Avropa Parlamenti dövlətlərin ərazi bütövlüyünü önə çəkən qətnamə qəbul edib
Azərbaycan XİN avropalı parlamentarların qərarını alqışlayır
Azərbaycanın Xarici İşlər Nazirliyi 20 may 2010-cu il tarixində Avropa Parlamenti tərəfindən bolqarıstanlı parlamentar Yevgeni Kirilovun məruzəsi əsasında “Avropa Birliyinin Cənubi Qafqazda strategiyasına tələb” adlı qətnamənin qəbul edilməsini alqışlayır.
Qeyd edək ki, sözügedən qətnamədə Avropa Parlamenti Avropa Birliyini Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı kimi təşəbbüslərini dəstəkləyərək Cənubi Qafqaz ölkələrinin Avropa siyasətinə inteqrasiyasını sürətləndirməyi zəruri sayır. Avroparlament həmçinin Avropa Birliyini Cənubi Qafqazı davamlı sülh, sabit və çiçəklənən regiona çevirmək istiqamətində daha fəal rol oynamağa çağırıb.
Azərbaycan XİN-in bununla bağlı açıqlamasında bildirilir:
“Bu vacib qətnamə haqlı olaraq regionda həll olunmayan münaqişələri iqtisadi və sosial inkişafa və Cənubi Qafqaz ölkələrində Şərq Tərəfdaşlığının tam reallaşmasına maneə kimi qiymətləndirir və regionda stabillik üçün münaqişələrin dinc yolla həllini zəruri hesab edir.
Avropa Birliyi tərəfindən Cənubi Qafqaz ölkələrinə münasibətdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətə istinad edərək, habelə Şərq Tərəfdaşlığının məqsədlərindən biri tərəfdaş ölkələrin dövlətçiliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsinə real dəstək verilməsinin olduğunu xatırladır və region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmətə münasibətdə hər hansı bir şərtin irəli sürülməsini yolverilməz hesab edir”.
Nazirlik Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələrinə dair Avropa Parlamentinin aydın və vahid mövqeyini müsbət dəyərləndirib:
“Beləliklə, qarşıdan gələn aylar ərzində münaqişənin həlli cəhdlərinin sürətləndirilməsinə, beynəlxalq səviyyədə əsası olmayan və zor gücünə yaradılmış status kvonun qorunub saxlanılmasından imtina etməyə çağıraraq, Avropa Parlamenti bütün işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qüvvələrinin çıxarılmasını tələb edir.
Həmçinin Avropa parlamentariləri Dağlıq Qarabağ münaqişəsi zamanı və ya münaqişə ilə əlaqədar evlərini tərk edərək yüz minlərlə qaçqın və məcburi köçkünlərin didərgin qalmaqları faktı və onların geri qayıtmaq hüquqları da daxil olmaqla, hüquqlarının inkar olunması ilə əlaqədar öz ciddi narahatçılığını bildirirlər və bu hüquqların birmənalı və qeyd-şərtsiz tanınmasına çağıraraq onların təcili reallaşdırılmasını xüsusilə qeyd edirlər.
Dağlıq Qarabağ bölgəsində təşkil olunacaq “parlament seçkilərini” nəzərə alaraq, Nazirlik məmnuniyyətlə bildirir ki, Avropa Parlamentinin bu qətnamə vasitəsi ilə, Avropa İttifaqının separatist ərazilərdə keçirilən seçkilərin təşkilini qeyri-konstitusion və qeyri-qanuni hesab etdiyi mövqeyi təsdiqlənir və məcburi köçkünlərin siyasi hüquqları müdafiə edilir”.
Sənəddə bildirilir ki, erməni tərəfinin bunun qəbul edilməsinin qarşısını alınmasına dair edilən ümidsiz cəhdlərə baxmayaraq, bu qətnamə Avropa Parlamentinin əsas siyasi qrupları tərəfindən güclü dəstək almışdı: “Nazirlik inanır ki, Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu aydın və vaxtında edilmiş bildirişi Ermənistana münaqişənin həllinin uzadılmasına yönəlmiş siyasəti dayandırmağa və nəticədə, qətnamədə əks olunmuş prinsiplər əsasında, danışıqlarda konstruktiv mövqe tutmağa siqnal olacaq”.