“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.10.2009, 08:47
463

Protokolların təsdiqi Azərbaycan-Ermənistan münaqişəsinin həllinə bağlıdır

A- A+

Ərdoğan: “Bu problem həll edilsə, Türkiyə Böyük Millət Məclisində protokolları təsdiqləməsi də asanlaşacaq”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan oktyabrın 11-də Ədalət və İnkişaf Partiyasının mərkəzi icra orqanında çıxış edərək bildirib ki, Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollar Böyük Millət Məclisinə göndəriləcək: “Amma parlamentin bunları təsdiqləməsi üçün Azərbaycan-Ermənistan probleminin həlli əsas götürüləcək". 

Ərdoğan qyed edib ki, bu problem həll edilsə, Türkiyə Böyük Millət Məclisində protokolları təsdiqləməsi də asanlaşacaq: 

"İstədiyimiz odur ki, Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ və işğal altındakı digər Azərbaycan torpaqları problemi də eyni şəkildə həllini tapsın. Azərbaycanla Ermənistan arasındakı problemlər həll olunarsa, bizim ictimaiyyətimiz də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını daha çox mənimsəyəcək, parlamentimizin də protokolları ratifikasiya etməsi asanlaşacaq”.

Ərdoğan əlavə edib ki, Türkiyənin istəyi Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi, Cənubi Qafqazın qalıcı sülh, dostluq, sabitlik və rifahın hakim olduğu bir bölgəyə çevrilməsidir: “Mən Azərbaycan parlamentində ifadə etdiyim fikirləri yenə təkrarlayıram: Ermənistan işğal altındakı Azərbaycan torpaqlarından çəkilməsə, Türkiyə münasibətlərin normallaşdırılması məsələsində müsbət bir mövqe göstərə bilməz.

Biz bunu Minsk qrupunun üçlüyünə də söyləyirik. Mən bu məsələni hörmətli Obamaya, Medvedyevə də açıqladım və bu problemin həllinin sürətləndirilməsini rica etdim. Çünki bu Minsk qrupunun vəzifəsidir. Onlar bu prosesi sürətləndirsələr, inanıram ki, Türkiyə ilə Ermənistan arasındakı bu iki protokol da sürətlə qüvvəyə minəcək və nəticəyə nail olunacaq”.

Baş nazir protokolların imzalanmasının önəmli addım olduğunu deyib: “Xatırlayırsınızsa, mən hələ 2005-ci ildə yazdığım məktubda bu problemin həll edilməsini, Türkiyə və Ermənistan arasındakı əlaqələrin normallaşması üçün addımlar atılmasını təklif etmişdim. Biz bəzi mesajlar verdik, addımlar atdıq. Ermənistan vətəndaşlarının asan viza almalarını təmin etdik. Amma cavab almadıq”.

Ərdoğan bildirib ki, problemlər həll olunacağı təqdirdə bütün sahələrdə geniş əməkdaşlıq imkanları yaranacaq: “Biz hökumət olaraq belə bir yolun önünü açdıq. İndi istəyimiz odur ki, Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ problemi həll olunsun. Bu problem həll edilsə, xalqımız əlaqələrin normalaşmasını daha çox dəstəkləyəcək. TBMM-nin protokolları təsdiqləməsi də asanlaşacaq”.

Ərdoğan deyib ki, Ermənistan işğal altındakı torpaqları boşaltmadığı təqdirdə Türkiyənin normal bir tərzinin olması mümkün deyil.

 

Mövzuya dair:

Abdulla Gül: “Qafqazdakı problemlərin həllində ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin də üzərinə vəzifə düşür”

“Həmişə müəyyən çətinliklər olacaq. Amma niyyət və istəklər sağlam olunca, nəticə də əldə olunur. Nəticə isə Qafqazda iş birliyi mühitinin yaradılması, təhlükəsizliklə bağlı problemlərin aradan qaldırılmasıdır. Protokolların imzalanması da bu istiqamətdə görülən işlərdən biridir”. Bunu Türkiyə prezidenti Abdullah Gül ölkəsi ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsasını qoyan protokolların imzalanmasını şərh edərkən deyib.

Türkiyənin qonşuları ilə inam və sabitliyə əsaslanan bir əməkdaşlıq mühiti yaratmaq istədiyini deyən Gül Qafqazda böyük mənada sülh və sabitliyin təmin edilməsinə çalışdıqlarını söyləyib. Bu arzunu ifadə etmək üçün Türkiyənin "Qafqaz Əməkdaşlıq Platforma”sını da ortaya qoyduğunu xatırladıb.

Türkiyə prezidenti imzalanma mərasimində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin də iştirak etdiyini vurğulayıb və bildirib ki, Qafqazdakı problemlərin həlli istiqamətində Türkiyə, Azərbaycan və Ermənistandan savayı, bu ölkələrin də üzərinə mühüm vəzifə düşür.

Xəbərlər
Redaktorun seçimi