“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.09.2009, 09:15
459

Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri Xəzəri müzakirə ediblər

A- A+

Aktau şəhərindəki dördtərəfli görüşə çağrılmayan İran buna etiraz edib...

Sentyabrın 11-də Qazaxıstanın Xəzər sahilindəki Aktau şəhərində Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedyev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü olub. Qeyri-formal görüş Qazaxıstan prezidentinin təşəbbüsü ilə keçirilib. 

Görüşdə açılış nitqi ilə çıxış edən N. Nazarbayev görüş təklifini qəbul etdikləri üçün dövlət başçılarına təşəkkür edib: “Bu gün biz Xəzər dənizi problemini müzakirə etmirik. Biz həmin mövzunu axırıncı dəfə Tehranda müzakirə etdik, növbəti görüşü Bakıda keçirmək qərara alındı. Ümid edirik ki, yaxın gələcəkdə biz hamımız, Tehran tərəfinin də iştirakı ilə, bir yerə toplaşacaq və hamımız üçün vacib olan bu məsələni müzakirə edəcəyik. Buna görə bu məsələ bizim bugünkü gündəlikdə yoxdur. Bu görüş qeyri-formal görüşdür. Biz burada ikitərəfli, çoxtərəfli məsələləri müzakirə edə və Xəzər sahilində vaxtımızı xoş keçirə bilərik”.


Sonra Rusiya prezidenti Dmitri Medvedyev çıxış edib. Sözügedən ölkələrin hamısının ikitərəfli layihələri olduğunu bildirən D. Medvedyev onları inkişaf etdirməyin zəruriliyini vurğulayıb: “Mən hesab edirəm ki, əlbəttə, Xəzər mövzusu bu məsələyə aidiyyəti olan bütün dövlətlərin iştirakı ilə müzakirə olunmasını tələb edir. Buna görə də təklif edilən ideya – burada müzakirələr aparmaq və sonra Tehran görüşünün qərarına əsasən Bakıda keçiriləcək sammitə hazırlaşmaq səmərəli ideyadır. Ancaq əsas məsələ o vaxta qədər bu və ya digər baza parametrləri barəsində razılığa gəlməkdir.

Bugünkü görüşün gündəliyinə gəldikdə, zənnimcə, həqiqətən kifayət qədər məsələ var. Bunlar həm ikitərəfli, həm də çoxtərəfli məsələlərdir. Qarşıda BMT Baş Məclisi kimi bir neçə iri beynəlxalq tədbir gözlənilir. Biz həmin tədbirdə bu və ya digər qisimdə iştirak edəcəyik. Baş Məclisdən sonra dünyanın ən iri iqtisadiyyata malik olan 20 ölkəsinin liderlərinin görüşü keçiriləcək. Bu məsələyə dair Rusiyanın mövqeyi, bizim nə təklif etməyə hazırlaşmağımız, hansı mərhələdə olmağımız barədə sizə yoldaşcasına məlumat vermək istərdim. Görünür, iqtisadiyyatlar gərgin vəziyyətdən çıxmağa başlayır.

Lakin arxayınlaşmaq hələ tezdir və çox vacibdir ki, dünya birliyi, ən iri iqtisadiyyatlar beynəlxalq maliyyə sistemində islahatlar və onun yenidən qurulması istiqamətində növbəti addımlar atsınlar. Mən hiss edirəm ki, bu gün heç də hamı buna çalışmır. Bəziləri istəyir ki, bütün bu vəziyyəti olduğu kimi donduraq və deyək ki, hər şey yaxşı idi. Deməli, heç kəsin heç bir təqsiri yoxdur və gələcəkdə daha yaxşı olacaq. Əslində isə belə deyil.

Beynəlxalq maliyyə sisteminin əsaslı şəkildə yenidən qurulmasına hamımızın ehtiyacı var və dünya maliyyə böhranının təsirini ölkələrimiz öz üzərlərində hiss edirlər. Hamımızın çətinlikləri var. Buna görə də mən məsələyə öz yanaşmalarımızı sizinlə müzakirə etmək və ola bilsin ki, müəyyən ümumi mandata malik olub, iyirmilərin görüşündə bu mövqeyi müdafiə etmək istərdim. Əlbəttə, başqa məsələləri də imkan daxilində müzakirə etmək lazımdır”.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov isə çıxışında Xəzər dənizi məsələlərini beştərəfli formatda, İranın iştirakı ilə nəzərdən keçirməyin daha düzgün olduğuna diqqət çəkib: “Burada o da düzgün qeyd edildi ki, bizim aramızda həm dövlətdaxili, həm də regional xarakterli çoxlu məsələlər yığılıb qalıb. Fikrimcə, bizim görüşümüz prinsip etibarilə əməkdaşlıq məsələlərində çox yaxşı nəticələr verəcək”.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev çıxış edib: “Biz müxtəlif tədbirlərdə, o cümlədən MDB-nin formal və qeyri-formal sammitlərində tez-tez görüşürük. Buna görə bizim ünsiyyətimiz təbii prosesdir və bugünkü görüş də qarşılıqlı maraq doğuran məsələlərə dair, qeyri-formal şəraitdə, gündəliyi təsdiq edilməmiş, istər çoxtərəfli, istərsə də, ikitərəfli formatda, sadəcə, fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaradacaq. Ölkələrimiz arasında çox yaxşı münasibətlər var.

Biz Xəzəryanı dövlətlərin Tehranda keçirilmiş axırıncı sammitində qərara alındığı kimi, növbəti sammiti Bakıda keçirməyə hazırlaşırıq. Fəal iş gedir, ekspertlər işləyir. Əlbəttə, istərdik ki, Bakıda keçiriləcək sammitə konkret qərarlarla gedək, elə edək ki, bu sammit də Tehran sammiti kimi irəliyə doğru böyük bir addım olsun. Tehran sammitinin qərarları çox vacibdir və əminəm ki, həmin qərarların həyata keçirilməsi nəticəsində Xəzər dənizinin delimitasiyası məsələləri dostluq, mehriban qonşuluq zəminində uğurla həll ediləcək. Bu gün ölkələrimiz arasında başqa sahələrdə də mövcud olan məsələləri müzakirə etmək üçün yaxşı imkan yaranıb”.

Sentyabrın 11-də Qazaxıstana səfərini başa vuran Azərbaycan prezidenti axşam Bakıya qayıdıb.

AzərTAc.

 

İranın xarici işlər naziri Azərbaycan səfirinə rəsmi etiraz bildirib

İran MDB üzvü olan Xəzəryanı ölkələrin Aktauda keçirilən toplantısına rəsmi etiraz bildirib. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, İranın xarici işlər naziri Manuçöhr Mottəki Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın Tehrandakı səfirlərini nazirliyə çağıraraq, rəsmi etirazını çatdırıb, ölkəsinin iştirakı olmadan Xəzərin hüququ statusunun müzakirə edilməsinin düzgün addım olmadığını bildirib.

M. Mottəki Xəzəryanı ölkələrin xarici işlər nazirlərinə göndərdiyi məktubda da Xəzərin statusunun müəyyən olunmasına dair müzakirələrə bütün sahilyanı ölkələrin qatılmasının vacibliyini qeyd edib.

İranlı nazir tərəflərdən birinin və ya bir neçəsinin iştirakı olmadan məsələnin həllinin qeyri-mümkünlüyünü vurğulayıb, əksinə, bunun daha ciddi problemlərə səbəb ola biləcəyini söyləyib.

Qeyd edək ki, prezidentlərin sentyabrın 11-də keçirilmiş Aktau görüşü qeyri-rəsmi xarakter daşıyıb. Görüş iştirakçıları da İranın iştirakı olmadan Xəzərin statusuna dair məsələnin müzakirəsini düzgün saymayıb, digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbərlər
Redaktorun seçimi