“Azərbaycan” qəzetinin Amerika əleyhinə yazısı xeyli sual doğurur
“Özü qüsurlar içində boğulan ABŞ-ın başqalarına "necə yaşamağı" öyrətməyə haqqı varmı?
“Azərbaycan” qəzetinin 30 dekabr 2010-cu il tarixli sayında “ABŞ: "Azadlığı" yoldan çıxaranlar” adlı geniş məqalə dərc olunub. Məqalənin motiv, məram və məqsədi xeyli suallar doğurur. Elə yazının özündə də Amerikaya ünvanlanan çoxlu suallar irəli sürülür.
Məqalənin kifayət qədər ictimai diqqət doğurduğunu nəzərə alaraq oxuculara təqdim edirik.
* * *
ABŞ: "Azadlığı" yoldan çıxaranlar
"Qui non est nobiscum, adversus nos est" ("Kim bizimlə deyildirsə, o, bizim əleyhimizədir")
Son onilliyin hadisələri aşkar şəkildə göstərir ki, ABŞ mütəmadi olaraq siyasi şantaj məqsədilə informasiya "istehsal edir".
Son iki administrasiyanın hakimiyyətdə olduğu, İraqa qanunsuz müdaxilə edilməsi, iqlim dəyişmələri haqqında "Kioto protokolu"nu ratifikasiya etməkdən imtina olunması, Əbu-Qreyb və Quantanamo həbsxanalarında məhbuslara işgəncələr verilməsi, Əfqanıstana müdaxilə və sonradan bu ölkədə narkotiklər istehsalının "çiçəklənməsi" və nəhayət, dünyanı iqtisadi böhrana təhrik etmiş "Uoll Strit" maliyyəçilərinin həyasızlığı ilə "əlamətdar" olmuş illər ABŞ-ı dünyada mənəvi və siyasi liderlik hüququndan məhrum etmişdir.
ABŞ-ın öz nümunəsi əsasında və ona oxşar "Dünya demokratiya cəmiyyəti"ni qurmaq üçün göstərdiyi qondarma cəhdlər "ixrac edilən məhsul"un bəyan edilən dəyərlərə uyğun gəlməməsi səbəbindən uğursuz olmuşdur. Yadda saxlamaq lazımdır ki, beynəlxalq birliyin böyük hissəsi ona zorla sırınan "Amerika demokratiyası"nın dünyanın bütün qalan ölkələrinə nümunə ola bilməsi ideyasını qəbul etməmişdir. Hətta ABŞ-ın tərəfdarları da ABŞ-ın öz fikrini başqalarına zorla qəbul etdirmək hüququ məsələsini, Amerika dəyərlərinin özünü şübhə altına almışlar.
ABŞ "xeyriyyəçi" Corc Sorosun, ABŞ Konqresinin və Dövlət Departamentinin vəsaitləri hesabına maliyyələşdirilən "Azadlıq radiosu", Amnesty International, Freedom House, Human Rights Watch və Transparency International kimi "demokratik dəyənəklər"dən istifadə edilməsi üzrə lider olaraq qalır. Bu təşkilatların hesabatlarında bütün ölkələrin adları sadalanır, lakin əsas düşmənlər kimi ABŞ-ın geosiyasi əleyhdarları və onların dostları xüsusi fərqləndirilir. Vaşinqtonun "altına uzanmamağa" cəsarət edənlərin insan hüquqları ilə bağlı vəziyyəti ilbəil pisləşir. Çoxları bilmir ki, keçən əsrin 50-70-ci illərində "Azadlıq radiosu"nun informasiyası uzun müddət ABŞ-da qadağan edilmişdir. Çünki burada aşkar yalan publikasiyaların sayı hədsiz çox idi və bu məlumatlar ictimai rəyə mənfi təsir göstərə bilərdi. İndiki dövrdə hüquqi qadağaların aradan qaldırılmasına baxmayaraq, ABŞ-da informasiya sahəsi heç də az sərt nəzarətdə deyildir.
Hələ soyuq müharibə dövrünün lap əvvəlində (40-cı illərin sonu) MKİ "Məzhəkəçi" (Mockingbird) əməliyyatına start vermişdi. Bu əməliyyatın məqsədi ən iri media qurumlarına təsir göstərmək və aparıcı jurnalistləri ələ almaq idi. Bu əməliyyat uğurla inkişaf etdirildi. Cəlb edilmiş media strukturlarının siyahısına ABC, NBC, CBS telekanalları, Time, Newsweek, Associated Press, UPI, Reuters, "Washington Post", "Los Angeles Times" və digər mətbu KİV-lər və informasiya agentlikləri, eləcə də MKİ-nin məxfi tapşırıqlarını yerinə yetirən 400 jurnalist daxil edilmişdi.
Xüsusi xidmət orqanları qeyri-rəsmi "susma andı"nı pozan jurnalistləri bağışlamırdı. MKİ mövzusuna bir neçə açıq-aşkar material həsr etmiş məlumatlı jurnalistlərdən biri olan Stiven Kanqas özünü tapança ilə vuraraq öldürmüşdür.
Sistemin digər qurbanı 25 il müddətində MKİ-nin agenti olan və 2000-ci ildə MKİ ilə əlaqədar "Vyetnam feniks proqramı" haqqında məqalələr nəşr etdirəndən sonra qəddarcasına döyülmüş jurnalist Ralf Mak Gi olmuşdur.
Aşkardır ki, "dünya proletar inqilabı" haqqında sovet ideyası kimi "Amerika liberalizmi" də sülh nəzəriyyəsi deyil, çox güman ki, "xaç yürüşü" nəzəriyyəsidir, Birləşmiş Ştatların qlobal strategiyasının əsasını isə liberal ideyalar təşkil edir və o, "sülh strategiyası kimi deyil, münaqişə strategiyası kimi" çıxış edir.
6-cı Amerika donanmasının zirehini geyinmiş liberalizm Birləşmiş Ştatların imperiya ambisiyalarını qidalandırır, çünki Amerika liberalizminin siyasi fəlsəfəsi digər siyasi ideologiyalara dözümlü deyildir.
Bununla belə, "qlobal liberal imperiya" yaratmağa çalışan ABŞ istifadə etdiyi metodlar baxımından hədsiz canfəşanlıq etmişdir. ABŞ "Amerikaya oxşayan" ölkələr yaradarkən faktiki olaraq nəzəriyyəçiliyə o qədər də əhəmiyyət vermir, demokratik dəyərləri özünün istədiyi kimi sərbəst yozmaqla dünyanı zorla "birləşdirir". Lakin ABŞ-dan minlərlə kilometr uzaqda olan ölkələrdə hakimiyyətləri dəyişdirən amerikalılar özlərindən sonra qondarma yüksək Amerika ideallarına kölgə salan şleyf qoyurlar.
"Bu, köpəkoğludur, amma bizim köpəkoğludur"
Prezident F.D.Ruzvelt Nikaraqua diktatoru Samosa haqqında
Amerikalıların İraqa soxulmasını, sonradan bu ölkənin dövlət başçısını devirməsini və dövlətçiliyi dağıtmasını xatırlamaq yerinə düşər. Bu, proseslərin gedişatında həmin ölkədə kütləvi qırğın silahlarının mövcudluğu barədə ittihamların əsassız və saxtalaşdırılmış olması üzə çıxmışdır. Oğul Buş atası tərəfindən başlanmış işi davam etdirərək Yaxın Şərqdə vəziyyətin sabitliyini pozmaqla geosiyasi qüvvələr nisbətini dəyişmişdir.
Ölüm-dirim oyunu Amerika əsgərləri üçün Amerika prezidentlərinin sevimli məşğələsi olan "ruletka oyunu"na oxşar əyləncəyə çevrilmişdir. Burada İraqın dinc sakinlərinin kütləvi şəkildə güllələnməsini və Amerika əsgərləri tərəfindən Reuters agentliyinin reportyorlarının öldürülməsini də xatırlatmaq olar. Əbu-Qreyb həbsxanasında məhbuslara verilən işgəncələr ABŞ-ın timsalında "İnsan hüquqlarının istinadgahı" üçün xəcalət mənbəyi olmuşdur.
2004-cü ilin aprel ayında CBS telekanalında "60 dəqiqə" proqramının efirində bu həbsxanadakı məhbusların təhqir edilməsi barədə süjet göstərilmişdir. Amerikalı əsgərlər məhbuslara işgəncə verir, at belində onların üstündən keçir, məhbusları it kimi hürməyə, ayaqyolundan qida tutmağa məcbur edir, onları zorlayırdılar. İşgəncə səhnələrinin fotoşəkilləri CBS telekanalında reportaj translyasiya ediləndən bir neçə gün sonra "New York Times" qəzetində dərc edilmişdi. Sonralar ABŞ hökuməti Amerikanın Əfqanıstandakı və İraqdakı hərbi bazalarında işgəncələrin fotoşəkillərinin dərc olunmasını qadağan etmiş və bu qadağanı informasiya azadlığı haqqında qanuna düzəlişlə əsaslandırmışdır. Həmin düzəlişə görə əgər müəyyən publikasiya kiminsə həyatına və ya təhlükəsizliyinə təhdid yarada bilərsə o, qadağan edilir (bu halda guya Əfqanıstanda və İraqda məhbusları zorlayan amerikalı əsgərlərin təhlükəsizliyindən söhbət gedirdi - red.). ABŞ hakim dairələri öz mənafeləri naminə söz azadlığını xeyli məhdudlaşdıraraq hər hansı senzuranı asanlıqla tətbiq edə bilərlər. Nəticədə həmin iş üzrə 12 hərbi qulluqçu məhkum edilmişdi. Lakin onların arasında Pentaqonun heç bir yüksək vəzifəli məmuru yox idi.
2004-cü ildən sonrakı 6 il ərzində İraqda müharibə zamanı 100 mindən çox insan həlak olmuşdur, onların 66 mindən çoxu dinc sakinlər idi. Beləliklə, İraqda müharibənin hər günü 31 nəfər dinc sakinin həyatına son qoyur.
Amerikalı əsgərlərin buna oxşar hərəkətləri Əfqanıstanda "demokratik idealların təntənəsi uğrunda" müharibənin gedişində də qeydə alınmışdır. Britaniyada çıxan "Guardian" qəzetinin yazdığına görə, ABŞ silahlı qüvvələri Əbu-Qreyb həbsxanasındakına bənzər işgəncələri Kabil və Qəndəhar yaxınlığındakı əsas Bəhram həbsxanasında da tətbiq etmişlər.
İşgəncələr zamanı məhbusların qollarını burur, ağızlarına boş tapança soxaraq tətiyi çəkirdilər. Bu halda amerikalı əsgərlər məhbusun boynuna salınmış kəndiri elə dartırdılar ki, o, huşunu itirir, sonra isə onu beysbol bitası ilə ölüncə döyürdülər. Məhbusların üstünə itləri qısqırdır, onları döyür, sümüklərini sındırır və ən nalayiq şəkildə zorlayırdılar.
ABŞ tərəfindən demokratik dəyərlərin qəddar və rəhmsiz üsullarla "yayılması"nın kökləri ötən əsrin ortalarına gedib çıxan tarixə malikdir.
1953-cü ildə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi İranda çevriliş törədərək demokratik yolla seçilmiş Məhəmməd Müsəddiqin hakimiyyətini devirmiş, onu diktator Məhəmməd Rza Pəhləvi ilə əvəz etmişdir, özü də yalnız ona görə ki, Müsəddiq İngilis-İran Neft Şirkətini milliləşdirmək istəyirdi.
Buna oxşar hadisə Qvatemalada da baş vermişdir. MKİ bu ölkədə demokratik yolla seçilmiş prezident Xakobo Arbensi Rokfellerə məxsus "United Fruit Company" şirkətini milliləşdirmək niyyətinə görə devirmişdir. Bu şirkətin səhmdarlarından biri də MKİ-nin direktoru Allen Dalles idi ("İblis" əməliyyatı). Nəticədə Arbensi bir-birinin ardınca əvəz edən "sağçı" diktatorlar sonrakı 40 il ərzində 100 mindən çox Qvatemala sakinini məhv etmişlər.
Sonrası daha pis olmuşdur. 1957-1973-cü illərdə MKİ praktiki olaraq ildə bir çevriliş törətmiş, Laosda demokratik seçkilərin nəticələrini heçə endirməyə çalışmışdır. MKİ öz planlarını həyata keçirmək məqsədilə əvvəlcə qondarma "gizli muzdlu asiyalılar ordusu" formalaşdırır, bir sıra uğursuzluqlardan sonra isə ABŞ Laosu bombalamağa başlayır. Buraya atılmış bombaların sayı İkinci Dünya müharibəsi dövründə amerikalıların atdığı bütün bombaların sayından çox olmuşdur.
1964-cü ildə MKİ Braziliyada hərbi çevriliş edərək Joao Qulartın demokratik yolla seçilmiş hökumətini devirir. Onu əvəz edən xunta tarixdə ən qanlı rejimlərdən birinə çevrilmişdir - general Kastelo Branko Latın Amerikasında ilk "ölüm eskadronları" yaradır, onların əsas məqsədi siyasi opponentləri həbs etmək, onlara işgəncələr vermək və fiziki şəkildə aradan götürmək idi.
MKİ-nin 1965-ci ildə İndoneziyada həyata keçirdiyi çevrilişin nəticələri daha genişmiqyaslı olmuşdur. Bu çevriliş zamanı ölkənin demokratik hakimi Sukarno vəzifəsindən kənarlaşdırılmış, onu əvəz etmiş "kommunistləri ovlayan" general Suxarto müxtəlif hesablamalara görə 500 mindən 1 milyona qədər mülki şəxsi qanına qəltan etmişdir.
Amerikasayağı "demokratiya ixracı"na daha bir nümunə kimi 1973-cü ildə Çilidə həyata keçirilmiş klassik çevrilişi göstərmək olar. Bu çevriliş nəticəsində ölkənin demokratik yolla seçilmiş sosialist lideri Salvador Alyende məhv edilmişdir. Alyende ilə ABŞ arasında problemlər Alyende amerikalılara məxsus olan şirkətləri milliləşdirməyi qərara aldığı vaxtdan başlanmışdır. Nəticədə MKİ Alyendeni "ağ mundirli, lakin qara qəlbli" bir adamla - general Avqusto Pinoçet ilə əvəz etmiş, onun obrazı uzun illər boyu "diktatura"nın sinoniminə çevrilmişdir. Sonralar ABŞ öz əlaltısını cinayət təqibindən xilas etmək üçün əlini ağdan-qaraya vurmamışdır.
Kambocada çevrilişin nəticələri də buna oxşar olmuşdur. Bu ölkədə 1970-ci ildə şahzadə Saunek MKİ tərəfindən devrilmiş, nəticədə Lon Nolun oyuncaq hökuməti hakimiyyətə gəlmiş və özünün qeyri-populyar hərəkətləri ilə 1975-ci ildə Pol Pot başda olmaqla "Qırmızı kxmerlər"in hakimiyyətə gəlməsini təmin etmiş, onlar isə ölkənin milyonlarla vətəndaşını məhv etmişdir.
MKİ reseptləri üzrə demokratiya "ixracı" Boliviya, Ekvador, Dominikan Respublikası, Zair, Honduras, Panama və Salvadorda da həyata keçirilmişdir.
Elmazotda (Salvador) keçirilmiş əməliyyat xüsusilə diqqəti çəkir. Burada 1980-ci ildən 1992-ci ilə qədər MKİ-nin dəstəklədiyi hərbi hökumət müasir dövrün "osvensimləri" olan xüsusi cəza düşərgələrində öz ölkəsinin 63 minə yaxın vətəndaşını məhv etmişdir.
1983-cü ildə MKİ Hondurasın hərbi hakim dairələrinə "insan resurslarının istismarı üzrə rəhbər vəsait" vermişdir. Əslində bu, işgəncələr verilməsi üzrə dərslik idi. Sonralar bədnam "316-cı batalyon" həmin vəsaitdən istifadə edərək minlərlə "solçu" dissidentə işgəncələr vermişdir.
Keçən əsrin 80-ci illərinə yaxın "liberal dəyərlərin ixracı" texnologiyası tamamilə yeni səviyyəyə çatdırılmışdır. Nümunə kimi 1979-1989-cu illərdə sovet qoşunları Əfqanıstana soxularkən əfqan mücahidlərinin maliyyələşdirilməsi, silahlandırılması və hazırlanması üzrə mahiyyət etibarilə uzunmüddətli proqram olan "Siklon" məxfi əməliyyatını göstərmək olar. Bu proqram qonşu Pakistanla əlaqədar olan islamçı qrupların hərtərəfli dəstəklənməsini təmin edirdi. MKİ-nin ABŞ hüdudlarından kənarda həyata keçirdiyi ən uzunmüddətli məxfi əməliyyatlarından biri olan bu əməliyyatın büdcəsi ilk illərdə 30 milyon ABŞ dollarından çox deyildi, lakin 1987-ci ildə bu rəqəm 630 milyon ABŞ dollarına çatmışdı. Proqram çərçivəsində əfqan səhra komandirlərinin bütöv bir nəsli, məsələn, Cəmaləddin Xaqani və Gülbəddin Hikmətyar kimi komandirlər yetişdirilmişdir. Bunlardan birincisi Səudiyyə Ərəbistanından olan könüllülərin hazırlanmasına görə cavabdeh idi. Onların arasında məşhur Üsəma Bin Laden də var idi.
Yeri gəlmişkən, bəzən MKİ-nin öz əlaltılarının da aqibəti belə olurdu. Məsələn, keçən əsrin 60-cı illərindən Panamaya rəhbərlik edən və MKİ-dən məvacib alan general Noryeqanın aqibəti belə sonluqla bitmişdir. 1972-ci ildən MKİ-nin məlumatı ola-ola Noryeqa narkotrafiklə məşğul olur və yalnız müstəqilliyinin get-gedə artması onun 1989-cu ildə Vaşinqton tərəfindən devrilməsinə gətirib çıxarır.
Amerika cəza maşınının azğınlıqlarını ifşa etməyə cəhd göstərən amerikalı və xarici jurnalistlər və publisistlər senzuraya, təhqirlərə, işgəncələrə və qətllərə məruz qalırdılar. ABŞ-ın "xeyir-duası" ilə XX əsr tarixində bu cür ritual qəddarlıqların, riyakarlıq və həyasızlıqların sayı çoxdur.
Karib dənizinin "Bastiliya"sı
Quantanamo körfəzində ABŞ-ın hərbi-dəniz bazasındakı həbsxana ABŞ-ın "ikili standartları"nın ən parlaq rəmzinə çevrilmişdir. Bu həbsxana 2002-ci ilin yanvar ayında yaradılmış, o vaxt taliblərin tərəfində döyüş əməliyyatlarında iştirak etməkdə ittiham edilən Əfqanıstandan gətirilmiş ilk 20 nəfər bu həbsxanaya yerləşdirilmişdi. Sonralar Səudiyyə Ərəbistanından, Yəməndən olan yüzlərlə insan, hətta ABŞ-ın Çin Xalq Respublikasına verməkdən imtina etdiyi uyğur separatçıları da bu həbsxanaya salınmışdılar.
Quantanamodakı məhbusların çoxu onlara rəsmi ittiham təqdim edilmədən orada saxlanılır. Quantanamoda məhbuslara ABŞ hökuməti və Prezidenti tərəfindən sanksiyalaşdırılmış işgəncələr, o cümlədən suda boğulma, elektrik cərəyanı vurması imitasiyası və fiziki işgəncələr tətbiq edilir. Pentaqon bəyan etmişdir ki, bu cür münasibəti qeyri-insani münasibət hesab etmək olmaz. ABŞ işgəncələr nəticəsində etiraf ifadələri vermiş məhbusların edam edilməsini də mümkün hesab edir. ABŞ bu günə qədər Beynəlxalq Cinayət Məhkəməsinin statutunu tanımır. Beləliklə, ABŞ-ın istənilən hərbi qulluqçusu cəzalandırılmayacağına əmin olduğundan planetin istənilən nöqtəsində istənilən insanı təhqir edə, döyə, işgəncə verə və onu öldürə bilər.
ABŞ Prezidenti Barak Obama 2009-cu il yanvarın 21-də, bu vəzifədə işinin 2-ci günündə Quantanamo həbsxanasının ləğv edilməsi haqqında fərman imzalamışdır. Bu düşərgə bir il müddətində bağlanmalı idi. Bazadakı məhkəmələrin işi 120 günlüyə dayandırılmışdı. Lakin Prezidentin qərarı icra edilməmişdir, həbsxana hələ də fəaliyyətini davam etdirir və etdirəcəkdir.
ABŞ-ın müasir siyasətini Zbiqnev Bjezinski çox dəqiq səciyyələndirmişdir: "Əvvəllər Birləşmiş Ştatların rəmzi Azadlıq Heykəli idisə, indi Quantanamo həbsxanası belə bir rəmzə çevrilmişdir".
Amerika siyasətçiləri dünyanın bütün ölkələrini Amerika siyasi sisteminin nümunəsi üzrə və ona oxşar qaydada yenidən qurmağın mümkünlüyü illüziyasına qapılmışlar. Bu halda həmin "yenidənqurma"nın yuxarıda sadalananlara oxşar bədnam metodlarından istifadə etməkdən də çəkinmirlər. Zaman göstərmişdir ki, bu illüziya reallıqdan uzaq imiş.
In gold we trust!
(Biz qızıla inanırıq!)
Müasir beynəlxalq münasibətlərin əsas mübahisəli məsələsi mərkəzi ABŞ olan qondarma "ümumdünya liberal imperiyası" daha güclü üzvlərin mənafelərinin daha zəiflərə zorakılıqla qəbul etdirilməsinə deyil, dünya ölkələrinin mənafelərinin harmonikləşdirilməsinə gətirib çıxara bilərmi sualıdır.
Bu suala cavab vermək üçün Amerika modeli üzrə dünya nizamının perspektivlərini və onun arxitekturasını, belə demək mümkündürsə, həyat qabiliyyətini, eləcə də ABŞ-ın siyasi və iqtisadi sistemlərinin daxili arxitekturasını təhlil etmək lazımdır.
ABŞ-ın iqtisadi və siyasi sistemlərinin daxili arxitekturasından danışarkən qeyd etmək lazımdır ki, "Uoll Strit" ofislərində start götürmüş dünya maliyyə böhranı məhz bu sistemlərin tənəzzülündən irəli gəlmişdir.
"Uoll Strit"dəki maliyyəçilər neoliberalizmin səhvləri nəticəsində qanunvericilikdə yaranmış boşluqlardan əsla vicdan əzabı çəkmədən istifadə etməklə, faktik olaraq dünya iqtisadiyyatını uçurum qarşısında qoymuşlar. Derivativlərin spekulyativ bazarının məsuliyyətsizcəsinə şişirdilməsi ən iri investisiya banklarının iflasa uğramasına və bunun ardınca iqtisadiyyatın real sektorlarında da müflisləşməyə gətirib çıxarmışdır. Borc hesabına yaşayan və planetin "qara dəliyi" rolunu yerinə yetirən - hər şeyi udan Amerika "istehlak cəmiyyəti"nin həyat tərzi əslində Amerikanı iqtisadi təhlükəsizlikdən məhrum etmişdir.
Çox böyük həcmdə ticarət və büdcə kəsiri ilə yanaşı, yığım normasının ən aşağı səviyyəsinin müşahidə edildiyi ABŞ bu gün məcburiyyət üzündən ABŞ dövlət istiqrazlarını külli miqdarda alan xarici ölkələrin dəstəyi olmadan yaşaya bilməz. Bu gün Çin kimi güclü dünya dövlətlərinin 3 trilyon ABŞ dolları məbləğində dövlət istiqrazları vardır. Beləliklə, onlar Amerika büdcəsindəki kəsirə sponsorluq edirlər.
Şübhə yoxdur ki, Amerika iqtisadiyyatı hələ uzun müddət dünyanın ən iri iqtisadiyyatı olacaqdır. Lakin Çin və digər inkişaf etməkdə olan ölkələr, məsələn, Avropa İttifaqı ölkələri, BRHÇ (Braziliya, Rusiya, Hindistan, Çin), ərəb dünyası ölkələri və Türkiyə, Yaponiya və Cənubi Koreya ilə birlikdə ASEAN (Cənub-Şərqi Asiya ölkələri) ilə ABŞ arasındakı fərq azalacaq və bu, Amerikanın dünya hegemonu rolunu kiçildəcəkdir.
ABŞ-ın siyasi sisteminə gəldikdə isə, Amerikanın "Çəkindirmələr və tarazlaşmalar" ("Checks and Balances") deyilən daxili siyasi sisteminin hakimiyyətin 3 qolunun bölünməsi təməlinə əsaslanan prinsipləri nə qədər cəlbedici olsa da, bu sistemin bir sıra ciddi qüsurları bir tərəfdən daxili siyasi quruluşun Amerika modelinin həyatqabiliyyətli olmasına kölgə salır, digər tərəfdən bu modelin ədalətli və yüksək dərəcədə mənəviyyatlı olması barədə ABŞ iddialarının əsaslandırılmasını şübhə altına alır.
Money talks
(Pul idarə edir)
Lobbizm ayrı-ayrı şəxslərin, korporativ qurumların (eləcə də onları təmsil edən peşəkar lobbiçi firmaların və ictimai təşkilatların) mənafelərini dövlət hakimiyyəti orqanlarında irəlilətməkdən ibarət olan siyasi sistem institutudur. Onun məqsədi həmin şəxslər və korporativ qurumlar üçün sərfəli siyasi qərar qəbul edilməsinə nail olmaqdır. Son onilliklərdə lobbizm siyasi korrupsiyanın qanuniləşdirilmiş forması kimi hakimiyyətin hər 3 qolunda bütün siyasi qərarlar qəbul edilməsinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Birləşmiş Ştatlarda müxtəlif lobbiçilik fəaliyyəti nəticəsində Senat daim ABŞ-ın milli mənafelərinə zidd olan, bəzən isə adi insan əxlaqı normaları ilə ziddiyyət təşkil edən siyasi qərarlar qəbul edir.
Hollivud filmlərinin ən populyar mövzularından birinə çevrilən konqresmenlər, senatorlar və qubernatorlar ətrafındakı qalmaqallar artıq çoxdan bəri nə isə qeyri-adi hadisə sayılmır. Məsələn, İllinoys ştatının qubernatoru ilə bağlı əhvalat ən hay-küylü hadisələrdən biri olmuşdur. O, korrupsiyada şübhəli bilinərək 2008-ci ilin dekabrında həbs edilmişdir. Rod Blaqoyeviç qubernator olduğu dövrdə ABŞ Senatında Barak Obama prezident seçilənə qədər onun tutduğu yeri satmaq məqsədilə sövdələşmədə iştirak etmişdir.
Demokrat konqresmen Con Murta da korrupsiya ilə bağlı qalmaqala cəlb edilmişdir. Konqresmen Murta ABŞ Konqresinin Nümayəndələr Palatasının maliyyələşdirmə komitəsində özünün xidməti mövqeyindən istifadə edərək, pulların onunla bağlı şirkətlərin hesablarına köçürülməsinin "qeydinə qalmışdır". Bu yolla "Mountaintop Technologies" şirkəti 10 milyon dollar, "Kuchera Industries" şirkəti isə 9 milyon dollar almışdır.
Ətraf mühit üçün çəkilən xərclərə görə cavabdeh olan demokrat konqresmen Norm Diks öz oğluna mənfəət gətirə biləcək proqramın maliyyələşdirilməsini kəskin şəkildə artırmışdır. Diks Nümayəndələr Palatasının daxili işlər, ətraf mühit və onunla əlaqədar müəssisələr üzrə maliyyələşdirmə altkomitəsinin sədri idi. O, özünün təklifi ilə 2010-cu ildə 2009-cu ildəkinə nisbətən 1,5 dəfə çox vəsait almalı olan layihənin maliyyələşdirilməsini artırmağa çalışmışdır. Diks Vaşinqton ştatında suyun təmizlənməsi üzrə onun oğlunun idarə etdiyi proqramın maliyyələşdirilməsini əhəmiyyətli dərəcədə (5 milyon ABŞ dolları məbləğində) artırmağı təklif etmişdir.
Maliyyələşdirmə komitəsinin rəhbəri olan Viskonsin ştatından demokrat Devid Obi "Milli Parklar haqqında" qanuna ABŞ Milli Parklarının abadlaşdırılması üçün 2 milyard dollar məbləğində xərclər maddəsinin daxil edilməsinə çalışırdı, eyni zamanda, onun oğlu Milli Parkların Mühafizəsi Assosiasiyasının əsas lobbiçisi idi.
Nümayəndələr Palatasında Kaliforniyadan olan demokrat xanım Maksin Voters maliyyə bazarının tənzimlənməsinə cavabdeh olan yüksək vəzifəli məmurlara təsir göstərmək cəhdində təqsirləndirilmişdir. Konqresmen Voters ölkənin ən iri banklarından birinə 50 milyon ABŞ dolları məbləğində yardım ayrılmasına çalışırdı. Onun əri bu bankın direktorlar şurasının üzvü və iri səhmdarı idi.
2009-cu ilin payızında Amerika 30-dan çox konqresmenin və onların aparat əməkdaşlarının öz milyonlarını necə qazanmalarından xəbər tutdu.
Pensilvaniya ştatından olan demokrat, altkomitə rəhbəri Con Murta və onun partiya üzrə məsləkdaşlarından bir neçəsi: Vaşinqton ştatından Norm Diks, İndiana ştatından Piter Visloski, Virciniya ştatından Ceyms Moran və başqaları, ümumiyyətlə, bu altkomitənin üzvlərinin təqribən yarısı şübhə altına alınmışdır. Onlar hamısı səylərini birləşdirərək son iki ildə müdafiə sahəsində qanunlar üzrə ixtisaslaşan "PMA Group" lobbiçi təşkilatının müştəriləri olan şirkətlərlə müqavilələr üçün 200 milyon dollardan artıq vəsait ayrılmasına şərait yaratmışlar. Bunun müqabilində həmin şirkət qanunvericilərin seçki fondlarına səxavətlə ianələr verirdi. Məsələn, 77 yaşlı Murta 2002-ci, 2004-cü və 2006-cı illərin seçki tsiklləri üçün 2,37 milyon dollar almışdır. 2007-ci və 2008-ci illərdə Visloski və Moranın hərəsinə 1 milyon dollar çatmışdır. Elə həmin dövrdə FTB bu lobbiçi firmanın fəaliyyəti ilə maraqlanmışdı. Hüquq-mühafizə orqanlarının reydlərindən və onun əsasını qoyanlar arasında dava-dalaşlardan sonra 2008-ci ilin may ayında lobbi şirkətinin mövcudluğuna xitam verilmişdir, lakin araşdırma davam edir.
ABŞ Konqresində etika məsələlərinə dair təhqiqatlar aparılması nadir hadisə deyildir. Lakin bu təhqiqatlar həmişə son dərəcə məxfi şəkildə aparılır. Etika komitəsi Kapitolidə ən çox məxfiləşdirilmiş qurumlardan biridir: onun üzvləri və ştatlı işçiləri cari və ya əvvəlki işlərlə bağlı hər hansı məlumatları yaymayacaqları barədə iltizam verirlər. Qeyri-etik davranışı məlum olmuş konqresmenə çox vaxt məktub göndərərək onun bu davranışının bəyənilməməsi ifadə olunur və çox nadir hallarda ona töhmətə oxşar məzəmmət tədbiri tətbiq edilə bilər.
ABŞ-da son prezident seçkiləri ilə əlaqədar qalmaqal daha böyük əks-sədaya səbəb olmuşdur. FTB-nin Amerikanın bir neçə ştatındakı şöbələri iri qeyri-kommersiya təşkilatı olan ACORN Assosiasiyasının (Təxirəsalınmaz İslahatlar üzrə Yerli Təşkilatlar Assosiasiyası) fəaliyyətini təhqiq etməyə başlamışlar. ACORN-un əməkdaşları seçicilərin rəsmi qeydiyyat siyahılarının tamamlanması zamanı saxtakarlığa yol verməkdə şübhəli bilinirdilər.
ACORN rəhbərliyi demokratlara rəğbət bəsləyən seçiciləri qeydiyyata alarkən saxtalaşdırmalara əl atırdı. Bu siyahılar aztəminatlı ailələri təmsil edən və ənənəyə görə demokratlara səs verən şəxslərdən ibarət olurdu. Beləliklə, gələcəkdə seçicilər tərəfindən etiraz bildirilməsi ehtimalı sıfıra endirilirdi. Obamanın seçki kampaniyası bu təşkilatla bağlı idi. Seçicilərin qeydiyyata alınması üçün həmin şirkətə 800 min dollar ödənilmişdir.
Maraqlıdır ki, bu iş üzrə birinci dinləmədən sonra Hüquq Komitəsinin sədri Con Konyers (oğul) təzyiq altında təhqiqat aparılması planlarından vaz keçmişdir. Hazırda ACORN Assosiasiyasına və onun törəmə şirkətlərinə qarşı 2008-ci il seçkilərində dələduzluqla əlaqədar azı 14 məhkəmə iddiası qaldırılmışdır.
Onu da xatırlatmaq yerinə düşərdi ki, ACORN təşkilatının əsas donorlarından biri "xeyriyyəçi" və "narıncı inqilablar" həvəskarı Corc Sorosdur.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, ABŞ-da vəzifəli şəxslər arasında korrupsiya və dələduzluq adi haldır. "The Times" qəzetinin yazdığına görə, amerikalı məmurlar milyonlarla dollar rüşvət alırlar. Elə həmin qəzetin verdiyi məlumata görə, Xüsusi Auditor Komitəsi (SİGİR) dələduzluq haqqında 110 iş üzrə təhqiqat aparır. Başa çatdırılmış təhqiqat nəticəsində sübut edilmişdir ki, ABŞ ordusunun tədarük üzrə müvəkkillərindən ən azı 10 nəfəri Pentaqonun kontraktlarına görə xərac alırmış.
Nümunəvi demokratiya" ölkəsi olan "çiçəklənən" Amerikanın iç üzü belədir.
Micelle, ma belle...
(Mişel, mənim gözəlim... "Bitlz" qrupunun ifa etdiyi bir mahnının sözləri)
Obamanın özünün ailəsi də büdcə vəsaitlərinin talan edilməsinə görə tənqid obyekti olmuşdur.
ABŞ-ın birinci xanımı Mişel Obamanın və qızı Saşanın İspaniyaya istirahətə getməsi Amerikanın bəzi KİV-ləri tərəfindən tənqid edilmişdir. Həmin KİV-lərin qənaətinə görə, bu istirahət həddən artıq baha başa gəlmişdir. ABŞ Prezidenti Barak Obamanın xanımı bir neçə gün İspaniyanın Marbeli kurort şəhərinin yaxınlığındakı dəbdəbəli mehmanxanada qalmışdır. "İspaniya tətilləri" bütövlükdə amerikalı vergi ödəyicilərinə 375 min ABŞ dollarına başa gəlmişdir.
Böhran dövründə Ağ Evin arxa həyətində nümayişkaranə şəkildə kələm və kahı əkən Mişel Obama İspaniyanın Aralıq dənizi sahillərində ən yaxşı apartamentlərdə dəbdəbəli istirahət etməkdən çəkinmir.
Üstəlik, 2010-cu ilin iyul-sentyabr aylarında Obama ailəsi amerikalı vergi ödəyicilərinin pulları hesabına Amerikanın dəbdəbəli və ən yaxşı kurortu olan Martha''''''''s Vineyard kurortunda beş dəfə istirahət etmiş, bu kurortda məxsusi onlar üçün okeana mənzərə açılan, sahəsi 28 akr olan malikanə tutulmuşdur. Bu malikanədə bir həftə yaşamağın dəyəri 50 min ABŞ dollarına bərabərdir.
Kral çılpaq imiş ki!
ABŞ-ın başqa ölkələrə münasibətdə riyakar və əxlaqazidd davranışı onun siyasi elita nümayəndələrinin davranışı ilə həmahəngdir. Bütün planetə əxlaq dərsi keçən, əməlisaleh həyat prinsiplərini öyrədən alimnüma görkəmli, ağsaçlı möhtərəm qocalar özləri çox vaxt insanın naqis və acgöz təbiətinin təcəssümünə çevrilirlər.
Qeyri-ənənəvi seksual oriyentasiyanın nümayəndələrinin ABŞ-ın İraqda və Əfqanıstanda hərbi kontingentində xidmətə cəlb edilməsinə rəsmən icazə verilməsi bu ölkənin siyasi elitasında kök salmış tarixi naqisliyin təzahürüdür.
Məsələn, tanınmış konqresmenlər Mark Foley (Mark Foley), Veyn Heyns (Wayne Hans), Bob Livinqston (Bob Livingston), Geri Kondit (Gary Condit), Vilbur Mills (Wilbur Mills), Geri Stads (Gerry Studds), Den Kreyn (Dan Crane), Con Hinson (Jon Hinson), Ken Kalvert (Ken Calvert), Don Şervud (Don Sherwood), Fred Riçmond (Fred Richmond), Alen Hove (Allen Howe), Baz Lakens (Buz Lukens), Barney Frank (Barney Frank), Tom Evans (Tom Evans), hörmətli senatorlar Bob Pakvud (Bob Packwood), Geri Hart (Gary Hart), Ted Kennedi (Ted Kennedy), Larri Kreq (Larry Graig), Artur Broun (Arthur Brown), Devid Vitter (David Vitter), Brok Adams (Brock Adams), merlər və qubernatorlar Ceyms MakQrevi (Nyu-Cersi qubernatoru) (James McGreevey), Nil Holdşmit (Oreqon ştatının qubernatoru) (Neil Goldschmidt), Cim Vest (Spokane şəhərinin meri, Vaşinqton ştatı) (Jim West), Eliott Şpitser (Nyu-York qubernatoru) (Eliot Spitzer), Rudi Culiani (Nyu-York meri) (Rudy Giuliani), Paul Patton (Kentukki qubernatoru) (Paul Patton), Kvami Kilpatrik (Detroyt meri) (Kwame Kilpatrick), Çak Robb (Virciniya qubernatoru) (Chuck Robb), Bob Uayz (Qərbi Virciniya qubernatoru) (Bob Wise), Gevin Nyusam (San-Fransisko meri) (Gavin Newsom), Antonio Villarayqosa (Los-Anceles meri) (Antonio Villaraigosa), Donald DiFrançeska (Nyu-Cersi qubernatoru) (Donald DiFrancesco) azyaşlı qızları və oğlanları yoldan çıxardıqlarına görə ifşa olunmuş və məsuliyyətə cəlb edilmişlər.
Bu işlərin yalnız bəziləri ilə tanış olduqdan sonra Amerikanın bir sıra siyası xadimlərinin simasının nə dərəcədə iyrənc olduğuna təəccüblənirsən. Məsələn, senator Larri Kreq aeroportun tualetində başqa kişi ilə seksual əlaqədə olmaqda ifşa edilmişdir. Yaxud Oreqon qubernatoru Nil Holdşmit öz uşaqlarının 14 yaşlı dayəsi ilə intim əlaqədə olmuşdur.
Senator-demokrat Brok Adams isə səkkiz qadına "ilişmək"də və onları zorlamaqda ittiham edilmişdir. Spokane meri Cim Vest azyaşlı iki oğlana "ilişmək"də ittiham edilmişdir və s.
Bu naqislik dövlət başçılarından, hətta ölkənin banilərindən də yan keçməmişdir.
ABŞ-ın 22-ci və 24-cü Prezidenti Qruver Klivlend (Grover Cleveland), eləcə də ABŞ-ın 29-cu Prezidenti Uoren Hardinq (Warren Harding) çoxsaylı nikahdankənar əlaqələrdə ifşa olunmuş, bu əlaqələr qanunsuz uşaqların dünyaya gəlməsi ilə başa çatmışdır.
Tomas Cefferson (Thomas Jefferson) və Aleksandr Hamiltonun (Alexander Hamilton) timsalında ABŞ-ın əsasını qoyanlar bu siyahının lap "qaymağı" olmuşlar. Federalistlər Partiyasının ideoloqu və rəhbəri, ABŞ Xəzinədarlıq Departamentinin birinci rəhbəri Aleksandr Hamilton bir qadınla uzun müddət nikahdankənar əlaqədə ifşa olunmuş, həmin qadının əri isə bu "möhtərəm ağsaqqal"ı uzun müddət şantaj etmişdir.
ABŞ-ın üçüncü Prezidenti, İstiqlal Bəyannaməsinin müəllifi Tomas Cefferson özünün 17 yaşlı köləsi ilə intim əlaqədə olmuş və bu qız ondan dünyaya uşaq gətirmişdir. Halbuki müəllifi Cefferson olan ABŞ Konstitusiyasında "həyat, azadlıq və xoşbəxtliyə can atmaq" kimi hüquqlar böyük hərflərlə yazılmışdır.
Həqiqəti dərk etsəniz, həqiqət sizi azad edəcəkdir
İohannın Bibliyası, 8: 31-32 (MKİ-yə girişin döşəməsində həkk edilmiş ifadə, Lenqli)
1992-ci ildə "Azadlığın dəstəklənməsi aktı"na 907-ci düzəlişin qəbul edilməsi Amerika siyasi modelinin korrupsiyaya və tənəzzülə uğramasının əyani nümunəsi ola bilər. Bu düzəlişə görə, guya Ermənistana qarşı təcavüzdə təqsirkar tərəf kimi Azərbaycana sanksiyalar tətbiq edilir. Bu gün ABŞ-ın xarici siyasəti "ikili standartlar"ın və bu ölkənin öz siyasi sistemindəki qüsurların girovuna çevrilmişdir.
Son bir neçə ayda Barak Obama Administrasiyası ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə özünün namizədi olan Mətyu Brayzənin namizədliyini Konqresdən keçirə bilmir. Erməni lobbisinin sponsorluq etdiyi Barbara Bokser və Robert Menendes kimi senatorlar Brayzənin bu vəzifəyə təyin edilməsinə hər vasitə ilə əngəl törədirlər. Beləliklə, erməni lobbisi tərəfindən maliyyələşdirilən qrupun fəaliyyəti ABŞ Prezidenti Administrasiyasının xarici siyasətinin həyata keçirilməsinə mane olur. Dövlət Departamenti və Prezident Obama isə bu halda həmin məsələni öz axarına buraxmaqla əslində səhlənkarlıq nümayiş etdirirlər.
ABŞ Prezidentinin Administrasiyası və Dövlət Departamenti erməni lobbisinin əməlləri qarşısında aciz qalır, Amerikanın mənafelərini Kaliforniyada və bəzi başqa ştatlarda erməni diasporunun ambisiyalı tələblərinin nəzərə alınmasından ibarət hesab edirlər. Guya Osmanlı imperiyası tərəfindən törədilmiş qondarma "erməni soyqırımı"nın tanınması üçün erməni diasporunun hər il başladığı kampaniya buna əyani misal ola bilər. Beləliklə, ABŞ-ın xarici siyasəti erməni təhrikçiliyinin girovuna çevrilir.
ABŞ-ın ali siyasi rəhbərliyi özünün muzdlu maraq qruplarının çaldığı havaya oynamaqla, "erməni elektoratı" kartından istifadə etməklə və faktik olaraq ermənilərin qabağından qaçmaqla siyasi fəaliyyət baxımından bacarıqsız olduğunu nümayiş etdirir.
Elə təsəvvür yaranır ki, bu fövqəldövlətin xarici siyasət konsepsiyası Dəyirmi Kabinetdə və Dövlət Departamentində deyil, ABŞ-ın xarici siyasət konsepsiyasına yeni baxışı formalaşdıran Kerk Kerkoryanın ofisində, yaxud Kim Kardaşyanın yataq otağında yaradılır. Noama Xomskinin təbirincə desək, bu konsepsiya "aciz ştatlar" anlayışından ibarətdir.
Yerüstü Strateji Silahlar haqqında həyati əhəmiyyətli müqaviləni Senatdan çətinliklə keçirən və öz mövqelərini sona qədər müdafiə edə bilməyən, praktiki olaraq bütün vədlərinə xilaf çıxan indiki ABŞ Administrasiyasının bu cür "kataklizmləri" mövcud Administrasiyanın problemləri həll etməkdə zəiflik göstərməsindən daha çox, Amerikanın dəyişməkdə olan dünya nizamına münasibət bildirmək iqtidarında olmadığını əks etdirən sistem xarakterli ciddi problemlər olmasına dəlalət edir.
Faktlar göstərir ki, Dövlət Departamentinin müxtəlif regionlarda proseslərin inkişaf perspektivləri barədə təsəvvürü yoxdur. Qondarma Ermənistan-Türkiyə yaxınlaşması dövründə dövlət katibinin müavini Filipp Qordon rəsmi səviyyədə dəfələrlə təkrar etmişdir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi və Ermənistan-Türkiyə sərhədinin açılması arasında qarşılıqlı əlaqə yoxdur. Lakin reallıq bunun əksini göstərdi.
ABŞ-ın Cənubi Qafqazla bağlı fərasətsiz siyasəti bir daha göstərmişdir ki, Amerikanın sistemli tənəzzülü çox dərindir. Bu gün ABŞ bütün həyati aspektlər baxımından çürüməkdə olan cəmiyyəti xatırladır. Ədalət, abır-həya, yüksək mənəviyyat və sair əxlaqi kateqoriyalar dünyada yüz milyonlarla insanın taleyini həll edənlər üçün anaxronizmə çevrilir.
Azərbaycanın ərazi bütövlüyünə faktik olaraq etinasızlıq göstərən Amerika Birləşmiş Ştatları Cənubi Qafqazın digər ölkəsinin - Gürcüstanın mənafelərini müdafiə etməyə hazırdır. Bu halda bir məqama diqqət verilmir ki, ermənilər bu ölkəyə qarşı da ərazi iddiaları irəli sürürlər. Dövlət katibi H.Klinton hər dəfə fürsət yarandıqda Rusiyanın timsalında "yenidənyükləmə" üzrə öz tərəfdaşına xatırladır ki, Ştatlar Gürcüstanın parçalanmasını qəbul etməyəcəkdir və status-kvonu heç vaxt tanımayacaqdır.
Regionda ABŞ-ın hamilik etdiyi digər dövlət - Ermənistan rəsmi Vaşinqtonun "şər oxu"na aid etdiyi ölkəyə və qüvvələrə fəal surətdə silah satır. Bu halda Ermənistana münasibətdə nəinki yüksək tondan istifadə edilmir, hətta təcavüzkar ölkəyə maliyyə və sosial kömək daim artırılır. Maraqlıdır, görəsən ABŞ təcavüzkar separatizmə hər il maliyyə yardımı göstərməklə Dağlıq Qarabağda "boz zonalar" və narkotrafik yaradılmasına nəyə görə göz yumur?
Amerika siyasətinin riyakarlığı özünü onda göstərir ki, siyasi xadimlər ABŞ-Gürcüstan, ABŞ-Azərbaycan və ABŞ-Ermənistan qarşılıqlı münasibətləri barəsində sözdə bir şey deyir, əməldə isə tamam başqa cür hərəkət edirlər. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə, planetin ayrı-ayrı regionlarında sülhün və sabitliyin bərqərar olması, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində özünün bütün öhdəliklərini yerinə yetirdiyinə baxmayaraq, ABŞ-ın Azərbaycana münasibətdə siyasəti ayrı-seçkilik və subyektiv xarakter daşıyır. ABŞ rəsmilərinin dilindən eşidilən "strateji tərəfdaşlıq" ifadəsi qeyri-səmimi və məzmunsuz forma kəsb edir.
Bəs bir halda bu cür rəğbətlərin, digər halda səhlənkar münasibətin səbəbi nədən ibarətdir?
Cavab aydındır - səbəb Birləşmiş Ştatların onu əhatə edən nə varsa hamısına tətbiq etdiyi "ikili standartlar"dır. Soyuq müharibənin hələ başa çatmamış olduğunu hesab edən ABŞ intensiv və müstəqil inkişafı onu qane etməyən dövlətlərə təzyiq göstərmək yolu ilə vəziyyəti gərginləşdirməkdə davam edir. "Öz nümunəsi əsasında və özünə oxşayan", sonradan Amerikanın maraqlarını irəlilətmək üçün meydan kimi istifadə edilə biləcək dövlətlər yaratmağa çalışan ABŞ öz fikri və fərqli inkişaf yolu olan dövlətlərin müstəqil mövqeyini qəbul etmir. Bu baxımdan, Ukrayna əyani nümunədır. "Narıncı" hökumət dövründə siyasi və iqtisadi azadlıqlar sahəsində həmişə yüksək reytinqlər alan bu ölkə V.Yanukoviçin prezidentliyinin ilk ilində bir anda Vaşinqtonun "qara siyahısı"na düşdü.
Məlumdur ki, ABŞ-ın "sözə baxmayanlar" üçün xüsusi təzyiq vasitələri vardir. Dünya tarixi göstərir ki, imperiyalar onların xoşuna gəlməyən dövlətlərə təzyiq göstərmək üçün ən müxtəlif siyasi vasitələrdən istifadə etmişlər. Lakin başqa imperiyalardan fərqli olaraq, Birləşmiş Ştatlar "möhtərəm kuklaoynadan" Corc Sorosun hazırladığı ssenarilərdən istifadə etməklə "insan hüquqları və söz azadlığı"nı işə salır.
ABŞ Prezidentinin və dövlət katibinin sözlərinə görə, Azərbaycan Amerikanın ən mühüm tərəfdaşlarından biridir. Əgər ABŞ-ın Azərbaycanla sıx siyasi əməkdaşlıq etməyə həqiqətən marağı vardırsa, onda nəyə görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla və tezliklə həll edilməsi üçün indiyə qədər az iş görülür? Cəmiyyətdə belə bir qəti inam yaranmışdır ki, Azərbaycana münasibətdə ABŞ hökumətinin sözləri ilə əməlləri tamamilə düz gəlmir. Buna görə də bütün sahələrdə əməkdaşlığı intensivləşdirməyin zəruri olması barədə ABŞ-ın bəyanatları ən azı qeyri-səmimi görünür.
Obama 2010-cu ilin sentyabrında BMT-nin Baş Məclisindəki çıxışında vurğulamışdır ki, ABŞ hər bir insanın ləyaqətinə və hüquqlarına hörmət edilməsinə zəmanət verən "İnsan haqlarının ümumi Bəyannaməsi"nin müddəalarına sadiqdir. Bu sənədin 3-cü maddəsində deyilir ki, "Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır". Lakin pilotsuz təyyarələrin hücumları, başqa ölkələrə soxulmaq və işğal etmək, xoşagəlməyən rejimlərın devrilməsi - bütün bunlar həmin bəyannamənin bu maddəsinin ciddi şəkildə pozulması faktlarıdır.
Üstəlik BMT-nin İnsan Hüquqları Komissiyasının keçən ay dərc edilmiş məruzəsində insan hüquqları ilə bağlı vəziyyəti Amerikanın necə düzəldə bilməsi barədə 228 tövsiyə vardır. Həmin Bəyannamənin 5-ci maddəsində deyilir: "Heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır".
Quantanamo, Əbu-Qreyb və ya Bəhram həbsxanalarında işgəncələrə məruz qalmış hər bir məhbus və oğurlanmış şəxs insan hüquqlarının daha dəhşətli şəkildə pozulması faktıdır.
Özünü azadlıq ölkəsi adlandıran ABŞ, həmçinin məhbuslar diyarıdır. Dünyada ən çox məhbus burada saxlanılır: 2 milyon 300 min nəfər dəmir barmaqlıqlar arxasındadır, 3 mindən çox insan isə ölüm cəzası kameralarında əzab çəkir. Eyni zamanda, Amerika Femidasının ABŞ-ın öz tərəfdaşlarına və dost dövlətlərə münasibətdə siyasətinin mahiyyətini açıb göstərən "WikiLeaks" internet resursunu yaradan şəxsi həbs etmək cəhdləri rəsmi Vaşinqtonun söz azadlığı hüququna nə dərəcədə "əqidəli" riayət etməsini göstərir.
Bəyannamənin 25-ci maddəsində deyilir: "Hər bir şəxs qida, geyim, yaşayış yeri və tibbi xidmət daxil olmaqla həyat səviyyəsi hüququna ... malikdir". Statistikaya görə təqribən 44 milyon amerikalı yoxsulluq şəraitində yaşayır və bu ölkənin tibbi yardımdan istifadə imkanı olmayan vətəndaşlarının sayı isə daha çoxdur. Ölkədə rəsmi işsizlərin sayı 15 milyon nəfərdir. Hesablamalara görə, təkcə bu il bir milyona yaxın Amerika ailəsi öz mənzilini itirəcəkdir.
İnsan hüquqlarının pozulmasına görə başqalarını hamıdan fəal tənqid edən bu ölkə indi vaxtilə özünün tərtib etdiyi Ümumi Bəyannaməni pozmaqda ittiham edilir. Amerikalı şair Ralf Uoldo Emerson bu barədə hamıdan yaxşı demişdir: "Sizin əməlləriniz o qədər ucadan səslənir ki, nə dediyinizi eşitmirəm".
Aşkardır ki, ABŞ Prezidenti artıq şəksiz dünya lideri deyildir - bu, faktdır. ABŞ Sovetlər ölkəsi kimi bir anda dağılmayacaqdır, lakin ştatların dünya nizamına azacıq da olsa düzəliş etmək qabiliyyəti tədricən keçmişdə qalır. Qlobal ehtiyat valyutası sayılan dolların ömrü, demək olar ki, başa çatmaqdadır, diplomatiya isə "WikiLeaks" effektinin təhrik etdiyi sızma təhlükəsinə məruz qalır.
Çox güman ki, ABŞ-ın hərbi qüdrətinin yeganə hegemonluq dövrünün də sonu yetişməkdədir. Ehtimal ki, bir iqtisadi və siyasi qüvvənin təsiri olmayan qütbsüz dünya yaranacaqdır.
Yeni dünya nizamında ABŞ tədricən qlobal gündəliyə nəzarəti itirəcəkdir, ilk növbədə regional problemlər və münaqişələr ön plana keçəcəkdir. İran, Dağlıq Qarabağ, Abxaziya və Şimali Koreyanın təcrübəsi əyani şəkildə nümayiş etdirir ki, Amerika ayrı-ayrılıqda hər bir münaqişənin xüsusiyyətini dərk etməyə qadir deyildir, yaxud adekvat hərəkət etmək istəmir.
Dünya sisteminin yeni quruluşunda regional aktorlar iri oyunçular arasında manevr etmək, öz mənafelərini müdafiə etmək üçün daha çox imkana malik olacaqdır, dünya dövlətləri isə bunu istəsələr də, istəməsələr də zamanın yeni tələblərinə uyğunlaşmaq məcburiyyətində qalacaqlar.
Aşkardır ki, ABŞ özünün daxili siyasi sisteminə yenidən nəzər salmalı, elə etməlidir ki, hər hansı qərarın qəbul edilməsi üçüncü dövlətlərin və ya təşkilatların maraqlarını güdən muzdlu qrupların və onların sponsorlarının arzu və istəklərinə deyil, dövlətin milli maraqlarına əsaslansın.
Tanınmış iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri D.Saks tamamilə haqlı olaraq yazır: "Siyasətçilər arasında ictimai əxlaq və milli strategiya ilə əlaqədar münaqişələr pul məsələsi ilə bağlıdır". Problem korrupsiyaya qurşanmış Amerika siyasətində və vətəndaş mənəviyyatının itirilməsindədir. Amerikada siyasi korrupsiyanın səviyyəsi insanı sadəcə olaraq dəhşətə gətirir. Ağlasığmaz dərəcədə bahalaşmış seçki kampaniyalarının keçirilməsi indi tamamilə puldan asılıdır. Aralıq seçkilərin dəyəri 4,5 milyard ABŞ dolları civarındadır. Obama dəyişikliklər vəd etməklə hakimiyyətə gəlmişdir. İndiyə qədər dəyişiklik yoxdur" ("Project Syndicate" - 27.XII.2010).
Bütün bunlar müasir Amerika Birləşmiş Ştatlarının real simasıdır. Yəqin ki, bundan artıq söz demək olmaz. Bu halda son sual yaranır: özü qüsurlar içində boğulan ABŞ-ın başqalarına "necə yaşamağı və demokratik cəmiyyəti necə qurmaq lazım olduğunu" öyrətməyə mənəvi haqqı varmı?
"Azərbaycan" qəzeti, 30 dekabr 2010-cu il