycan müttəfiqliyi ən böyük təhdid mənbəyi kimi göstərilib. Onların məqsədi bu ittifaqı pozmaq idi, buna da nail oldular. Protokolların bizə heç bir xeyri olmadı, amma artıq ziyanını görürük. Bayraq məsələsi və təbii qazın qiymətinin artırılması buna misaldır”.

MHP-dən Qədir Ünal da İsveçrədə uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edildiyini vurğulayaraq Ə. Davudoğlundan soruşub: “Siz ora gedərkən soyqırımı tanıdınızmı? Birgə komissiyada isveçrəli tarixçinin də olacağını deyirsiniz. İsveçrəli tarixçi soyqırımın baş vermədiyini söyləyə biləcəkmi?”

MHP Bursa millət vəkili Hamza Həmid Homriş isə şəhərdəki hadisələri gözləri ilə müşahidə etdiyini, stadiona Azərbaycan bayrağı ilə girmək istəyənlərin polis tərəfindən döyüldüyünü, yerə yıxılıb sürükləndiyini açıqlayıb: “FİFA maskası altında Bursada Azərbaycan bayrağını yasaqladınız. Eyni saatlarda Bakıda oynana matçda isə azərilər türk bayrağı qaldırmışdılar. Nazir Bakıdakı türk bayraqlarının azərilərin namusu və şərəfinə əmanət edildiyini deyir. Azərilər soruşmadılar, amma mən soruşuram: Bəs Bursada zibil qutusuna atılan Azərbaycan bayraqları sizin şərəfinizə əmanət edilməmişdimi?”

Nazir Ə. Davudoğlu sərt tənqid və ittihamlara cavab vermək üçün bir daha söz alıb. O, Türkiyənin mövcud hökumətinin xaricdən idarə olunduğuna dair ittihamlara etirazını bildirib: “Türkiyə hökuməti xaricdən təlimat almır, Ankarada qərar verir. Keçmişdə də belə olub, indi də belədir. Tənqid edin, bu, sizin haqqınızdır, amma hökumətin xaricdən idarə olunduğunu söyləmək əxlaqa ziddir. Bu proses Türkiyənin iradəsidir”.

Nazir Bursada baş verənlərin ölkənin xarici siyasətinə aidiyyəti olmadığını vurğulayıb: “Bayraq məsələsi haqqında hökumətimizin təlimatı ilə araşdırma aparılıb və vali bu araşdırmanın nəticələrin açıqlayıb. Bunun Azərbaycana hörmətsizlik kimi qiymətləndirilməsi Azərbaycanla münasibətlərimizə ən böyük zərbədir. Sabah Bakıya gedirəm və bu ölkənin liderləri ilə görüşəcəyəm. Azərbaycanın mənafeyini sona qədər müdafiə edəcəyəm”.

Xəbərlər
Redaktorun seçimi