“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.04.2010, 19:35
425

İlham Əliyev Azərbaycanın mövqeyini bir daha nəzərə çatdırdı

A- A+

"Qarabağ münaqişəsi çözülməyincə regionda hərtərəfli əməkdaşlıq mümkün deyil”

Prezident İlham Əliyev aprelin 16-da Bakıda keçirilən “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarını qəbul edib.

AzərTAc-ın yaydığı məlumata görə, qonaqları salamlayan prezident İlham Əliyev Avropa Parlamentinin üzvlərinin bu səfəri çərçivəsində aparılan danışıqların, keçirilən görüşlərin Azərbaycan ilə Avropa təsisatları arasında əlaqələrin daha da yaxınlaşmasına töhfə verəcəyinə əminliyini vurğulayıb. Azərbaycanın Avropa institutları ilə müxtəlif sahələrdə uzun müddətdir yaxından əməkdaşlıq etdiyini söyləyən dövlət başçısı ölkəmizin Avropa Şurası ilə əlaqələrindən də danışıb.

Ölkəmizdə gedən inkişaf proseslərinə toxunan Prezident İlham Əliyev iqtisadiyyatın bütün sahələrində sürətli artıma nail olunduğunu, respublikada qlobal layihələrin həyata keçirildiyini, dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycanda inkişafın davamlılığını vurğulayıb: “Azərbaycandakı müasirləşmə, infrastrukturun inkişaf etdirilməsi və sərmayə imkanları bizə artıq güclü və şaxələndirilmiş iqtisadiyyatı qurmaq imkanını yaradıb. Biz beynəlxalq maliyyə böhranının ən az təsir göstərdiyi ölkə olduq. Ötən il iqtisadiyyatımız 9 faizdən çox artıb. İnflyasiya yalnız 1,5 faiz olub. Biz özümüzü təmin edən ölkəyik və əlbəttə ki, iqtisadiyyatımızı gücləndirən bir çox layihələri həyata keçiririk”.

Ölkənin iqtisadi potensialının dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirən dövlət başçısı Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətədavamlılıq reytinqinə görə MDB məkanında birinci, dünyada isə 51-ci yerə layiq gördüyünü söyləyib.

Prezident İlham Əliyev həmçinin Azərbaycanın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” siyasətinə töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycanın dünyəvi ölkə olduğunu deyən dövlət başçısı burada bir çox millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını söyləyib. Prezident İlham Əliyev güclü siyasi sistemə malik olan Azərbaycanın sabit və sərmayələrin yatırılması üçün əlverişli ölkə olduğunu diqqətə çatdırıb.

Azərbaycanın uğurlu enerji siyasəti haqqında danışan Prezident İlham Əliyev bildirib ki, BMT-nin Azərbaycanın Neft Fondunu fəaliyyətindəki şəffaflığa görə mükafatla təltif etməsi bu sahədə nailiyyətlərin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

Dövlət başçısı Dağlıq Qarabağ probleminə toxunaraq, qonaqlara münaqişə nəticəsində yaranan vəziyyət barədə ətraflı məlumat verib:

“Ərazilərimizin demək olar ki, 20 faizi işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon erməni işğalı altındadır. Həmin yerlərdə yaşamış bütün azərbaycanlılar oradan qovulublar. Bu, etnik təmizləmə siyasəti idi. Ermənilər azərbaycanlılara qarşı müharibə cinayətləri törədiblər. Ermənilər 1992-ci ildə Xocalıda 600-dən artıq mülki şəxsi qətlə yetirərək, orada soyqırımı törədiblər. Azərbaycanlılara, o cümlədən uşaq və qadınlara işgəncə veriblər. Bütün bunlar sənədləşdirilib və bu, XX əsrin sonunda törədilmiş ən böyük cinayətlərdən biridir. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edilməsi faktına baxmayaraq, işğal bu gün də davam edir”.

Azərbaycan prezidenti münaqişənin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə nizamlanması istiqamətində son zamanlar aparılan danışıqlar barədə də görüş iştirakçılarına məlumat verib. O qeyd edib ki, bu münaqişəyə son qoyulmayana qədər regionda hərtərəfli əməkdaşlıq mümkün deyil.

ATƏT Parlament Assambleyasının nümayəndə heyəti adından çıxış edən qurumun vitse-prezidenti Volfqanq Qrosruk Azərbaycanda bir neçə dəfə olduğunu bildirib və hər səfərində ölkəmizdə böyük tərəqqinin və inkişafın şahidi olduğunu qeyd edib. O, Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq bu toplantının qurum ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə olacağına əminliyini ifadə edib.

Avropa Parlamentinin üzvü, regional inkişaf komitəsinin vitse-sədri, xarici əlaqələr komitəsinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi, “Avronest” nümayəndə heyətinin üzvü Yevgeni Kirilov bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır. Qonaq Azərbaycanda toplanmış seçki təcrübəsi barədə də fikirlərini söyləyib.

Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, iqtisadi məsələlər və inkişaf üzrə komitənin prezidenti, AŞPA-da Belçika nümayəndə heyətinin rəhbəri Pol Ville əminliklə vurğulayıb ki, Azərbaycan seçiciləri növbəti parlament seçkilərində də öz fəallığı ilə seçiləcəklər.

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini bir daha qeyd edərək bildirib ki, bu görüş Azərbaycanın Avropa institutları ilə əlaqələrini daha da genişləndirəcək. Dövlət başçısı Azərbaycanda növbəti seçkilərin də tam azad, şəffaf, demokratik şəraitdə keçirilməsinə hökumətin hər cür şərait yaradacağını vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa qurumları arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına toxunan dövlət başçısı bu tərəfdaşlığın Azərbaycanın Avropa ailəsinə daha da yaxınlaşması baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev ölkəmizin Avropa qurumları ilə qarşılıqlı və məqbul olan uzunmüddətli əməkdaşlığa hazır olduğunu bildirib.

 

Xəbərlər
Redaktorun seçimi