“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.07.2009, 10:08
435

907-ci düzəlişin ləğvi presuduruna başlamaq üçün 100-120 konqresmenin dəstəyi lazımdır

A- A+

Konqresmen Bill Şuster: “907-ci düzəlişlə bağlı Konqres üzvləri arasında məlumatlandırma prosesinin davam etdirilməsi vacibdir”

Azadlığa Dəstək Aktına 907-ci düzəlişin (1992-ci ildə Konqresdəki erməni lobbisinin səyi ilə qəbul olunan və Azərbaycana humanitar yardımı qadağan edən sənəd. 2002-ci ildən qüvvəsi dayandırılsa da, rəsmən ləğv olunmayıb - red.) aradan qaldırılması səylərinin irəliləməsi üçün Konqresdə Azərbaycan üzrə işçi qrupu üzvlərinin sayı 100-120 nəfərə çatdırılmalıdır. Qrupun həmsədri konqresmen Bill Şuster belə fikirdədir. 

Pensilvaniyalı qanunverici işçi qrupunun fəaliyyəti barədə ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda təşkil etdiyi brifinqdə ətraflı məlumat vermişdir. O vurğulamışdır ki, 907-ci düzəlişlə bağlı Konqres üzvləri arasında məlumatlandırma prosesinin davam etdirilməsi vacibdir. Birləşmiş Ştatlarla ən çətin anlarda strateji tərəfdaşlıq edən Azərbaycan ilə enerji, təhlükəsizlik, sabitlik üzrə maraq birliyinin şahidi olan Konqres üzvləri 907-ci düzəlişin aradan qaldırılması barədə təşəbbüsə qoşulmağa daha çox meyil edəcəklər.

ABŞ paytaxtının nüfuzlu siyasi və biznes dairələrinin nümayəndələri qarşısında çıxış edən Bill Şuster Azərbaycanın strateji cəhətdən çox əlverişli mövqedə yerləşməsinin və təbii ehtiyatlarının qlobal təhlükəsizlikdə əhəmiyyətini xüsusi qeyd etmişdir. Konqresmen diqqətə çatdırmışdır ki, 2008-ci ilin yanvar ayında bir qrup həmkarı ilə Azərbaycana səfəri onun ölkəmiz haqqında təsəvvürünü tamamilə dəyişmişdir.

Şahidi olduğu sürətli inkişaf və islahatlarla yanaşı, Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşərək onun uzaqgörən siyasi baxışlarını özündən eşitmək cənab Şusteri əmin etmişdir ki, Azərbaycan yalnız enerji ölkəsi olmaqla kifayətlənmir. Neft gəlirləri hesabına iqtisadiyyatını şaxələndirir, elm, təhsil, mədəniyyət sahəsini və digər sahələri inkişaf etdirmək istiqamətində inamla irəliləyir.

Konqresmen Şuster bildirmişdir ki, ABŞ-Azərbaycan münasibətlərinin mühüm cəhətlərindən biri də demokratiya quruculuğudur. Bu isə, uzun və mürəkkəb prosesdir. B.Şuster demişdir: “Amerikalılar çox vaxt unudurlar ki, biz, bu gün əldə etdiyimizə 230 il ərzində nail olmuşuq. Mən həmkarlarımla söhbət edəndə, deyirəm ki, Azərbaycanda hər şey ideal deyildir. Lakin inanıram ki, Azərbaycan demokratiya quruculuğunu addımba-addım davam etdirəcəkdir”.

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevə sıx əmkdaşlığın inkişaf etidirlməsi səylərinə görə minnətdarlığını bildirən Konqresmen Şuster mübadilə proqramlarının zəruriliyinə də toxunmuşdur. O demişdir ki, hazırda təmsil etdiyi Pensilvaniya ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi proqramları və ticarət əlaqələrinin genişləndirilməsi üzrə iş aparılır.

AzərTAc, 29.07.2009.

Xəbərlər
Redaktorun seçimi