“Heç bir qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz”
“Biz rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə mövqeyimizi müdafiə edirik”
“Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin. Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki, bütün bu gözəl mənzərəni tamamlayacaq və bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident vurğulayıb ki, Azərbaycanın fəal əməkdaşlıq etdiyi ölkələrin sayı gündən-günə artmaqdadır: “Əlbəttə ki, keçən il ilk növbədə, qonşu ölkələrlə bizim ikitərəfli formatda çox sıx təmaslarımız olmuşdur. Dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil edilmişdir. Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülmüşdür. Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir. Bu layihələrin icrası, əlbəttə ki, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividendlər gətirir.
Biz keçən il beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etmişik. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini verir. Keçən il biz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişik. Bu, çox uğurlu sədrlik dövrü idi. Bu dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına Azərbaycan çox böyük və dəyərli töhfələr vermişdir. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi”.
“Heç bir ölkə qarşısında heç bir öhdəliyimiz yoxdur və ola da bilməz”
Prezident qeyd edib ki, ölkəmiz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında əlbəttə ki, bizim heç bir öhdəliyimiz ola bilməz: “Təbii ki, ikitərəfli formatda heç bir ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir. O təşkilat ki, 2011-ci ildə Azərbaycanı bu təşkilatın ən üst qurumuna seçmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstəricidir”.
Prezident əlavə edib ki, beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir: “Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir. Biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə öz mövqeyimizi müdafiə edirik. Biz ikili standartlardan uzağıq və hesab edirik ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir. İkili standartlar o standartları tətbiq etmək istəyənlərin əleyhinə də işləyir. Biz bunu indi tarixdən və dünyada gedən proseslərdən görürük. Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək - bu, heç kimə xeyir gətirmir. Bu, ölkələri qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr demək olar ki, bir-biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verə bilər. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanır. Biz bu mövqeyi uğurla müdafiə edirik və edəcəyik”.
“Torpaqlarımızın işğal altında qalması sadəcə Ermənistanın işi deyil”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev təəssüflə qeyd edib ki, 2014-cü ildə də bu istiqamətdə heç bir irəliləyiş olmayıb: “Keçən il də Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçmişdir. Hesab edirəm, bu, artıq nə bizim üçün, nə də vasitəçilər üçün sirr deyil ki, Ermənistan sülh istəmir. Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə demişlər ki, status-kvo qəbuledilməzdir. Ancaq bu, sözlərdən başqa bir şey deyil. Əgər status-kvo qəbuledilməzdirsə, - bu, əlbəttə ki, qəbuledilməzdir, - onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Yoxsa bu da riyakarlığın bir növüdür. Bir bəyanat verilir, onun arxasında iş görülmür. Necə ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Heç biri 20 ildən çoxdur ki, icra edilmir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın Şərqdə gördüyümüz mənzərə bax, bu mövqeyi, bu yanaşmanı daha da gücləndirir. Proseslərdən belə nəticə çıxır. Ona görə, buna da aydınlıq gətirilməlidir ki, biz nə vaxta qədər bu ikili standartlarla üzləşəcəyik?!
Azərbaycan isə bu məsələdə də prinsipial mövqedədir. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim mövqeyimizi gücləndirən ordumuzdur. Bizim ordumuz keçən il öz qüdrətini, nəyə qadir olduğunu göstərdi. Düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə bu məsələ öz həllini danışıqlar yolu ilə tapsa, əlbəttə ki, daha yaxşı olar. Hesab edirəm ki, bu bir neçə amilin mövcudluğu bizim mövqeyimizi daha da möhkəmləndirir”.
dövlət başçısı ötən il Ermənistan tərəfin cəbhə xəttində təxribat cəhdlərinə Azərbaycan ordusunun layiqli cavab verdiyini diqqətə çatdırıb: “İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar. Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Bax, bu suallar ritorik suallardır. Biz bilirik nə üçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik. Dövlət məmurları, ictimai xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləri bu sualları verməlidirlər. Qoy, bu suallara, ikili standartlar siyasətinə, ermənipərəst siyasətinə görə cavab versinlər. Yoxsa bu qədər riyakarlığa artıq dözmək çətindir. Hesab edirəm ki, artıq burada diplomatik dillə danışmağa da heç ehtiyac yoxdur. Bir daha demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik.
2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıbdır. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək.
2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik”.