Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Moskvada keçirilə bilər
Qriqori Karasin: «Moskva sülh prosesinin irəli aparılması üçün mümkün olan bütün addımları atmağa hazırdır”
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində bizim rolumuz əsas prinsiplər üzrə qarşılıqlı qəbul oluna biləcək yollar tapmaqda münaqişə tərəflərinə kömək etməkdir. Lakin bu tərəflərə kənardan hansısa variantı diktə etmək yolu ilə həyata keçirilmir”. Bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “Ermənistan Respublikası” qəzetinə müsahibəsində söyləyib (APA).
Karasin ölkəsinin indiyədək Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə səslənmiş rəsmi mövqeyini bir daha təkrar edərək vurğulayıb ki, Rusiya münaqişənin həlli üçün məhz tərəflərin özlərininin məqbul saydığı istənilən həll variantını dəstəkləməyə hazırdır: «Lakin nizamlanmaya görə əsas məsuliyyət azərbaycanlıların və ermənilərin üzərinə düşür».
Nazir müavini xatırladıb ki, Rusiya Qarabağ üzrə sülh danışıqları prosesi başlayan vaxtdan bəri münaqişənin nizamlanmasında aktiv vasitəçilik edir. 1991-ci ilin sentyabrında imzalanan «Jeleznovodsk bəyannaməsi», habelə 1994-cü ilin 12 mayında qüvvəyə minən atəşkəs razılaşması («Bişkek protokolu») Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub.
«Hazırda Moskva bu funksiyanı ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ və Fransa ilə birlikdə həyata keçirir. Eyni zamanda bizim vasitəçilik səylərimiz Yerevan və Bakıdakı tərəfdaşlarımızla ikitərəfli əlaqələr yolu ilə reallaşır», - deyə Karasin əlavə edib.
Qeyd edək ki, 2008-ci il noyabrın 2-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya rəhbəri Dmitri Medvedevin iştirakı ilə imzaladıqları «Mayndorf bəyannaməsi» də Moskvanın vasitəçilik səylərinin nəticəsidir.
Rusiya XİN başçısının müavini son ilyarımda Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilən yeddi görüşün əksəriyyətinin Rusiyada (2 görüş Sankt-Peterburqda, 2 görüş Moskvada - V.O.) gerçəkləşdiyini vurğulayıb.
«2008-2009-cu illərdə Ermənistan və Azərbaycan prezidentləri arasında ümumilikdə yeddi, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin isə üçtərəfli formatda dörd görüşü keçirilib. Mövcud fikir ayrılıqlarına baxmayaraq tərəflər baza prinsiplərinin razılaşdırılması məsələsində əhəmiyyətli irəliləyişə nail olublar. Moskva bu prosesin daha da irəli aparılması üçün bütün mümkün addımları atmağa hazırdır», - deyə Karasin bildirib.
Karasin xatırladıb ki, oktyabrın 12-də Moskvada Ermənistan prezidenti Serj Sarkisyanla görüşən Dmitri Medvedev Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakını «ölkələrarası münasibətlərin mühüm meyarı adlandırıb”.
Yeri gəlmişkən, bu günlərdə (2 noyabr) Rusiya rəhbəri Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında da Qarabağ nizamlanması məsələsini müzakirə edib. Bu arada səslənən bəzi qənaətlərə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti Qarabağ danışıqları yenə Moskvada Rusiya rəhbərinin vasitəçiliyi ilə baş tuta bilər.
Rusiya XİN başçısının müavini erməni qəzetinə müsahibəsində Ermənistan-Türkiyə dialoqundan da danışıb. Onun sözlərinə Rusiya bu prosesi dəstəkləyir və onun regional sülh və təhlükəsizliyə xidmət edəcəyi qənaətindədir. Karasin Ermənistan-Türkiyə dialoqunun Azərbaycanda doğurduğu rezonansa da dolayısı ilə toxunub. «Ermənistan-Türkiyə razılaşmasının heç bir məqamı üçüncü tərəfə zərər kimi şərh oluna bilməz», - deyə Rusiya təmsilsiçi bildirib.
Diplomatın sözlərinə görə, Ermənistan-Türkiyə protokollarının imzalanması hər iki tərəfin mehriban qonşuluq münasibətləri yaratmaqda qərarlı olduğunu göstərir: “İndi tərəflər bu protokolları ratifikasiya etməli və onların həyata keçirilməsinə başlamalıdır”.
Karasin Rusiyanın iqtisadi layihələr, xüsusən də enerji və nəqliyyat sahələrində həyata keçiriləcək layihələrlə də Ermənistan-Türkiyə yaxınlaşmasını dəstəkləməyə hazır olduğunu bəyan edib: “Ermənistanla Türkiyə arasında münasibətlərin düzəlməsi Qafqazda gərginliyin azalmasına, sülh, təhlükəsizlik və sabitliyə kömək edəcək”.
Bu yerdə onu da qeyd etmək gərəkdir ki, nəticə etibarilə Ermənistan-Türkiyə dialoqunun inkişafı Qarabağ nizamlanması prosesindəki irəliləyişə bağlıdır. Qarabağ sülh prosesinin yaxın perspektivdə hara varacağını bu həftə sonu ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri qismən müəyyən etməlidir. Həmsədrlərin səfərinin nəticəsi olaraq Azərbaycan və Ermənistanın nizamlamaya dair yeni təkliflərə münasibəti, eləcə də prezidentlər səviyyəsində yeni görüşün mümkünlüyü bəlli olacaq.
Xatırladaq ki, Azərbaycan və Ermənistan rəhbərləri oktyabrın 8-də Kişinyovda keçirilən görüşdən sonra xarici işlər nazirlərinə həmsədrlərlə birgə növbəti görüşü hazırlamağı tapşırıblar. Öz növbəsində vasitəçilər tərəflərə «Madrid prinsiprləri» daha da təkmilləşdirmək üçün yeni təkliflər verəcəklərini bildiriblər.
Oktabrın 27-də isə Lüksemburqda Cənubi Qafqaz-AB sammiti çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Minsk Qrupu həmsədrləri Yuri Merzlyakov (Rusiya), Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) ilə ayrı-ayrılıqda görüşləri olub.
Rusiya həmsədr Merzlyakov «Minsk üçlüyü»nün regiona səfəri gedişində yenilənmiş «Madrid prinsipləri»nin tərəflərə təqdim ediləcəyini istisna etməyib. Lakin hələlik bu məsələnin açıq qaldığını deyib: «Yenilənmiş «Madrid prinsipləri» həmsədrlərin ötən ay Krakovdakı görüşdən sonra hazırlanıb, lakin yüksək səviyyəli yeni görüşlərdən sonra biz Madrid sənədində dəyişiklik etməyə məcbur oluruq. Buna görə də yenilənmiş sənədin tərəflərə nə zaman təqdim ediləcəyi hələlik məlum deyil».
Rusiyalı vasitəçi Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovdakı danışıqlarından sonra yenidən görüşmək istədiklərini bildirib.
Qeyd edək ki, həmsədrlər regiona səfərlərini noyabrın 5-də Azərbaycandan başlayacaqlar. Sonra onlar Ermənistan rəhbərliyi ilə danışıqlar aparmaq üçün Yerevana yola düşəcəklər. Vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünə hazırlıq məsələlərini müzakirə edəcəklər.
Fransalı həmsədr Bernar Fasye isə Ermənistan mediasına açıqlamasında regiona budəfəki səfər çərçivəsində Dağlıq Qarabağa gedib-getməyəcəklərini bəlli olmadığını deyib: «Biz Bakı və İrəvana getmək niyyətindəyik. Səfər çox qısa olduğundan Dağlıq Qarabağa gedib-getməyəcəyimizdən əmin deyiləm».
Vüqar Orxan, “525-ci qəzet”, 05.11.2009.
* * *
Mövzuya dair:
Azərbaycana səfəri başa vuran Minsk Qrupunun həmsədrləri Ermənistana yola düşüblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Bakıya səfəri başa çatıb.
Diplomatlar noyabrın 5-də günün ikinci yarısında Tiflisə yola düşüblər. Tiflisdən İrəvana gedəcək həmsədrlər sabah Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar (APA).
Qeyd edək ki, Y. Merzlyakov, B. Fasie və A.Kaspşik Azərbaycana noyabrın 5-i səhər gəliblər. Amerikalı vasitəçi R. Bradtke isə üç gün əvvəldən Bakıda olub.
Həmsədrlər Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçiriblər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.