“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.09.2009, 09:25
362

Türkiyə-Ermənistan dialoqu Qarabağ sülh prosesini sürətləndirə bilər

A- A+

Novruz Məmmədov: "Türkiyə ilə Ermənistan arasındakı proses Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə təsir göstərəcək"

“ATƏT-in Minsk Qrupunun rusiyalı və amerikalı həmsədrlərinin dəyişdirilməsi hələlik söz-söhbət səviyyəsindədir”. 

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı başlanmış prosesin Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin oktyabrında Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilməsi gözlənilən görüşünə mütləq müəyyən təsir göstərəcəyini bildirib.

“Hələlik görüşün olub-olmayacağını deyə bilmərəm, amma proses həmin görüşə mütləq müəyyən təsir göstərəcək”, - deyə N.Məmmədov vurğulayıb.

 

 

Novruz Məmmədov: “Türkiyə mətbuatında Azərbaycanla bağlı dezinformasiya xarakterli xəbərin dərci məni şoka saldı”

“Türkiyə mətbuatında Azərbaycanla bağlı dezinformasiya xarakterli xəbərin dərci məni həddindən çox təəccübləndirdi, hətta türklərin sevdiyi ifadə ilə desək, şoka saldı. Çünki indi həssas məqamdır. Biz Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tutan proseslərlə bağlı öz mövqeyimizi bildirmişik. Amma bu gün Türkiyədə nəşr olunan «Bu gün» qəzeti çox qəribə və cəfəng məlumatlar yayıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Onun sözlərinə görə, bu məqalənin səbəbini və məqsədini anlamaq mümkün deyil.

“İndiki həssas məqamda Türkiyədə də, başqa ölkələrdə də Türkiyə-Azərbaycan münasibətlərinə, strateji tərəfdaşlığına soyuqluq gətirmək istəyənlərin olması istisna deyil. Belə niyyəti Rusiyanın “Reqnum” agentliyində də görürəm. Əlbəttə, “Reqnum”un sahibinin kimliyini, onun hansı məqsədə qulluq etdiyini nəzərə alanda onların dezinformasiya yaymalarının səbəbi bizə aydın olur. Çünki bu agentliyin Azərbaycanla bağlı xəbərlərində məqsədin nə olduğunu yaxşı bilirik. Oranın odioz bir şəxs olan rəhbəri özünün «nəzəriyyələri»nə əsaslanaraq, tez-tez çıxışlar edib, regionu Azərbaycan əleyhinə qaldırmaq istəyir və bununla Rusiyanın maraqlarına xidmət etdiyini güman edir. Amma bu şəxs yanılır”-deyə, Adminisitrasiyanın şöbə müdiri qeyd edib.

N. Məmmədov qeyd edib ki, “Bu gün” qəzeti guya ki Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokolla bağlı məlumat yayılan kimi Azərbaycan prezidentinin Gürcüstandakı səfərini yarımçıq qoyaraq, ölkəyə qayıtdığını, Milli Məclisin növbədənkənar iclasını çığırdığını yazıb: “Belə yalanı yazmağa bilmirəm kim cürət edir, bunu hansı məqsədlə yazmaq olar, bu nə deməkdir? Bundan başqa, guya ki, Azərbaycanla Ermənistan arasında hansısa protokol imzalanıb, Azərbaycan bu xəbəri eşidəndə şoka düşüb, Türkiyəni xəyanətdə ittiham edib və s.

Bütün bunların hamısı yalandır. Belə yalanların yazılması və Türkiyədə işıq üzü görməsi, həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinə mənfi təsir göstərir. Bununla bağlı bu gün Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıcla danışdım. Səfir mənə “belə məsələlərə fikir verməyin” deyib, «it hürər, karvan keçər» atalar sözünü misal gətirdi. Əslində belədir.

Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin 100 illik, 1000 illik tarixi var, ona hansısa «Reqnum» saytının yazdığı yalan, böhtan məlumatlarla təsir etmək olmaz. Amma Türkiyə mediasının belə yazması mənə pis təsir edir. Burada yazılanların hamısını oxuyanda insan fikirləşir ki, bu yalanı uydurmaq üçün nə cür şəxsiyyətə, ləyaqətə, şərəfə nail olmaq lazımdır”.

N. Məmmədov bildirib ki, “Bu gün” qəzeti Azərbaycan millət vəkillərinin Türkiyəyə də məhz son məsələlərlə bağlı ezam edildiyini yazıb: “Amma millət vəkillərinin Türkiyəyə səfəri 2 ay əvvəl planlaşdırılıb. Mənim həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinə mesajım bundan ibarətdir ki, belə yalın, böhtan məlumatlara fikir vermək və inanmaq lazım deyil”.

Qeyd edək ki, Türkiyənin “Bu gün” qəzetinin bugünkü sayında dərc olunmuş “Azərilər də imzalamış” başlıqlı məqalədə Türkiyə ilə Ermənistan arasında protokol imzalanmasının Azərbaycanı şok vəziyyətinə saldığı, prezident İlham Əliyevin bu məsələ ilə bağlı parlamentin fövqəladə iclasını çağırması barədə məlumatlar yer alıb.

 

Bax həmçinin:

      Prezident Admistrasiyasının şöbə müdiri: “Cücəni payızda sayarlar”

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Turan” agentliyinə müsahibəsində Türkiyə-Ermənistan münasibətlərindəki son duruma, bunun Azərbaycana təsirinə və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərə toxunulub. Müsahibəni oxucularının diqqətinə çatdırırıq.

- Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistanla diplomatik əlaqələrin normallaşdırılması ilə bağlı son bəyanatını necə qiymətləndirirsiniz? Türkiyə tərəfi Ermənistanla əlaqələrin normallaşmasının Azərbaycanın milli maraqlarına ziyan verməyəcəyini bildirir. Azərbaycan necə hesab edir?

- Bununla bağlı Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirib. Əlbəttə, hər bir dövlətin başqa dövlətlə münasibət qurması onun suveren hüququdur. Düşünürük ki, Türkiyədə bu hüququ həyata keçirməklə bərabər, eyni zamanda çox yaxşı başa düşürlər ki, bu məsələ Azərbaycanın milli maraqları ilə sıx bağlıdır.

Hesab edirəm ki, Türkiyə hökuməti, Türkiyə rəhbərliyi münaqişə başlanan gündən indiyədək olan prosesləri nəzərə alacaq. Eyni zamanda, Türkiyə baş nazirinin bu ilin mayında Azərbaycanda verdiyi bəyanat, Türkiyə xarici işlər nazirinin bəyanatlarının mahiyyətindən belə başa düşürük ki, doğrudan da, Türkiyə proseslərin gedişində Azərbaycana verdiyi vədə əməl edəcək. Yəni Türkiyə baş nazirinin dediyi kimi, əgər Ermənistan-Azərbaycan münaqişəsinə və işğala son qoyulmazsa, Türkiyə Azərbaycana verdiyi vədə əməl edəcək, mövqeyindən bir addım da geri dönməyəcək.

Biz dost, qardaş, strateji tərəfdaş və bir millət, iki dövlətik. Münasibətlərimizin bütün sahələrdə ruhu bundan ibarətdir ki, biz Türkiyə tərəfinə, Türkiyə rəhbərlərinə, Türkiyənin indiki mövqeyinə inanmalıyıq. Mən də inanmaq istəyirəm ki, münaqişə həll edilməyincə, münaqişənin həllində güclü irəliləyiş əldə edilməyincə Türkiyə addım atmayacaq.

- Türkiyənin apardığı fəaliyyət Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə necə təsir edə bilər?

- Dünya birliyi Türkiyənin Ermənistanla birgə atdığı bu addımı hər tərəfdən təqdir edir. Bizim buna etirazımız yoxdur. Düşünürəm ki, Türkiyənin bu addımı münaqişənin həlli prosesinə çox böyük təsir edə bilər. Türkiyə baş naziri Azərbaycan parlamentində çıxışında qeyd etdi ki, Ermənistanla sərhədləri bu ölkə Azərbaycan ərazilərini işğal etdiyinə görə bağlayıblar. Sərhədlərin bağlanmasının səbəbi budursa, nəticə də bununla bağlı olmalıdır.

İnanırıq ki, proseslərin belə getməsinə baxmayaraq Türkiyə vədinə əməl edəcək. Çünki bu məsələni Türkiyə parlamenti də təsdiq etməlidir. Ona görə də məsələ parlamentin müzakirəsinə təqdim edilməmişdən öncə Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi irəliləyiş əldə olunmalıdır ki, Türkiyənin baş nazirinin və rəhbərliyinin verdiyi vədə uyğun olaraq, onlar hazırda ortada olan sənədləri Böyük Millət Məclisinin təsdiqinə təqdim etsinlər.

- Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu NTV kanalına müsahibəsində bildirib ki, Türkiyənin baş naziri BMT Baş Assambleyasında da məsələni müzakirəyə çıxaracaq. Nazir Dağlıq Qarabağ münaqişəsini həm də BMT-nin problemi adlandırıb. O deyib ki, “biz Qafqazda sülhün bərqərar olması məsələsinin BMT-nin gündəliyində olmasına və hər zaman izlənməsinə önəm veririk”. Azərbaycan necə hesab edir? Ermənistan-Türkiyə sərhədlərinin açılması və Dağlıq Qarabağ münaqişəsi bir kontekstdə həll edilə bilərmi?

- Əlbəttə, prinsip etibarı ilə bu problemlər bir kontekstdə də, bir qədər ayrı-ayrı da həll edilə bilər. Amma bunlar bir-biri ilə birbaşa bağlıdır. Yəni Türkiyə-Ermənistan sərhədlərinin bağlanması birbaşa Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə bağlıdır və proses indi də davam edir. Bu məsələ eyni zamanda, BMT-nin və BMT Təhlükəsizlik Şurasının qarşısında duran birinci məsələlərdəndir və belə də olmalıdır.

Burada ATƏT-lə BMT əməkdaşlıq edir. Türkiyə də məsələni Təhlükəsizlik Şurasının üzvü kimi gündəliyə çıxara bilər. Amma ondan əvvəl, Azərbaycanın təklifi ilə məsələ BMT Baş Assambleyasının bu ilin sentyabrında keçiriləcək iclasının gündəliyinə salınıb. Türkiyənin məsələni Azərbaycanın yaxın dostu kimi gündəliyə təqdim etməsinin də böyük əhəmiyyəti var. Münaqişənin həlli həm də dünya birliyinin qarşısında duran vacib məsələdir. Çünki münaqişə ilə bağlı Təhlükəsizlik Şurasının 4 qətnaməsi artıq 17 ildir qəbul edilib, ancaq üzv dövlətlər onun həlli ilə bağlı konkret bir addım atmayıb. Bu nöqteyi-nəzərdən BMT-nin məsələni müzakirə edib qərar və ya qətnamə qəbul etməsinə Azərbaycan mühüm əhəmiyyət verir.

- Ermənistan son addımları diplomatik qələbəsi kimi qiymətləndirib. Azərbaycan necə hesab edir? Ermənistan rəhbərliyi indiyədək mövqeyindən geri çəkilməsi ilə bağlı hər hansı bəyanatla çıxış etməyib. Belə ki, Ermənistan nə Türkiyəyə qarşı ərazi iddialarından geri çəkildiyini, nə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, nə də soyqırım iddialarından əl çəkdiyini bəyan etməyib. Belə halda münasibətlərdə irəliləyişin olacağına nə qədər ümid edirsiniz?

- Türkiyə-Ermənistan sərhədlərinin açılması münaqişənin nəticələri nəzərə alınmadan baş verərsə, Azərbaycanın milli maraqlarına birbaşa ziddir və Azərbaycan tərəfindən qəbul edilməyəcək. Ermənistan rəhbərlərinin bəyanatları ilə bağlı isə demək istəyirəm ki, cücəni payızda sayarlar. Ermənistan düşünməsin ki, Türkiyə rəhbərləri sadəcə olaraq onların manevrlərinə inanacaq, Ermənistan iddialarından əl çəkməyəcək və Türkiyə rəhbərliyinin işi onların qayğısına qalmaq olacaq.

- Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə razılıq əldə edilibmi?

- Yəqin ki, bu ilin sonunadək prezidentlərin görüşü ola bilər. Ancaq harda və nə vaxt olacağı barədə bu gün bir söz demək mümkün deyil.

Xəbərlər
Redaktorun seçimi