“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.10.2020, 10:00
603

“Qarabağ – mədəniyyətimizin beşiyi”

A- A+

İşğal altındakı torpaqlarda qalmış tarixi abidələrimiz, dağıdılan, talan edilən mədəniyyət ocaqları, memarlıq nümunəsi olan tikililər...

Mədəniyyət Nazirliyi tərəfindən internet məkanda “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində işğal altındakı torpaqlarda qalmış tarixi abidələrimiz, dağıdılan, talan edilən mədəniyyət ocaqları, memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda ermənilər tərəfindən saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlər sosial şəbəkə səhifələrində, eləcə də müxtəlif sayt və elektron resurslarda yayılır.

Bu silsilədən bir neçə materialı təqdim edirik.

Bülbülün Şuşadakı ev-muzeyi

 

1983-cü ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Şuşada anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə onun ev-muzeyinin təntənəli açılışı olmuşdu.

Muzeydə sənətkarın şəxsi əşyaları, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər və sənədlər nümayiş etdirilirdi.

1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra muzeyin bütün eksponatları düşmən tərəfindən məhv və qarət edilmişdi.

 

Hacıquluların malikanəsi (Şuşa)

 

Hacıquluların malikanəsi Şuşa şəhərinin mərkəzi hissəsində yerləşir. Üçmərtəbəli bina həm eksteryer, həm də interyerində bütün təmtəraqlı malikanələr kimi milli memarlıq üslubunu özündə əks etdirir. Malikanənin təməli 1849-cu ildə tacir Qulu Məhəmmədəli oğlu tərəfindən qoyulub.

Şuşa şəhərinin 1992-ci ildə  Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Hacıquluların malikanəsi top atəşinə tutularaq divarları dağıdılmışdı. Hazırda malikanənin yalnız xarici divarlardan ibarət xarabalığı qalıb.

 

Azıx mağarası (Xocavənd rayonu)

 

Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağara düşərgəsi Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.

Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə tanınmış arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azərbaycan SSR Elmlər Akademiyasının ekspedisiyası tərəfindən aşkar olunmuşdu. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə üzə çıxmışdı.

Burada aşkar olunan qədim insana məxsus alt çənə sümüyünün 350-400 min il yaşı var. Azıx mağarasında çənə sümüyündən başqa qədim insanlara məxsus müxtəlif alətlər və ocaq izləri də aşkar olunmuşdu.

Ərazi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra mağarada dəfələrlə qanunsuz arxeoloji qazıntı işləri aparılıb. Son dövrlər Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən silah anbarı kimi də istifadə olunub.

 

Məmmədbəyli türbəsi (Zəngilan rayonu)

 

Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən və səkkizguşəli prizmadan ibarət olan türbə Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə 1305-ci ildə inşa edilib.

Binanın memarı və bənnası XIV əsrdə İpək Yolu üzərindəki bir sıra tikililər yaratmış Əli Məcdəddindir.

Zəngilan rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra türbənin hansı vəziyyətdə olduğu məlum deyil.

 

Qarğabazar karvansarası  (Füzuli rayonu)

 

1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndində tikilən karvansara kəndin adına uyğun olaraq adlandırılsa da, bu tarixi abidəyə bəzən “Şah Abbas karvansarası” da deyirlər.

Karvansara ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşirdi. Tikili Azərbaycan Respublikasının daşınmaz tarixi abidələrindən hesab edilir.

Qarğabazar kəndi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra bu tarixi-memarlıq abidəsi də talan edilib. İşğalçılar tikilini mal tövləsinə çevirmişlər.

 

Məlik Əjdər türbəsi (Laçın rayonu)

 

Ermənistan tərəfindən işğal olunan Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olanı, pir kimi ziyarət edilən, yerli əhalinin Məlik Əjdər türbəsi kimi tanıdığı qəbirüstü abidədir. XIV əsrdə tikilən türbənin üzərində olan kitabə ərəb dilindədir. Həmin kitabə aşınmaya məruz qaldığı üçün tam olaraq oxunması mümkün olmayıb.

 

Xəbərlər
Redaktorun seçimi