“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.02.2010, 20:55
488

Almaniya parlamentində Xocalı soyqırımı ilə bağlı sənəd yayılıb

A- A+

Müraciətdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti pislənilir

Almaniya parlamentinin dövlət katibi, AŞPA-nın monitorinq komissiyasının sabiq sədri və Almaniya-Azərbaycan Cəmiyyətinin sədri Eduard Lintner Bundestaqa (Almaniya federal parlamentinin aşağı palatası – red.) “Xocalı şəhərində Azərbaycan əhalisinin kütləvi qırğını və qətliamı və 1992-1993-cü illər Ermənistan–Azərbaycan müharibəsi gedişində bir milyondan çox qaçqın və məcburi köçkünün taleyi” sərlövhəli müraciət göndərmişdir.

Müraciətdən məqsəd Ermənistanın 1992-ci ildə təcavüzü nəticəsində dinc Azərbaycan sakinlərinin soyqırımı və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini hələ də işğal altında saxlaması faktlarını Almaniya və Avropa ictimaiyyətinə çatdırmaqdır.

Sənədin müəllifi Bundestaqı Ermənistan tərəfinin insanlığa qarşı dəhşətli cinayətlər törətməsi faktını qeyd-şərtsiz tanımağa çağırmışdır.

Müraciət Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanı kəskin pisləyir və qüvvədə olan beynəlxalq hüquqa müvafiq surətdə həmin vəziyyətə ən qısa müddətdə son qoymağa çağırır.

"Bunun üçün Ermənistan ilk növbədə işğal etdiyi yeddi Azərbaycan rayonundan 5-ni, sonra qısa müddətdə qalan iki rayonu azad etməli, azərbaycanlı məcburi köçkünlərin tarixi vətənlərinə - Dağlıq Qarabağa qayıtmaları üçün şərait yaratmalı və gələcəkdə Dağlıq Qarabağın Azərbaycanın tərkibində və ərazi bütövlüyü çərçivəsində qəti statusunu hazırlamaqda regionun ikiicmalı əhalisinə mane olmamalıdır, - deyə müraciətdə vurğulanır.

AzərTAc.

 * * *

Mövzuya dair:

Xocalı və Çexiyanın Lidiçe şəhəri qardaşlaşacaq

Fevralın 26-da Xocalı və Lidiçe şəhərlərinin icra hakimiyyəti başçıları bu şəhərlərin qardaşlaşması barədə protokol imzalayacaqlar. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətinə Praqada fəaliyyət göstərən “Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərov məlumat verib.

“Bu, Azər-Çex Cəmiyyətinin təşkilatçılığı, DİDK və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbir çərçivəsində baş tutacaq”, - deyə Elşən Nəzərov bildirib.

Onun sözlərinə görə, həmin gün Lidiçe muzeyində Heydər Əliyev Fondunun hazırladığı fotosərgi təqdim olunacaq, çexiyalı mütəxəssis Helena Masnikova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə ilə çıxış edəcək və Xocalı qətliamından bəhs edən sənədli film nümayiş olunacaq.

“Tədbirdə Çexiyanın mədəniyyət naziri Vatslav Riedlbauch, Çexiya Parlamenti və Senatının, Çexiyadakı diplomatik korpusun əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Xocalı Şəhər İcra Hakimiyyətinin, bu ölkədəki diasporumuzun nümayəndələri və digər qonaqlar iştirak edəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, Lidiçe şəhər rəhbərliyinin qərarına görə, buradakı küçələrdən birinə Xocalı adı veriləcək. Bu barədə rəsmi qərarı bir neçə gün əvvəl Lidiçe şəhər icra hakimiyyətinin başçısı Yozef Klima “Azər-Çex” Cəmiyyətinə təqdim edib.

Xatırladaq ki, Lidiçe 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan edilib, əhalisi isə terrora məruz qalıb. Xocalı və Lidiçe faciələrinin oxşarlığı “Azər-Çex” Cəmiyyətinin 2007-ci il fevralın 26-da Lidiçe Muzeyi və Xatirə Kompleksində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş, 3 ay davam edən silsilə tədbirlər keçirməsinə səbəb olub.

Xəbərlər
Redaktorun seçimi