“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.11.2010, 18:38
363

Azərbaycanın xalça sənəti dünya mədəni irs siyahısına daxil edilib

A- A+

UNESCO-nun xüsusi komitəsi 29 ölkədən 47 mədəni irs nümunəsini qeydə alıb...

Noyabrın 15-19-da Keniyanın paytaxtı Nayrobidə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyası keçirilib.  

Sessiyada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Sessiyada UNESCO-ya üzv olan ölkələr tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmək üçün təqdim olunmuş namizədlik faylları müzakirə edilib.

Məlum olduğu kimi, Azərbaycan xalçası da UNESCO-nun bu mötəbər siyahısına daxil edilmək üçün təqdim olunmuşdu. Azərbaycan tərəfi bu yöndə xeyli müddət idi ki, təşkilat çərçivəsində müvafiq iş aparırdı. Nayrobidə keçirilən sessiyada Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Xatırladaq ki, bundan öncə Azərbaycan muğamı, Azərbaycan Aşıq sənəti və Novruz bayramı bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilib. Bu gün isə biz Azərbaycan xalça sənətini dünyanın qeyri-maddi mədəni irsinin inciləri sırasında görürük. Bu hadisə xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri kimi beynəlxalq səviyyədə təsdiqidir.

Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasının gündəliyinə ümumilikdə 29 ölkədən 47 qeyri-maddi mədəni irs nümunəsi təqdim edilmişdi. Müzakirələr nəticəsində bu təqdimatların hamısı qəbul edilib. Türkiyənin qədim Kırkpınar güləş festivalı və Bektaşi Səmavi ayini də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Mövlana Cəlaləddin Ruminin əsasını qoyduğu və XIII əsrdən etibarən Konya şəhərində nümayiş etdirilən Səmavi rəqsləri və Ədirnədə hər il keçirilən güləş festivalı bütün dünyada məşhurdur.

Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilən mədəni irs nümunələri sırasında Belçikanın Alosta karnavalı, ispan flamenqo rəqsi, Pekin operası, Kaşanda (İran) xalça toxuma üzrə ənənəvi vərdişlər, Çində ağacdan hazırlanmış yığma şrifti ilə mətbəə, Xorvatiyada orkanye nəğmələri və s. də var.

Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında bədnam qonşularımızın dünyaya erməni mədəni irs nümunəsi kimi təqdim etdikləri, gerçəkdə isə qədim alban sənətkarlıq mədəniyyətinə aid olan və zaman-zaman ermənilər tərəfindən özününküləşdirilən xaçkar (xaçdaş) - daş oyma sənəti də bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Ümumilikdə UNESCO-nun Nayrobidəki toplantısında qəbul edilən qərarlardan sonra bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısında müxtəlif ölkə və xalqların mədəni irsinə aid nümunələrin sayı 213-ə çatıb.

Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyaya uyğun olaraq, qədim dillər, xalq ənənələri, müxtəlif ayinlər, sənətkarlıq və şifahi xalq yaradıcılığı bu irsə aid edilib.

Xəbərlər
Redaktorun seçimi