“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.09.2012, 15:44
471

Bir pəncərədən xidmət: rahat və ASAN

A- A+

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması idarəçilikdə yeni mərhələdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnamə”si, Agentliyin strukturu, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları” təsdiqlənib və Dövlət Agentliyinin işçilərinin say həddi 120 ştat vahidi müəyyən edilib.

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlərin həyata keçirilməsi təmin ediləcək:

- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı:
- doğumun qeydə alınması;
- ölümün qeydə alınması;
- nikahın qeydə alınması;
- nikahın pozulmasının qeydə alınması;
- övladlığa götürmənin qeydə alınması;
- atalığın müəyyən edilməsinin qeydə alınması;
- adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
- notariat fəaliyyəti;
- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- məhkumluq barədə arayışların verilməsi;
- daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:
- yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
- daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
- gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
- Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi;
- torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- əmək pensiyalarının təyin edilməsi;
- dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.

Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna və Milli Arxiv İdarəsinə tapşırılıb ki, yuxarıda qeyd edilən xidmətlərin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər, mərkəzlərdə xidmət göstərəcək əməkdaşlarının təyinatı zamanı onların nəzakətli, məsuliyyətli, peşəkar olmaları, ünsiyyət qurmaq və izah etmək bacarıqları nəzərə alınsın.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində xidmət göstərəcək dövlət orqanlarının informasiya sistemləri arasında əlaqələndirməni təmin etmək məqsədi ilə həmin mərkəzləri rabitə kanalları ilə təmin etməlidirlər.

Maliyyə Nazirliyi tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə maliyyə vəsaitinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılır ki, Fərmanın icrasına nəzarəti həyata keçirsin, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizinin həmin mərkəzlərin saxlanılması, mərkəzlərdə fəaliyyət göstərən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə ayrılması barədə müvafiq təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Nazirlər Kabineti icra hakimiyyəti orqanları tərəfindən “ASAN xidmət” mərkəzlərində xidmət göstərilməsi üçün həmin orqanlara əlavə ştat vahidlərinin ayrılması barədə təkliflərini bir ay müddətində, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların “ASAN xidmət” mərkəzlərində quraşdırılacaq xüsusi terminallar vasitəsilə real vaxt rejimində əldə edilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edərək bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. O cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

* * *

Mövzuya dair şərh:

İdarəçilik sistemində yeni mərhələ  

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi

 

- Azərbaycan Respublikasının Prezidenti 2012-ci il sentyabrın 6-da “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin fəaliyyətinin təmin edilməsi ilə bağlı Fərman imzalamışdır. Yeni yaradılmış qurumun fəaliyyətini necə görürsünüz?

- Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsas ideyası vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə göstərilməsindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ideyanın təcrübədə tətbiqini təmin etmək və dövlət qurumları tərəfindən göstərilən xidmətləri vətəndaşlara daha yaxın etmək məqsədi ilə bu Fərmanı imzalamışdır.

Dövlət Agentliyinin yaradılmasını mühüm islahat hesab etmək olar. Bu dövlət idarəçiliyində yeni mərhələdir və yüksək peşə vərdişlərinə yiyələnmiş, etik davranış qaydalarına dönmədən riayət edən gənc nəsil dövlət qulluqçularının yetişməsinə təkan verəcəkdir. Qurumun fəaliyyətə başlaması insanların həyatına müəyyən dəyişikliklər gətirəcək, onların müsbət gözləntilərini cavablandıracaq və cəmiyyətdə vətəndaş məmnunluğu yaradacaqdır. Əhaliyə dövlət orqanları tərəfindən göstərilən bir sıra xidmətlər daha operativ və keyfiyyətli olacaq, onların ehtiyacları yüksək səviyyədə təmin ediləcəkdir. Bununla dövlət orqanlarına etimad da artacaqdır. Qurumun fəaliyyəti ümumi olaraq bu sahədə aparılan institusional islahatların səmərəliliyini yüksəldəcəkdir.

- Siz “ASAN-Xidmət” mərkəzlərini qeyd etdiniz, bu mərkəzlərin fəaliyyəti və rolu nədən ibarət olacaqdır?

-“ASAN-Xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edəcəkdir. Bu, vətəndaşların vaxt itkisini azaldacaqdır. Belə ki, vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı şöbəyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənir və həmin şöbənin pəncərəsində elektron növbə əsasında gözləyir. Daha sonra növbəsi çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi müəyyən olunmuş müddətlərdə götürə bilər.

Mərkəzlərdə vətəndaşların məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə elektron lövhələr və işarələr yerləşdiriləcək və xidmətlər qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçiriləcəkdir. Mərkəzlər, həmçinin təqvimin bütün günlərində vətəndaşlara fasiləsiz açıq olacaqdır. Mərkəzlərdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə mərkəzi, internet-kafe, bank, poçt şöbələri və s. olacaqdır. Mərkəzlərdə şəffaflığın təmin edilməsi üçün və əməkdaşların fəaliyyəti üzrə qiymətləndirmənin aparılması məqsədi ilə bütün zəruri tədbirlər görüləcəkdir.

- “ASAN-Xidmət” mərkəzlərində hansı xidmətlər göstəriləcəkdir?

- Fərmana əsasən “ASAN-Xidmət” mərkəzlərində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, mənzillərin dövlət qeydiyyatı ilə bağlı təkrar çıxarışların və əhali arasında daha çox “forma 1” kimi tanınan əmlakın yüklülüyü barədə arayışların, o cümlədən torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi kimi xidmətlər daxildir. Buraya, həmçinin gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu, Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə sənədlərinin verilməsi aiddir. Mərkəzlər, həmçinin dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya təminatını həyata keçirəcəkdir.

Qeyd edilən xidmətlər vətəndaşın birbaşa müraciəti əsasında, özünəxidmət və çağırış xidməti formasında göstəriləcəkdir. Gələcəkdə isə səyyar xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur. Səyyar xidmətlər vasitəsilə vətəndaşların qanunla müəyyən edilmiş məbləğdə əlavə haqq ödəməklə öz iş və ya yaşayış yerini tərk etmədən xidmətlərdən yararlanması mümkün olacaqdır. Onu da vurğulamaq istərdim ki, əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün səyyar xidmətlər pulsuz olacaqdır.

- “ASAN-Xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi qaydalarının layihəsi hazırlanarkən digər ölkələrin də təcrübəsi nəzərə alınıbmı?

-Əlbəttə, bizim üçün yeni olan belə bir sosial innovasiyanın həyata keçirilməsi zamanı ən yaxşı beynəlxalq təcrübələr öyrənilmiş, qaydalar isə elə tərtib edilmişdir ki, vətəndaşlara göstərilən xidmətlər bütün cəhətlərdən asan olsun. Bu prosesdə Böyük Britaniya, Almaniya, Kanada, Rusiya, Avstraliya və sair ölkələrin təcrübəsi nəzərdən keçirilmişdir. Bizim həyata keçirməyə hazırlaşdığımız “ASAN-Xidmət” konsepsiyası isə daha miqyaslı və əhatəlidir, çünki daha çox dövlət qurumunun xidmətlərini özündə birləşdirəcəkdir. Təbii ki, tədricən Mərkəzlərin fəaliyyəti genişlənəcək və inanıram ki, bu innovasiya özünü səmərəli təcrübə kimi doğruldacaqdır.

AzərTAc

Xəbərlər
Redaktorun seçimi