“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.08.2009, 09:39
473

Gürcüstanın MDB-dən çıxması Ermənistanı çətin vəziyyətdə qoya bilər

A- A+

Erməni tərəf Rusiyadan gələn mallara tranzit qiymətlərinin qalxacağından narahatdır və Gürcüstana qarşı cavab addımları düşünür

Gürcüstanın avqustun 18-də MDB-ni rəsmən tərk etməsi bu ölkənin postsovet ölkələri ilə münasibətlərində yeni vəziyyət yaradır. İndiyədək həmin ölkələrlə iqtisadi-ticari əməkdaşlığı MDB müstəvisində qarşılıqlı güzəştli şərtlərlə həyata keçirən Gürcüstan indi bu prosesi ikitərəfli anlaşmalarla davam etdirməlidir. Bu isə ticarət əməliyyatları və tranzit tariflərinin bazar qiymətləri ilə tənzimlənməsi demək olacaq.

Qeyd etmək lazımdır ki, Gürcüstanın MDB-dən çıxmasının Azərbaycanla iqtisadi-ticari münasibətlərdə elə bir təsiri olmayacaq. Çünki bu münasibətlər indiyədək də əsasən ikitərəfli anlaşmalarla tənzimlənirdi. Buraya Azərbaycanın Gürcüstan tranziti ilə üçüncü ölkələrlə idxal-ixrac əməliyyatları da daxildir. Digər yandan, Gürcüstan Azərbaycan üçün strateji əhəmiyyətli (ələlxüsus neft-qaz sahəsində) tranzit ölkəsi olduğu kimi, ölkəmiz də Gürcüstanın Mərkəzi Asiya, İran və digər istiqamətlərdə ticari əlaqələrində müstəsna önəm kəsb edir.

Bu baxımdan Gürcüstanın MDB-ni tərk etməsindən ən çox əndişələnən Ermənistandır. Çünki Ermənistanın Rusiya ilə həyati əhəmiyyətli ticari-iqtisadi əlaqələri (o cümlədən təbi qaz, nüvə yanacağı idxalı) məhz Gürcüstan tranziti ilə mümkündür. Tbilisi indiyədək MDB ölkəsi olaraq bu tranzitdə erməni tərəf üçün güzəştli şərtlər saxlayırdı. Bundan sonra bunun belə davam edəcəyinə təminat yoxdur.

Düzdür, Gürcüstan hələlik Rusiyadan Ermənistana mal və məhsul nəqlinə yeni tariflər tətbiq edəcəyinə işarə vurmayıb. Amma mövzu hazırda Ermənistanda aktiv müzakirə mövzularındandır. «Gürcüstanın MDB-dən çıxması və Azərbaycanla birgə GUAM blokunda fəaliyyətini gücləndirməsi bizim üçün mənfi nəticələr doğuracaq. Bu proses Gürcüstanla Ermənistan arasında iqtisadi müharibəyə gətirə bilər», - deyə politoloq Sergey Şakaryans bildirib.

Erməni politoloq qeyd edib ki, əgər gürcü tərəf Ermənistanla münasibətlərini ikitərəfli anlaşmalara müvafiq davam etdirsə və «kənar qüvvələrin sifarişlərini yerinə yetirməsə», iki ölkə arasında elə bir problem yaranmaz. Lakin, Şakaryansa görə, Gürcüstanın Rusiya ilə münasibətləri yenidən gərginləşə və «gürcü tərəf MDB-dən çıxmasını əsas gətirərək Ermənistan qarşısında çətin suallar qoya bilər».

Xatırladaq ki, Ermənistanın xarici ticarətinin təxminən 70-80 faizi, Rusiya ilə idxal-ixrac əməliyyatları bütünlüklə Gürcüstan üzərindən həyata keçirilir.

Erməni politoloqa görə, rəsmi Yerevan hadisələrin belə gedişatına hazır olmalıdır: «Əgər Gürcüstan Rusiyadan Ermənistana qaz nəqlinin tranzit tariflərini qaldırsa, bu zaman erməni tərəf də öz növbəsində Gürcüstana satdığı elekrik enerjisinin qiymətini artırmalıdır».

«Ermənistan Gürcüstanla münasibətlərdə hər zaman qarşılıqlı etimadı qorumağa çalışıb. Gürcüstanın MDB-dən çıxması bu münasibətlərə mənfi təsir göstərməməlidir», - bunu isə digər erməni politoloqu, «Qərbi ermənilərin problemlərinin öyrənilməsi Mərkəzi»nin rəhbəri Ayzakun Alversyan bildirib. Onun sözlərinə görə, Ermənistan 2008-ci ilin avqust olaylarından sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımamaqla Gürcüstanla dostluq münasibətlərinə nə qədər önəm verdiyini nümayiş etdirib: «Gürcü tərəfi bunu nəzərə almalıdır».

Erməni politoloqun fikrincə, Gürcüstan Rusiya ilə müharibədən sonra «yazıq vəziyyətdədir», odur ki, Tbilisi Yerevanla yaxşı münasibətlərdə maraqlı olmalıdır: «Təsadüfi deyil ki, Saakaşvili son vaxtlar tez-tez Ermənistanın Gürcüstan üçün strateji tərəfdaş olduğunu deyir. Hərçənd iki ölkə arasında bu barədə hansısa sənəd yoxdur».

Erməni politoloq Gürcüstanla Azərbaycanın «arasına girməyə» də cəhd edib. Onun sözlərinə görə, rəsmi Tbilisi Bakı ilə tərəfdaşlığı genişləndirərkən bunun doğura biləcəyi nəticələri də diqqətə almalıdır. Alversyanın fikrincə, Gürcüstanın şərq rayonlarında - Kvemo-Kartli (Borçalı) bölgəsində azərbaycanlı əhalinin sayının artması əslində Gürcüstan üçün təhlükə mənbəyidir: «Tbilisi azərbaycanlılara qapı açmaqla onların ölkənin digər regionlarına yayılmasına imkan yaradır. Kvemo-Kartli bölgəsində sayı artan azərbaycanlılar tədricən Cavaxetiyaya üz tuturlar. Azərbaycanlılar buranı ələ keçirmək üçün tədricən qapalı dairə yaradırlar».

Maraqlıdır, deyilmi? Erməni politoloq Gürcüstanın təhlükəsizliyinin qeydinə qalır. Hərçənd burada Gürcüstanın deyil, bölgədəki erməni maraqlarının təəssübkeşliyindən danışmaq daha düzgün olardı. Yeri gəlmişkən, bənzər fikir bu günlərdə Gürcüstanın Samsxe-Cavaxeti və Kvemo-Kartli bölgələrində yaşayan erməni əhalinin adından yayılan məktubda da əksini tapıb.

Gürcüstanın «Axali Taoba» qəzetində dərc olunan məktubda iddia olunur ki, gürcülər azərbaycanlılarla əlbir olaraq erməni əhalini bu bölgələrdən sıxışdırmağa çalışarlar. Müraciətdə həmçinin Ermənistan hökumətindən bu prosesin qarşısını almaq üçün kömək istənilir.

Müraciətə münasibət bildirən Gürcüstan prezidentinin erməni əsilli müşaviri Van Bayburt(yan) isə orada yer alan iddiaların tamamilə əsassız olduğunu bildirib. Müşavir Gürcüstanda erməni əhaliyə qarşı diskriminasiyanın, eləcə də erməni və azərbaycanlı əhali arasında qarşıdurmanın olmadığını bildirib.

Onun sözlərinə görə, Cavaxetiya və Kvemo-Kartli ermənilərinin adından yayılan məktub əslində «Birləşmiş Cavaxk» adlı təşkilat tərəfindən hazırlanıb və Gürcüstan ermənilərinin mövqeyini ifadə edə bilməz. Bayburtyan bir maraqlı məqamı da nəzərə çatdırıb ki, «Birləşmiş Cavaxk» təşkilatı Rusiyadan maliyyələşir və idarə olunur.

Qeyd edək ki, «Birləşmiş Cavaxk» Gürcüstanın Cavaxeti bölgəsində erməni separatçılığını təşviq edən təşkilatdır. Təşkilatın ekstremist fəallarından olan Vahan Çaxalyan bir qədər əvvəl Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən tutularaq 10 il həbsə məhkum edilib.

Yeri gəlmişkən, bir neçə il öncə (Eduard Şevardnadze dönəmində) Gürcüstan parlamentinin deputatı olan Bayburtyan da Cavaxetiyada erməni separatizminin təbliğatçılarından idi. İndi Gürcüstan hakimiyyətində tutduğu vəzifə onu başqa cür danışmağa vadar edir.

Vüqar Orxan, “525-ci qəzet”, 20.08.2009.

Xəbərlər
Redaktorun seçimi