“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.09.2009, 09:21
1491

Qarabağdan Türkiyəyə yol görünürmü?

A- A+

Münaqişənin həlli prosesində dəfələrlə gündəmə gələn ideya Türkiyə-Ermənistan dialoqu kontekstində yeni miqyas qazanıb

Türkiyə Ermənistanla münasibətləri sahmanlamaq yolunda atdığı addımlara paralel olaraq Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə zəmin yaratmaq niyyətini ilk başdan bəyan edib. Rəsmi Ankaranın Yerevanla əldə edilən 31 avqust razılaşmasından sonra Qarabağ mövzusunda da təşəbbüslərlə çıxış etməsi bunu təsdiq edir. 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən həftəsonu İsveçdə Avropa Birliyi ölkələrinin XİN başçıları ilə görüşdə Azərbaycan, Ermənistan və Türkiyə arasında nəqliyyat şəbəkəsinin - avtomobil yolunun yaradılması ideyasını irəli sürüb. Davudoğlunun sözlərinə görə, Bakıdan başlayıb Dağlıq Qarabağ və Laçından keçəcək, oradan da Ermənistan, Naxçıvan və Türkiyə üzərindən Avropaya çatacaq avtomobil yolu regionda sülh və əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfə ola bilər.

Türkiyə XİN başçısı «sülh yolu» adlandırdığı xəttin, eyni zamanda, Avropa-Asiya nəqliyyat dəhlizində (AB-nin TRACECA layihəsi) yeni marşrut olacağını vurğulayıb. Öz növbəsində AB dairələri türkiyəli nazirin təşəbbüsünü alqışlayıblar. Çünki belə bir nəqliyyat xəttinin işə düşməsi AB-nin sponsorluq etdiyi Böyük İpək Yolu layihəsinin daha da genişlənməsinə xidmət edəcək. Cənubi Qafqazı tam əhatə edən nəqliyyat şəbəkəsinin yaranması AB-nin regiondakı əsas maraqlarından biridir.

Türkiyə XİN başçısının səsləndirdiyi ideya da uzun müddətdən bəri AB dairələrində müzakirə mövzusudur. Lakin məsələ ondadır ki, Azərbaycanla Ermənistan arasındakı Qarabağ münaqişəsi çözülmədən nə AB-nin peşində olduğu regional kooperasiya, nə də Davudoğlunun söz etdiyi yol reallaşa bilər.

Yeri gəlmişkən, bu günlər AB-nin Transqafqaz Avropa-Asiya nəqliyyat dəhlizi (TRACECA) layihəsinin imzalanmasının 11 ili tamam olur. Layihə 1998-ci il sentyabrın 8-də Bakıda imzalanıb. Azərbaycan həmin sənədi imzalayarkən bəyan edib ki, Ermənistan işğal etdiyi əraziləri azad etməyincə bu ölkənin Avropa-Asiya nəqliyyat dəhlizində iştirakına yol verməyəcək.

Qeyd edək ki, Türkiyə də ötən müddətdə Ermənistanla sərhədi bağlı saxlamaqla nəticə etibarilə Azərbaycanın bu məramına dəstək verib. Odur ki, Türkiyə tərəfi gündəmə gətirdiyi yeni nəqliyyat yolunun da məhz Qarabağ sülh prosesindən keçməklə reallaşmasını istəyir. Hərçənd bu ideyanın yeni olduğunu söyləmək düz olmazdı.

 

Bakı-Xankəndi-Naxçıvan yolu hələ 2005-ci ildə müzakirə olunub

Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların hələ ilk mərhələsində Ermənistanı Azərbaycanla birgə regional layihələrə qoşmaqla problemi həll etmək cəhdləri olub. O cümlədən Bakı-Ceyhan neft kəməri ideyası gündəmə gələndə başda Amerika olmaqla Qərb dairələri boru xəttinin Ermənistandan keçməsini təşviq ediblər.

Azərbaycan isə ilk gündən nəzərə çatdırıb ki, Ermənistan işğalçılıq siyasətinə son qoysa, bu marşrut reallaşa bilər. Lakin erməni tərəf işğal etdiyi torpaqları əldə saxlamağı Azərbaycanın neft-qaz layihələrindən yararlanmaqdan üstün tutub. Bu siyasətin Ermənistana nə verib-vermədiyi ayrı söhbətin mövzusudur, amma ötən müddətdə erməni tərəf, bunu aşkar büruzə verməsə də, regional layihələrdən kənarda qalmasının mənfi fəsadlarını daima öz üzərində hiss edib.

Qarabağ münaqişəsi ətrafındakı nisbətən yeni geosiyasi situasiyanın yarandığı, böyük güclərin problemi çözməyə meylli göründüyü indiki şəraitdə bu məsələnin yenidən gündəmə gəlməsi təsadüfi deyil. Amerika və AB regionda yeni transmilli layihələrin, ilk növbədə, «Nabucco» qaz kəmərinin həyata keçirilməsi üçün mühüm həmlələrə hazırlaşırlar. Bu xüsusda Ermənistanla Azərbaycan arasında münaqişənin çözülməsi müstəsna önəm kəsb edir. «Nabucco» qaz kəmərinin Ermənistandan keçməsi ideyasının indi gündəmə gəlməsi də səbəbsiz deyil.

Konkret olaraq Azərbaycan-Ermənistan-Türkiyə nəqliyyat şəbəkəsi ideyasına gəlincə, bu mövzu prinsip etibarilə hələ bir neçə il öncə rəsmi Bakı tərəfindən gündəmə gətirilmişdi.

 Xankəndi-Laçın-Gorus avtomobil yolu, 2005.

2005-ci ilin iyununda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşündə müzakirə edilən məsələlərdən biri Ağdam-Xankəndi-Şuşa-Laçın-Gorus (Ermənistan)-Sisyan (Ermənistan)-Şahbuz (Naxçıvan) avtomobil yolunun bərpası ilə bağlı olmuşdu.

Qeyd edək ki, söhbət yeni yolun çəkilməsindən deyil, məhz bərpasından gedir. Çünki sözügedən avtomobil yolu sovet dövründə çəkilib və Qarabağ münaqişəsinədək işlək vəziyyətdə olub.

Düzdür, həmin avtomobil yolu yük daşıma imkanlarına görə Azərbaycanla Ermənistan arasındakı dəmir yolu xətləri, o cümlədən Bakı-Naxçıvan-Yerevan dəmir yolu magistralı ilə müqayisə edilə bilməzdi.

Bununla belə, sözügedən avtomobil yolunun məhz Qarabağdan (Laçından) keçməsi və bu xüsusda Ermənistanla Azərbaycan arasında qarşılıqlı etimad və kooperasiya elementi kimi nəzərdən keçirilməsi onun əhəmiyyətini artırır. Azərbaycanın Qarabağ danışıqlarında həmin yolun bərpasını önə sürməsi də bu prizmadan dəyərləndirilməlidir.

Qeyd edək ki, Ermənistan-Azərbaycan danışıqlarında kommunikasiyaların açılması məsələsi dəfələrlə gündəmdə olub. O cümlədən 2001-ci ilin Paris və Ki Vest danışıqlarında bu məsələ konkret formul ("dəhliz mübadiləsi") üzərində daha detallı şəkildə nəzərdən keçirilib.

Ermənistanla əldə olunan ilkin anlaşmaya əsasən, bu ölkə Mehri rayonundan Azərbaycan ilə Naxçıvan arasında dəhliz yaratmağa, Azərbaycan da Laçın rayonu ərazisindən Ermənistana Dağlıq Qarabağla əlaqə yaratmağa razılıq verməli idi. Lakin sonradan Ermənistan bu razılaşmadan geri çəkilib.

Bundan əlavə, Azərbaycan tərəfi dəfələrlə nəzərə çatdırıb ki, erməni tərəf Bakı-Naxçıvan yolunun keçdiyi əraziləri, yəni üç rayonu (Füzuli, Cəbrayıl və Zəngilan) azad etsə, o da bunun müqabilində Ermənistanla kommunikasiyları aça bilər. Lakin Ermənistan bu təklifdən də imtina edib. Sonuncu dəfə bu məsələ 2002-ci ilin avqustunda iki ölkə prezidentinin Sədərək görüşündə diqqətə alınmışdı.

Digər tərəfdən, indiyədək erməni tərəfin sülh danışıqlarında üzərində israr etdiyi məsələlərdən biri Dağlıq Qarabağla Ermənistan arasında quru yol əlaqəsinin (dəhlizin) olmasıdır. Başqa sözlə, ermənilər Laçından əl çəkmək istəmirlər. Təbii ki, Azərbaycan da Laçına suveren haqlarından keçməyəcəyini bildirib. 

Belə olan halda Azərbaycanın Bakı-Xankəndi-Laçın-Gorus-Naxçıvan yolunu gündəmə gətirməsi əslində Laçın dəhlizi üzərində ortaq formul tapılmasına hədəflənib. Burada ortaq məxrəc isə nəqliyyat dəhlizinin eyni vaxtda hər iki tərəfin idarəçiliyində olmasını nəzərdə tutur.

2005-ci ilin iyununda bu barədə jurnalistlərə açıqlama verən Azərbaycan XİN başçısının müavini Araz Əzimov vurğulamışdı ki, Qarabağ-Ermənistan-Naxçıvan yolunun işə düşməsi nəqliyyat imkanlarından ziyadə «həm də siyasi önəm daşıyır». Nazir müavini onu da qeyd etmişdi ki, bu yolun işləməsi regionun erməni və azərbaycanlı əhalisi arasında inam tədbirlərinin bərpasına yardım edəcək.

Digər tərəfdən, Qarabağ-Ermənistan-Naxçıvan yolunun işləməsində hər iki tərəf maraqlı olacaq və onlardan birinin digərini blokadaya almasını istisna edəcək. Bu isə ermənilərin Qarabağla bağlı ikinci şərtinin, bölgə əhalisinin təhlükəsizliyinə təminat məsələsinin aradan qalxması deməkdir.

Lakin 4 il öncə gündəmdə olan bu məsələ danışıqların sonrakı gedişində demək olar ki, hallanmadı. Daha doğrusu, ermənilər ona o qədər də meyl göstərmədilər. Rəsmi Yerevan bəyan etdi ki, erməni tərəf üçün başlıca məsələ Dağlıq Qarabağın statusunun müəyyənləşməsidir, digər məsələlərə sonra baxmaq olar.

İndi Türkiyənin irəli sürdüyü təşəbbüs əslində Azərbaycanla Ermənistan arasında zaman-zaman müzakirə olunmuş məsələnin daha geniş miqyasa daşınmısını ön görür. Türkiyə tərəfi Ermənistanla öz arasında olan yolların və Azərbaycanla Ermənistan arasındakı yolların eyni zamanda açılmısını təşviq etməklə həm erməni tərəfi ilə ikili dialoquna, həm də Qarabağ sülh prosesinə əlavə üfiq açmaq istəyir.

Yeri gəlmişkən, Türkiyə XİN başçısının avropalı həmkarları ilə müzakirə etdiyi Bakı-Xankəndi-Laçın-Naxçıvan-Türkiyə-Avropa avtomobil yolu günü bu gün fəaliyyətə başlaya bilər. Yəni texniki baxımdan burada elə bir problem yoxdur. O cümlədən Naxçıvandan Türkiyəyə (İğdır) yol mövcuddur.

Başlıca olanı bu yolun açılmasına siyasi şəraiti təmin etmək, başqa sözlə, Qarabağ nizamlanmasındakı təməl problemi çözməkdir. Təbii ki, bundan sonra Qarabağdan Türkiyəyə də, Avropaya da yol görünəcək. Amma nə vaxt?

Vüqar Orxan, “525-ci qəzet”, 09.09.2009.

Xəbərlər
Redaktorun seçimi