“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.09.2009, 09:25
15

Alla Puqaçova Bakıya vida konserti verib

A- A+

“Azərbaycan xalqı öz qonaqpərvərliyi və genişürəkliliyi ilə məni hər zaman təəccübləndirib”

SSRİ-nin və Rusiyanın xalq artisti Alla Puqaçova sentyabrın 3-də Bakıya gəlib. Heydər Əliyev adına Beynəlxalq hava limanında müğənnini Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri qarşılayıb. 

AzərTAc-ın məlumatına görə, hava limanında jurnalistlərin suallarını cavablandıran müğənni deyib: “Bakıda olmağımdam xoşbəxtəm. Qayğısız gəncliyimin ən şirin və sevincli anları Azərbaycanda keçib. Burda mənim çoxlu dostum olub. Demək istəmirəm ki, bu, mənim səhnədə sonuncu konsertimdir”.

Yaxın gələcəkdə özünü kinoda, teatrda sınayacağını söyləyən A.Puqaçova “radio Alla” kimi layihələr üzərində işlədiyini söyləyib.

A.Puqaçova sentyabrın 4-də Heydər Əliyev sarayında geniş konsert proqramı ilə çıxış edəcək. Müğənninin 60 illik yubileyinə həsr olunmuş “Apreldən-aprelə” adlı dünya turnesi çərçivəsində keçirilən tədbir yeni mövsümün ilk konserti olacaq.

Rusiya səhnəsinin primadonnası Bakıda olduğu müddətdə “Buta Palace”də də konsert verəcək.

 

APA Alla Puqaçovanın Azərbaycan jurnalistlərinə verdiyi qısa müsahibəni təqdim edir

- Alla xanım, bu dəfə hansı hisslərlə Bakıya gəlmisiniz?

- Hələ Sovetlər dövründə mənim gəncliyim, inkişaf dövrüm bu şəhərlə bağlı olub və bu bağlılıq hələ də davam edir. O zamanlar mən bura tez-tez gəlirdim. Düzdür, hər gəlişim konsertlə bağlı deyildi, çünki burada dostlarımın yanına gəlirdim. Hələ o zamandan bu çox qonaqpərvər şəhər, bu genişürəkli xalq məni hər zaman təəccübləndirirdi. Mən həmişə demişəm ki, Bakı ən beynəlmiləl şəhərdir. Çox şadam ki, illər ötüb, ancaq bu hiss məndə hələ də yaşayır.

- Bu gün şəhəri az da olsa gəzmək imkanı qazandınız. Bakıda aparılan yenidənqurma işlərini gördünüzmü?

- Bunu görməmək mümkündürmü? Şəhərdə aparılan tikinti işləri məni heyran edir. Bunun üçün prezidentinizə təşəkkür edirəm, görülmüş işləri alqışlayır və çox böyük hörmət edirəm. Sonuncu dəfə dörd il bundan öncə Bakıda olmuşam və bu şəhərdə yenidənqurma işlərinə başlanacağını hiss etmişdim. Ancaq beş il müddətində bu qədər dəyişiklik olacağına inanmırdım. Bu cür tikinti işlərinə çox yüksək qiymət vermək lazımdır. Xalqın məhəbbəti isə ən böyük qiymətdir, həm prezident üçün, həm də sənətçi üçün. Mən sizin insanlara görə çox şadam, çünki sizi yaxşı nümunə göstərirlər, siz gənclər də çox fəalsınız.

- Bu, Bakı səhnəsində son konsertinizdir. Bu konsertdə Bakı tamaşaçısından nələr gözləyirsiniz?

- Konsert öncəsi tamaşaçı qarşısında böyük məsuliyyət hiss edirəm və qorxuram ki, nədənsə onların ümidlərini doğrultmayım. Bu gün çıxış edəcəyim proqramı ilk öncə Moskvada “Kreml” Sarayında təqdim etmişəm. Proqramda heç bir dəyişiklik etmirəm, heç bir dəyişikliyə yer yoxdur. Bu konsertdə improvizə olmayacaq. Eyni mahnılar olsa da, hər ifamda mahnıları müxtəlif cür ifa edirəm. Mahnıları təkrar etməyi xoşlamıram. Mənim çıxışım kiçik bir tamaşa kimi olacaq, ancaq istisna hal ola bilər. Baxaq görək bu tamaşada sona kimi aktrisa kimi qalacağam, ya özümü qadın kimi göstərəcəyəm.

Tamaşaçılardan isə istəyim odur ki, Bakıda son konsertimdə ifa edəcəyim mahnıların hər birini ürəklərinə yazsınlar və ömürlük özlərində saxlasınlar. Bir daha vurğulamaq istərdim ki, bu, mənim Bakıda sonuncu çıxışımdır. Ancaq səfərimin son olacağını demirəm, çünki qonaq kimi qəbul etsəniz sevə-sevə yenə də şəhərinizə gələrəm.

- Bu zamana kimi Bakıda verdiyiniz konsertlərdən, Sizcə, ən yaddaqalanı hansı olub?

- Heydər Əliyevin iştirakı ilə keçirilən konsertlərim. Bəli, məhz onun iştirakı ilə keçirilən konsertlər ən yaddaqalan konsertlərim olub. O xəstə olanda da mənim konsertimə gəlirdi. O zalda olanda mən daha da ruhlandırdım və protokolu nəzərə almadan ona yaxınlaşıb onunla rəqs edirdim. Mən onu çox sevirdim, o çox gözəl insan idi...

 

Yenilənib

Sentyabrın 4-də Heydər Əliyev Sarayında SSRİ xalq artisti, Rusiya səhnəsinin primadonnası Alla Puqaçova 60 illik yubileyi ilə əlaqədar “Apreldən aprelə” adlı vida turnesi çərçivəsində son konsert proqramı ilə çıxış edib.

Konsertdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Konsertin sonuna yaxın Alla Puqaçovaya dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanın adından gül çələngləri təqdim olunub.

Müğənni göstərilən diqqətə görə təşəkkür edib: “Konsertimdə prezidentin öz ailəsi ilə birgə iştirakı mənə böyük qürur və şərəf verir. Mən bu səhnədə, sizlərin qarşısında konsert verməkdən çox məmnunam”.
 

 

 

Azərbaycan prezidenti İlham Əliyev Alla Puqoçovanı “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 4-də Rusiyalı sənətçi Alla Borisovna Puqaçovanın “Dostluq” ordeni ilə təltif olunması barədə sərəncam imzalayıb.

Alla Puqaçova bu yüksək ordenə Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, prezident bu ordeni Alla Puqaçovaya dünən keçirilən konsertdən sonra şəxsən təqdim edib.

Xəbərlər
Redaktorun seçimi