“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.02.2013, 15:10
432

Xocalı soyqırımı qurbanları Almaniyada yad edilib

A- A+

Anım tədbirlərində millət vəkilləri Rövşən Rzayev və Qənirə Paşayeva iştirak ediblər

Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşkilatçılığı və ölkəmizin Almaniyadakı səfirliyinin, Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin (AAKM) və Berlin-Brandenburg Atatürkçü Düşüncə Dərnəyinin (ADD) dəstəyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. 

Berlindəki Türk Evində keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Qənirə Paşayeva və Rövşən Rzayev, həmçinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) eksperti, tarixçi Məhərrəm Zülfüqarlı iştirak etmişlər.

ADD-nin rəhbəri Olcay Başegmez tədbiri açdıqdan sonra Xocalı soyqırımı qurbanlarının və Dağlıq Qarabağ müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir. Olcay Başegmez təəssüflə bildirmişdir ki, XXI əsrə qədəm qoyulduğuna baxmayaraq Dağlıq Qarabağ problemin həllində hələ də bir irəliləyiş yoxdur. Onun fikrincə, bəzi ölkələrin problemin həllində maraqlı olmaması və buna mane olması böyük rol oynayır. Vurğulanmışdır ki, illər keçsə də, Azərbaycan xalqı, yurd-yuvasından didərgin düşmüş azərbaycanlılar hüquqlarını bərpa edəcək, doğma torpaqlarına dönmək haqqını tələb edəcəklər.

AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmailova çıxış etmiş və Xocalı soyqırımının Almaniya ictimaiyyətində tanıdılması istiqamətində keçirilən tədbir və aksiyalar haqqında geniş məlumat vermişdir. O, türk xalqının və Berlindəki türk icmasının belə bir gündə azərbaycanlılarla bir olmasına yüksək dəyər verdiyini bildirmişdir.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışında belə mühüm tədbirlərin Türk Evində türk icması ilə birgə keçirilməsinin artıq ənənə halını aldığını bildirmiş və bunu yüksək dəyərləndirmişdir. O, bildirmişdir ki, türk və Azərbaycan diasporları Almaniyada sıx əməkdaşlıq edir və bir-birini qarşılıqlı şəkildə dəstəkləyirlər.

Səfir bu günlərdə Almaniyanın 30 şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinin anıldığını qeyd etmiş və bildirmişdir ki, bu əvvəllər təsəvvür edilməz idi. Hazırda isə Almaniyada Azərbaycana qarşı münasibət dəyişmiş və Dağlıq Qarabağ problemi ilə bağlı bir sıra qətnamələr qəbul edilmişdir. O, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həllini sülh yolu ilə həll etmək yolunda səylər göstərdiyini vurğulamışdır.

Türkiyənin Berlindəki Baş konsulu Əhməd Başar Şen Xocalı soyqırımının baş verməsinin türk və Azərbaycan xalqı üçün acı bir örnək olduğunu qeyd etmişdir. O, demişdir ki, Azərbaycan xalqına qarşı edilən haqsızlıq türk xalqını da kədərləndirir. Bu səbəbdən Türkiyə bu acı və üzüntüləri Azərbaycanla paylaşır.

Çıxışlardan sonra Qarabağın tarixinə və Dağlıq Qarabağ müharibəsinə həsr olunmuş “Xocalı qətliamı” tarixi-sənədli film nümayiş etdirilmişdir.

Filmin nümayişindən sonra TAVD-ın sədri professor Haqqı Kəskinin moderatorluğu ilə podium çıxışları olmuşdur. Azərbaycan parlamentinin deputatları Qənirə Paşayeva və Rövşən Rzayev müxtəlif ölkələrdə keçirdikləri görüşlərdən danışmış, Dağlıq Qarabağ münaqişəsinin həllinə apara biləcək tezislərlə çıxış etmiş, fikirlərini bölüşmüşlər.

Məhərrəm Zülfüqarlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair maraqlı faktları tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

* * *

►Bax həmçinin:

Maqdeburq şəhərində Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş yürüş

Fevralın 23-də Almaniyanın Maqdeburq şəhərində Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin, Odlar Yurdu Təşkilatının, Almaniyanın Zaxhsen-Anhalt əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin dəstəyi və təşkilatçılığı ilə Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə alman, rus, bolqar, polyak və başqa icmaların nümayəndələri iştirak etmişlər. Əvvəlcə 35 avtomobillə iki marşrut üzrə Maqdeburq şəhərinin mərkəzi küçələrində yürüş keçirilmiş, sonra isə toplantı olmuşdur. Toplantıda Zaxhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklər barədə ətraflı məlumat vermişdir.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rövşən Rzayev və Xocalı faciəsinin 20 illiyinə həsr edilmiş kitabın müəllifi Rolf Kunsh Azərbaycan həqiqətlərini, xalqımıza qarşı törədilən haqsızlıqlar və cinayətlər haqqında geniş məlumat vermişlər.

Tədbirin sonunda Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirilmişdir.

* * *

Almaniyanın Bielefeld şəhərində Xocalı yürüşü

Fevralın 23-də Almaniyanın Bielefeld şəhərində Xocalı soyqırımının XXI ildönümü ilə əlaqədar mitinq və yürüş keçirilmişdir. Aksiyaya Almaniyanın bir çox şəhərlərindən insanlar qatılmışlar.

Mitinq iştirakçıları erməni terrorçularının və Xocalı soyqırımını törədənlərin, xüsusən də bu faciənin təşkilatçılarından olan Serj Sarkisyanın, Qukasyanın, Zori Balayanın, Robert Köcəryanın və başqalarının bəşəriyyətin gözü önündə cəzalandırılmasını tələb etmişlər. Yürüşdə “insanları haqq-ədalət içində, qardaşcasına, bərabər yaşamağa çağırırıq”, “Qarabağa azadlıq, “Xocalıya ədalət” şüaları səsləndirilmişdir.

Qeyd edək ki, Almaniyanın Frankfurt, Hamburq və digər şəhərlərində də Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib.

AzərTAc, APA

 

Xəbərlər
Redaktorun seçimi